Seymur Qasımov

 

Heykəllərə hörmətsizlik

Onların üzərində hələ də kiril əlifbası ilə yazılmış sözlər qalmaqdadır

 

1993-cü ildən latın qrafikasına keçməyimizə baxmayaraq bəzi obyektlərin üzərində köhnə - kiril əlifbası ilə yazılan mətnlər qalmaqdadır. Özü düz Bakının mərkəzində. Bu, daha çox abidələrin, idarə təşkilatların binalarının üzərindəki lövhələrdə özünü göstərir. Ümumiyyətlə, əiifbamıza belə münasibət heç hamını razı sala bilməz. Baş kəndimizin ən gəzməli küçələrindən olan Nizami küçəsində ucalan fəxrlə şəhərimizə gələn qonaqlara göstərdiyimiz Xurşidbanu Natəvanın heykəlinin üzərindəki lövhədə onun adı kiril hərfləri ilə yazılıb.

Biz heç... Çünki biz başa düşürük ki, əlaqədar təşkilatların bundan da Vacib işləri var. Ona görə o hərfləri latın hərfləri ilə əvəzləməyə vaxtları var, ki maliyyə imkanları. Hərçənd "Natəvan" sözünü latın qrafikası ilə yazmağa cəmi bir saat vaxt bir az da boya lazımdır... Amma bunu ölkəmizə uzaq-uzaq diyarlardan gələn qonaqlar başa düşmürlər. Onlar başa düşə bilmirlər ki, 1993-cü ildə əlifbanın dəyişməsinə baxmayaraq hələ abidələrin üzərindəki sözlər hansı səbəbdən köhnə hərflərlə yazılıb. Hər bir ölkə keçmişini uca tutaraq inkişaf etməlidir. Əks təqdirdə inkişaf mümkün deyil. Doğrusu, mən başa düşə bilmirəm.

Hələ Məşədi Əzizbəyovun heykəlini demirəm. Onun adı rus dilində - "Azizbekov" yazılıb. Ötən gün Əzizbəyov heykəlinin yanında dayanıb bir dostumu gözləyirdim. Bir qeyri-adi hadisənin şahidi oldum. Həmin heykəlin yanından ötən bir ana oğluna abidəni göstərərək dedi: "Bax, oğul, bu, Əzizbəyovun heykəlidir". Uşaq isə cavab verdi ki, ana, sən bilmirsən, bu, Azizbekovdur. Bəyəm, üzündən oxuya bilmirsən?

Bu sözlər məni çox kədərləndirdi. Az keçməmiş gözlədiyim dostum gəlib çıxdı. Əhvalatı ona da danışdım. Dostumdan buna münasibətini soruşduqda belə cavab verdi: "Sən deyəsən, Cəfər Cabbarlının heykəlini görməmisən. Onun adı əvvəllər (elə indi ) kiril əlifbası ilə yazılmışdı. Amma artıq uzun illərdi ki, o abidəyə baxan yoxdur. Ona görə "Cəfər Cabbarlı" sözü oxunmaz hala düşüb".

Daha başqa abidələrə belə hörmətsizlik edilib-edilmədiyini öyrənmək üçün heç yerə getmədim. Çünki düşündüm ki, paytaxtımızın mərkəzində olan ən azı hər gün rastlaşdığımız heykəllərə belə biganəliklə yanaşırlarsa, gör şəhərimizin kənarında yerləşən abidələrə hansı yanaşma var. Ya bunu təsəvvür edə bilmirəm, ya da ümumiyyətlə, təsəvvür etmək istəmirəm. Məsələnin bu günə kimi üçün həll edilmədiyini araşdırmaq üçün Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinə müraciət etdik. Xidmətin rəhbəri Nuranə Mərdanova bildirdi ki, məsələ birinci dəfə qaldırıldığı üçün bu haqda məlumatı yoxdur: "Mən bilmirəm ki, hansı abidələrdə bu normalar pozulub. Ümumiyyətlə, Bakı şəhərindəki heykəllərin müəyyən bir qismi bizim, digər bir qismi isə Mədəniyyət Nazirliyinin balansındadır". Vallah, bu cavabdan sonra bir az qorxuya düşmüşəm. Çünki qorxuram ki, digər məsələlər kimi bu problemi əlaqədar təşkilatlar bir-birinin üstünə atsın. Belə olan təqdirdə nəyinsə düzələcəyinə inanmaq sadəlövhlük olardı.

 

Şərq.- 2006.- 14 iyun.- S. 13.