Azərbaycan İKT Gənclər Forumuna 100 min dollar köçürdü

 

İslam Konfransı Təşkilatına üzv ölkələrin Gənclər I Forumunun İstanbulda I toplantısı keçirilib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ev sahibi olaraq çıxışında Azərbaycan prezidenti İlham Əliyevə İKT-nın Gənclər Forumunun yaradılması istiqamətində verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

R.T.Ərdoğan Yaxın Şərqdə baş verən proseslərdən narahatçılığını da bildirib və qeyd edib ki, bu gün Türkiyə ictimaiyyətində Livana mehmetciyin göndərilməsi məsələsində narahatçılıqlar mövcuddur. Baş nazir Ankaranın Lyublyanada günahsız insanların ölümündən narahat olduğunu və Yaxın Şərqdə baş verən prosesləri kənardan izləmək istəmədiyini vurğulayıb. Azərbaycan prezidenti İlham Əliyev isə çıxışında İKT-ya üzv olan müsəlman ölkələri arasında əməkdaşlığın artırılmasının vacib olduğunu bildirib və deyib ki, dialoq və işbirliyinin artırılması vacibdir: "Artıq Gənclər Forumu çox fəal işlərə başlayıb.

Bu gün forumun fəaliyyəti və gələcək planları haqqında kifayət qədər söhbət açıldı. Çox gözəl proqramlar var, planlar var və şübhə etmirəm ki, bütün   bu   planlar həyata  keçiriləcək".  Dövlətimizin başçısı  islam dini haqqında mənfi rəyin  formalaşdırılmasının təhlükəli       tendensiyaya çevrildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Prezident qeyd edib ki,  müsəlman gənclərin birgə fəaliyyəti  beynəlxalq  ictimaiyyətdə  islam həmrəyliyinin möhkəmləndirilməsinə böyük töhfə verə  bilər:" Biz dünyaya nümayiş etdirməliyik ki,  islam dini sülh dinidir. İslamı heç vaxt terrorla eyniləşdirmək olmaz". İ.Əliyev Dağlıq Qarabağ münaqişəsinə də toxunub və qeyd  edib ki, 1990-cı ilin əvvəllərində erməni terror təşkilatlarının törətdiyi 30-dan artıq qanlı aksiya nəticəsində 3 mindən artıq günahsız insan həlak olub. Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan siyasi-iqtisadi və mədəni terrora məruz qalıb: "Biz həmişə terrora məruz qalan tərəfik. Biz istəyirik ki, ədaləti bərpa edək, istəyirik ki, ərazi bütövlüyümüzü bərpa edək və buna nail olaq. Beynəlxalq hüquq normaları da bizim tərəfimizdədir, haqq-ədalət bizim tərəfimizdədir. Biz daha da fəal olmaq istəyirik. Bütün imkanlardan istifadə etməliyik. Siyasi, iqtisadi, diplomatik, bütün başqa imkanlardan istifadə edib tezliklə ədaləti bərpa etməliyik". Azərbaycan prezidenti GF-nin Dağlıq Qarabağ münaqişəsinə dair ərəb dilində kitabın nəşrini də yüksək dəyərləndirib. Dövlət başçısı tədbir iştirakçılarının diqqətini təhsil, səhiyyə, idman məsələlərinə də yönəldib və qeyd edib ki, müasir gənclik savadlı, sağlam və ruhən saf olmalıdı. Artıq Azərbaycanda bu siyasətin uğurla həyata keçirildiyini vurğulayan prezident gəncliyin perspektivindən də danışıb. Dövlətimizin başçısı onların qarşısında duran vəzifələri açıqlamaqla yanaşı bu sahədə Azərbaycan hökumətinin dəstəyini konkret addımla nümayiş etdirib: "Çox vacibdir ki, gənclərimiz həm bilikli, həm də savadlı olsunlar, müasir olsunlar, Eyni zamanda bütün milli və dini ənənələrə sadiq olsunlar, vətənpərvərlik ruhunda böyüsünlər ki, bizim ölkələrimiz gələcəkdə də inkişaf etsin və bu məqsədlə Azərbaycan dövləti forumun büdcəsinə 100 min ABŞ dolları köçürülməsi haqqında qərar qəbul edib. Əminəm ki, bu kiçik töhfə sizin işlərin daha da yaxşı getməsi üçün yaxşı zəmin yaradacaq".

 

Olaylar.- 2006.- 5 sentyabr.- S. 8.