İttifaq Mirzəbəyli.

 

Naxçıvanda görkəmli bəstəkara həsr edilmiş silsilə tədbirlər

 

Azərbaycan tarixində mühüm yer tutan Bakıxanovlar nəsli artıq üçüncü əsrdir ki, özünün görkəmli nümayəndələri ilə milli-mənəvi xəzinəmizi zənginləşdirir. Təkcə 19-cu əsrdə Bakıxanov soyadlı 17 hərbçi yetişmişdir ki, onların da 4-ü general rütbəsinə qədər yüksəlmişdir. Biz hələ Şərq tarixində danılmaz yeri olan Abbasqulu Ağa Bakıxanovu demirik. Ancaq bu nəsil təkcə hərbçiləri, alimləri və böyük təfəkkiir sahibləri ilə deyil, eyni zamanda misilsiz mədəniyyət xadimləri ilə də məşhurdur.

Bütün bunlar barədə Respublikanın xalq artisti, professor, "Şöhrət" ordenli bəstəkar Tofıq Bakıxanovun 75 illiyi münasibəti ilə Naxçıvan Muxtar Respublikasında keçirilmiş silsilə tədbirlərdə söz açılmışdır.

Muxtar Respublika Ali Məclisinin təşəbbüsü ilə həyata keçirilən həmin tədbirlərin zirvəsi Naxçıvan şəhərindəki "Gənclik mərkəzi"ndə olmuşdur. Tədbirdə qeyd edilmişdir ki, görkəmli sənətkar, xalq artisti, ölkədə ilk xalq çalğı alətləri ansamblını yaratmış tarzən Əhməd Bakıxanovun ailəsində dünyaya gəlmiş Tofiqə musiqi dünyasına gedən yolun açarını hələ 15 yaşında ikən dahi bəstəkar Üzeyir Hacıbəyov vermişdir. O zaman skripka ifaçısı kimi Üzeyir bəyin diqqətini çəkən Tofiq Bakıxanov ustad sənətkardan aldığı xeyir-dua ilə böyük yol keçmiş, bu gün əsərləri dünyanın 50-dən çox ölkəsində səslənən görkəmli sənətkara çevrilmişdir.

"Gənclik mərkəzi"ndə keçirilən tədbirdə Ali Məclisin sədri Vasif Talıbov görkəmli sənətkar barədə demişdir: "Tofiq Bakıxanov musiqinin bütün janrlarında yazıb-yaratmışdır. Üç balet, üç musiqili komediya, tar və simfonik orkestr üçün 5 konsert, müxtəlif Avropa alətləri və simfonik orkestr üçün 23 konsert, 20 sonata, 5 simfonik muğam, 7 simfoniya, 5 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, 100-dən artıq mahnı və romans deyilənlərə sübutdur... Tofiq Bakıxanov yarım əsrdən çoxdur ki, pedaqoq kimi də fəaliyyət göstərir, yaradıcı gənclərin formalaşmasında öz əməyini əsirgəmir. Bakı Musiqi Akademiyasında və Bakı Musiqi Kollecində kamera ansamblı kafedrasının professoru olan Tofiq müəllimin əsərləri ali və orta ixtisas musiqi məktəblərinin tədris proqramlarının formalaşmasında özünə layiqli yer tutur". Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Ramiz Zöhrabov və ittifaqın məsul katibi, sənətşünaslıq namizədi Lalə Hüseynova çıxış edərək Tofiq Bakıxanovun çoxşaxəli fəaliyyəti və yaradıcılığının ayn-ayrı sahələri barədə əhatəli söhbət açmışlar. Sonra görkəmli bəstəkarın 75 illiyi münasibətilə konsert olmuşdur.

İlk səslənən musiqi nömrəsi bəstəkarın ümummilli liderimiz Heydər Əliyevə həsr etdiyi "Sən həmişə bizimləsən" simfonik poeması olmuşdur. Respublikanın xalq artisti Ramiz Quliyev (tar), Arzu Səfərova (royal), Nuriyyə Hüseynova (qədim musiqi alətləri), əməkdar artist Zakir Mirzəyev (qarmon), Toğrul Əsədullayev (kamança), Sahib Paşazadə (tar) və Cavid Hüseynlinin (vokal) ifasında bəstəkarın əsərləri səsləndirilmişdir.

Muxtar respublikada çıxan "Şərq qapısı" qəzeti həm tədbirlərdən əvvəl, həm də sonra görkəmli bəstəkarın yaradıcılığı barədə əhatəli söhbət açmışdır.

 

Xalq qəzeti.- 2006.- 1 iyun.- S. 7.