H.SAMİNƏ

 

60 yaşda bu mənə böyük hədiyyə oldu

Sənət adamlarının içərisində elələri var çox tez uğur qazanır, eləsi də var bunu böyük zəhmət, alın tərilə əldə edə bilir...

 

Müsahibimiz Azərbaycanın Xalq artisti Yasin Qarayevdir

- Yasin müəllim, 60 il üçün nə deməkdir?

60 il insan ömrü üçün yaxşı ildir. Əvvəla deyim ki, hər adam gəlib bu yaşa çata bilmir. Böyük Səməd Vurğun ömrünün 50 yaşında dünyasını dəyişmişdi. Amma uşaqlıqdan mənə elə gəlirdi kı, Səməd Vurğun dünyanın ən qocaman, ən yaşlı adamıdır. Elə bilirdım Dədə Qorqud dünyasını dəyişib. Üzeyir bəy əsərində Məşədi İbadı "qoca bir kişi" kimi təqdim edirdi. Sonra özü də etiraf etdi ki, 50 yaşa çatanda gördüm yox, 50 il yaşamaq elə də böyük iş deyilmiş. Bu yaş ürəyin əsil yaradıcılıq eşqilə döyünən vaxtıdır. 60-da bir az da bundan çoxdur...

Bu yaxınlarda əlimə ali məktəbə təqdim etmək üçün aldığım köhnə bir arayış keçdi. 1965-ci ildə nəşriyyatın nəzdində yerləşən "Damğa" satirik xalq teatrına Qafar Həqqi deyilən bir aktyorumuz rəhbərlik edirdi. Həmin arayış bu teatrda 41 il əvvəlki fəaliyyətimi mənə bir daha xatırlatdı. O illərin içərisində gözəl anlar da olub... Yaradıcı adamın ürəyində çoxlu arzular olur. Mənə elə gəlir ki, onları həyata keçirmək üçün hələ qabaqda illər olmalıdır. Çünki aktyor nə qədər oynasa, obrazlar yaratsa da tükənmir. Mən hər yerdə - maşınla gələndə, metroda, küçədə hər dəfə yeni bir xarakter görürəm. O demək deyil ki, mən həmin obrazı olduğu kimi yaratmaq istəyirəm. Onun bir tikəsi - hərəkətimi, danışığımı, şakərimi qəlbimin bir küncünə dolur. Sonra başqa bir hadisənin şahidi oluram, dostların və digərlərinin davranışlarından yeni bir hərəkəti əxz edirəm və bunlar bir yerə toplanır, yəni müxtəlif insanların və müxtəlif illərin məhsulu olan bir obraz ələkdən keçəndən sonra bu gün yaranır. Adətən aktyor müəllif tərəfındən verilən mətni oynayır, rejissor isə onun qurduğu mizanı, fıkirləri açır. Amma "yaratmaq" sözü çox böyükdür. Yaradıcı insan ömrü boyu bir neçə barmaqla sayılacaq sənət əsəri yaradıbsa, o böyük sənətkardır. Məsələn, Ələsgər Ələkbərov çox rollar oynayıb. Amma təhlil edəndə deyirlər, o, Şekspirin "Otello"sunu yaradıb...

"Ağ atlı oğlan"ı çox gözləməli oldunuz?

Mən Gənc Tamaşaçılar Teatrında işləyəndən 17 il sonra fəxri ada layiq görülmüşəm. Ondan sonra 15 il keçib. Bu 32 ilə "Xalq artisti" fəxri adını əldə etmışəm. Bəlkə 5-6 il bundan əvvəl olsaydı, onun ləzzəti daha artıq olardı, bilmirəm. Amma 60 yaşın özündə də bu ad mənə böyük hədiyyə oldu. Uşaq olarkən "Ağ atlı oğlan" nağılını oxuyurdum və hesab edirdim ki, mənim idealım olan o ağ atlı oğlan gələcək, özü ilə ədaləti, haqqı gətirəcək. Çünki dahi Nizaminin də belə bir sözü var ki: "ədalətin işidir ölkəni abad eylər". Sən demə, mənim qəlbimdə ucaltdığım idealım bu gün ölkə prezidenti İlham Əliyev imiş ki, o müjdəni verdi mənə. May ayında birinci fərmanı ilə prezident mükafatına layiq gördü, sonra da mənə fəxri ad verdi.

-   Bayaq Ələsgər Ələkbərovun Şekspirin Otellosunu yaratdığını qeyd etdiniz. Sizin bıı rollarınızın içərisində yaratdığınız obraz hansıdır?

-  Tanrı yazısı deyilən şeyə çox inanıram. Hərənin alnında onun ömrü, bəxti və sair yazılıb. Bəzi adamlarda görürsən bu bəxt yüyrək olur, yəni məsəl var deyərlər "bəxti qabağında oynayır". Bu, sənət adamlarına da aiddir. Onların içərisində elələri var ki, çox tez uğur qazanır, eləsi də var onu böyük zəhmət, alın tərilə əldə edə bilirlər...

Gənc Tamaşaçılar Teatrında 1974-cü ildən işləyirəm. İlk dəfə Hüseynağa Sadıqovun quruluş verdiyi "Tamahkar" pyesində nökər Qulunu oynadım. Hazırlanan kimi dövlət televiziyası vasitəsilə göstərildi. İlk uğurum orada oldu. Sonra məni tez-tez "Komediyalar aləminə səyahət" verilişinə dəvət elədilər. Orada Əfqan Əsgərovun "Qız atası" tamaşasında Nəroğlan rolunu aparırdım. Bu günədək televiziya və teatr tamaşalarında bəlkə yüzə qədər rol oynamışam, amma o rolum tamaşaçılar tərəfındən çox yüksək səviyyədə qarşılandı və uğur gətirdi mənə. Bir də İsi Məlikzadənin "Gəl qohum olaq" tamaşasında Qarakişi rolunu tamaşaçılar çox seviblər. O tamaşada baş rolda bir on beş il oynadım. O vaxt İsi Məlikzadə o rolu mənim üçün yazdığını bildirdi və hətta zarafatla dedi ki, sənin familiyan Qarayevdir, mənsə əsərin qəhrəmanının adını uyğun olaraq Qarakişi qoymuşam. Ana tərəfim Ağcabədinin Qaradolaq kəndindəndir. Əsərdə də Qarakişi Ağcabədinin Qaradolaq kəndindəndir. Nə isə, çox uğurlu bir tamaşa alınmışdı. Sonra biz onu İsi Məlikzadənin vəsiyyəti kimi Az.TV-də işləyən gözəl rejissor Məhərrəm Bədirzadə ilə birlikdə fılm-tamaşa kimi çəkdik. Artıq o rol üçün yaşlı olduğumdan mənim məsləhətimlə Qarakişi roluna Rəfaeli dəvət etdi.

- Oynamaq istəmədiyiniz rol olubmu, ümumiyyətlə komik və ya dramatik rollarda oynamağı xoşlayırsınız?

- Bir deyil, bir neçə belə rol olub . Xalq artisti, prezident təqaüdçüsü, çox gözəl rejissor Ağakişi Kazımovun quruluşunda bir əsərdə böyük müvəffəqiyyətlə rolu başa vurmuşdum. Bir dəfə Ağakişi müəllim mənə bir rol həvalə etdi, oxudum gördüm, ümumiyyətlə, rol xoşuma gəlmir, içimdə bu rola qarşı boşluq var və ehtiyatımda o rolu oynamaq üçün heç nə yoxdur. Burdan başlandı aramızda yaxşı mənada narazılıq, necə deyərlər, sənət mübahisəsi. Bu gün də görəndə ehtiramla salamlaşırıq, amma gözlərinin içərisindən hiss edirəm ki, o narazılıq onda qalıb. Qəzetlərdə də bu barədə yazıldı, Nə bilim, "niyə işləmirsiniz Ağakişi Kazımovla? Bir -birinizi bəyənmirsiniz" və sairə. Amma mənə elə gəlir ki, o məni bəyənir bir aktyor kimi, mən də onu bir rejissor kimi. Ola bilsin fıkırlərimiz bəzi yerlərdə düz gəlmir.

Çox bəyəndiyim rollar da olub. İrəvan Dövlət Dram Teatrının direktoru İftixar müəllim mənə əsərindəki erməni rolunu oynamağı xahiş etmişdi. Əsəri oxudum, orada Dul Alı rolu çox könlümə yatdı. Gördüm ki, bu rolu oynamaq üçün məndə nə qədər desən material var. Xəyalən uşaqlığa getdim. O tipli adamlar xəyalımda canlandı, bunlar üst-üstə gəldi və gördüm sanballı bir rol alındı.

-  Görkəmli sənətkarlardan hansı səhnə vərdişlərini əxz etmisiniz?

- "Dalğa" teatrında sözün həqiqi mənasında təcrübə məktəbi keçmişdim. Səhnə mədəniyətini, səhnə davranışlarını orada əməkdar artist Qafar Həqqidən əxz eləmişəm. Sonra İncəsənət Universitetində təhsil alarkən, səhnədə öz sözünü demiş sənətkarlar Rza Təhmasib, nitq mədəniyyətindən dərs deyən Müxlis Canızadə, Səftər Turabov, "Dan ulduzu" nun rəhbəri Gülarə Əliyeva, Opera Teatrının solisti, əməkdar artist Rəhilə Cabbarova, şərqdə ilk opera yazan qadın bəstəkar Şəfıqə Axundovanı burada müəllim kimi gördüm. Onların nitqimin düzəlməsində, digər səhnə vərdişlərini əxz eləməyimdə böyük rolları olub. Gənc Tamaşaçılar Teatrına gələnden sonra Firəngiz Şərifova, Yusif Vəliyev, Osman Hacıbəyov, Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, Məmməd Əlizadə, Susanna Məcidova, Məxfurə Yermakova kimi sənətkarları gördüm. Bunlarla işləmək böyük bir sınaq, imtahan idi. Amma bu böyük sənətkarların içərisində Hüseynağa Sadıqovu özümə müəllim sayıram. Addımlarım təbii ki, kövrək idi, o addımları Hüseynağa müəllim möhkəmlətdi. O, məni özü ilə radioya, televiziyaya, müxtəlif tədbirlərə aparırdı...

- Ailədə səndtinizə münasibət necədir?

- Allahıma çox şükür edirəm ki, rast gəldiyim həyat yoldaşım məni başa düşən adam oldu. Həyat yoldaşım Şəmsiyyə Qarayeva Az.TV-1-də 20 ildən  çoxdur ki, radio diktoru işləyir. Oğlum Rövşən də orada kompüter mərkəzində çalışır. Biz hamımız bu işin içərisində olan adamlarıq.

- Yaradıcılıq istedaddan irəli gəlir. İstedad barədə fikirlərinizi bilmək istərdim.

- İstedad insana Allah tərəfındən verilir. Təbii ki, hər bir adam doğulandan onun canında, qanında hər hansı bir istedad olur. Amma bu istedad gərək inkişaf eləsin, əks təqdirdə, elə uşaqlıqda ölüb çıxıb gedər. Bu, bütün sənətlərə, o cümlədən aktyor sənətinə də aiddir. Əsasən zəhmətin sayəsində bu istedad cilalanır, gül açır.

- Hazırda nəyin üzərində işləyirsiniz və gələcək planlarınız barədə...

- Televiziyada Mövlud Süleymanlının 3 seriyalı bir əsərini işləyib təhvil vermişəm. Yəqin ki, efırə yaxın günlərdə çıxacaq. İrəvan Dövlət Dram Teatrının direktoru İftixar müəllimin "Dan yeri söküləndə" əsərində Dul Alı rolunu oynadığım bir tamaşanı təhvil verdim. Bu günlərdə Süleyman Rüstəmin 100 illiyinə həsr olunmuş bir pərdəli "Çimnaz xanım yuxudadır" pyesi Mədəniyyət və Turizm Nazirliyi tərəfındən dövlət sifarişi kimi verildi. Biz onu hazırladıq və həm də bunu 60 illiyimə hədiyyə elədim. Orada baş rolda oynayıram. Hazırda isə qarşıda mənim 60 illiyimə həsr olunmuş yubiley gecəsinin üzərində yaradıcılıq işləri aparıram. Sonra nə işlə məşğul olacağam, onu Allah bilir.

 

Yaddaş.- 2006.- 17 iyun.- S. 2.