Abbasov P.
Bakı kəndlərində
tarixi abidələr biganəliklə üzləşib
Ayrı-ayrı adamlar onların
ərazisini özününküləşdirir, hətta
hamamı kafeyə çeviriblər
Ötən həftənin
şənbə günü
Bakı-Dirçəliş İctimai Birliyinin (BD İB)
təşkilatçılığı ilə Bakı və
Abşeron kəndlərindəki tarixi abidələrin
vəziyyətini öyrənmək, sakinlərin
qarşılaşdığı sosial problemləri
gündəmə gətirmək məqsədilə monitorinqlərə
başlanılıb.
Monitorinqlərdə BD İB təmsilçiləri,
Mədəniyyət və Turizm Nazirliyinin
nümayəndəsi və jurnalistlər iştirak edib.
Monitorinq ilk olaraq Fatmai və Goradil kəndlərində
aparılıb. Onu da deyək ki,
Mədəniyyət və Turizm Nazirliyindən başqa
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Torpaq
və Xəritəçəkmə Komitəsinin, Abşeron
rayon İcra Hakimiyyətinin və digər qurumların nümayəndələri
monitorinqə çağırılsalar da,
gəlməmişdilər...
Məscidlər baxımsızlıq üzündən dağılır
Əvvəlcə Fatmai kəndində olduq. Burada 5
məscid, 1 hamam var və onların hamısı qədimdir.
Sovetlər dönəmində bu məscidlərin
hamısı taxıl anbarına çevrilibmiş. Hazırda
məscidlərdən yalnız birinin - kəndin mərkəzi
yerindəki məscidin vəziyyəti yaxşıdır.
"Poladlı məscidi" adlanan ibadətgahın
isə təxminən 18-ci əsr yadigarı olduğu
bildirilir. Kənd camaatının sözlərinə
görə, Poladlı tayfası 17-18-ci əsrlərdə
Şamaxıdan Fatmaiyə köçüb və bu
məscidi tikdiriblər. Məscid 5-6 il öncə
sözügedən nəslin nümayəndələri
tərəfindən təmir olunsa da, hazırda heç də
yaxşı vəziyyətdə deyil. 2000-ci ildə baş
vermiş zəlzələ isə onun divarlarını
çatladıb. Poladlı məscidinin çöl
tərəfində müəyyən yazılar,
işarələr və s. var. Lakin maraqlıdır ki,
məscid divarlarını ağ rəngə boyayan
şəxs(lər) buna fikir verməyib. Məscidin üstü
gildir və yağış yağarkən içəri
damır. Bunun qarşısını almaq üçün
məscidin damı ildə bir dəfə
təmizlənməlidir. Amma təmizlənmir. Bütün
bunlar isə müqəddəs yerin baxımsızlıq
üzündən yaxın illərdə
uçacağından xəbər verir.
Növbəti üz tutduğumuz məscid isə
dövlət tərəfindən qorunur. Hacı Heybət
Məscidi "yerli əhəmiyyətli memarlıq
abidəsi"dir və üzərində Mədəniyyət
Nazirliyinin (indiki Mədəniyyət və Turizm Nazirliyinin)
vurduğu lövhə var. Lövhədə
həmçinin məscidin inventar nömrəsi (inv. N4013) və XVII əsrə məxsus olduğu
göstərilir. Kənd camaatı isə deyir ki,
məscid daha qədimdir.
2001-ci ildən dövlət tərəfindən qorunan
məscidin həyətində "Xanımcan piri" də
var. Yerli sakinlər, habelə kənar
qəsəbələrdə yaşayanlar bura
ürəklərində niyyət tutub gəlirlər. Onu da
deyək ki, pirdə qapağı qıfıllı nəzir
qutusu da var. Fatmai Ağsaqqallar Şurasının sədr
müavini Əfrasiyab Quliyev dedi ki, nəzir qutusuna
yığılan pullardan kənd sakinlərinin
müəyyən sosial problemlərinin həllinə və
pirin təmir işlərinə sərf olunur: "Bura
yığılan pullar heç bir yerə getmir.
İki-üç dəfə nəzir pullarından ümumi
əhali üçün istifadə olunub. Bir dəfə
1990-cı ilin yanvarında istifadə olunub, bir dəfə
də şəxsən mənim
təşəbbüsümlə kəndə 3 kilometrlik
məsafədən su çəkilib. Bir dəfə isə
nəzir qutusunun pulu ilə məktəbin yoluna asfalt
çəkdik".
Mədəniyyət və Turizm
Nazirliyinin Mədəni İrsin Qorunması
şöbəsinin aparıcı məsləhətçisi
Fazil Məmmədov isə dedi ki, pirin tarixinin ibtidai
dövrlərə təsadüf etməsi istisna olunmur:
"Çünki daşa sitayişin tarixi daş
dövrünə gedib çıxır. Amma ola bilsin ki, pir orta
əsrlərdə tikilib".
Yağış yağanda hamamın içinə su dolur
Fatmaidəki yeganə hamam da dövlət
tərəfindən "qorunur". Daha doğrusu yerli
əhəmiyyətli abidənin qorunması ilə
bağlı Mədəniyyət Nazirliyinin lövhəsi
asılıb. Lakin buna "qorunur" demək olmaz.
Ötən əsrin sonuncu onilliyinə qədər
fəaliyyətdə olan hamamın qapısı
yaxınlıqda yaşayan sakinlər tərəfindən
hörülüb, hətta suvanıb. Qapının yuxarı
tərəfində olan üstü yazılı qədim
daşların isə kim tərəfindən aparıldığı
yerli sakinlərə də məlum deyil, məlumdursa da, onlar
bu barədə heç nə demirlər:
"Yaxınlıqdakı qəbiristanlıqda sinə
daşları ilə hamamdakı qədim daşı
təxminən eyni vaxtda apardılar".
Hamamın üzərindəki lövhədə onun
19-cu əsrə aid olduğu göstərilsə də,
sakinlər abidənin daha qədim olduğunu
düşünür: "Yağış yağanda
hamamın içərisinə su dolur. Belə getsə bir-iki
ilə abidə çökəcək. Dövlət
tərəfindən bu hamam üçün heç nə
edilmir".
Hamamın yaxınlığında 19-cu əsrə aid
Əlbatti Məscidi yerləşir. Biz məscidə
gedəndə orada təmir işləri gedirdi. Məlum oldu
ki, Fatmai ağsaqqallarından olan Hacı Firuzun vəsaiti
hesabına məscid təmir edilir. Lakin Mədəniyyət
və Turizm Nazirliyinin nümayəndəsi Fazil Məmmədov
məscidin içərisində bəzi müasir
əşyalardan istifadə edilməsinin düzgün
olmadığını bildirdi. Hacı Firuz bizimlə
söhbətində kəndin tarixinin qədim olduğunu dedi:
"Bu kənd Abşeronun ən qədim kəndlərindəndir.
Kənd Məhəmməd peyğəmbərin (ə.s.)
qızı Fatmeyi Zəhranın (ə.s.) adı ilə
bağlıdır. Bu kənddə çoxlu padşahlar,
məşhur şəxslər, o cümlədən
Həzrəti Əli (ə.s.), Şah İsmayıl Xətai,
Stalin, Mircəfər Bağırov olub".
Fatmaidə olarkən o da bildirildi ki, məşhur
"Yeddi oğul istərəm" filminin bəzi yerləri
sözügedən Əlbatti Məscidinin həyətində
çəkilib. Filmdə Gəray bəyin dəstəsi ilə
Bəxtiyarın dəstəsinin "qəbiristanlıqda
atışma" kadrları isə məscidin
yaxınlığındakı qəbiristanlıqda
çəkilib.
Tarixi abidə olan hamamı kafeyə çeviriblər
Üz tutduğumuz növbəti ünvan Goradil
kəndindəki Əlimurad Hamamı oldu. Hamam və onun
həyəti hasara alınıb. Hasarın üzərində
ağ paltar geymiş oğlan şəklinin yanında iri
hərflərlə "KAFE" yazılıb. Hamamın
həyətinə daxil olarkən buranın dövlət
tərəfindən qorunduğu məlum oldu. Tarixi abidənin
divarına onun 19-cu əsrdən qaldığını
bildirən yazı, hamamın adı inventiar nömrəsi
(inv.N 4006), "abidə dövlət tərəfindən
qorunur" sözləri var.
Məlum oldu ki, burada bir ailə də yaşayır.
Ailə başçısı Gəncə şəhər
sakini Məqsudə Ələkbərova həyat
yoldaşının vəfat etdiyini, özünün isə
Bakıya köçdüyünü dedi: "Bura həyət
deyil. Sadəcə mənim yaşamağa yerim
olmadığından hələlik burada qalıram.
Yaxınlıqda ev tikdirirəm. Həmin ev hazır olana
qədər burada yaşayacağam. Gətirib
körpə-körpə ağaclar, güllər
əkmişəm".
Yaxınlıqda yaşayanlarla söhbət zamanı
məlum oldu ki, sözügedən ərazi vaxtilə Goradil
kəndinin torpağı olub: "Sonradan isə inzibati
ərazi kimi Binəqədi rayonuna verilib. Bura hasara alınandan
sonra bir müddət kafe kimi işlətdilər".
Goradil sakini Ələmdar Allahverdiyev də hamamın
və onun həyətinin dövlət tərəfindən
qorunduğunu vurğuladı: "Ancaq iki dəfə
satılıb, lakin imkan verməmişəm ki, hasarlansın.
1999-cu ildə Goradil bələdiyyəsinin sədri Baba Rzayev
qazanc götürmək üçün satdı. Hasarlanma həmin vaxt
oldu. Telekanalların
əməkdaşları gəlib,
buranı çəkiblər. Ancaq həmin kadrlar televizorda göstərilmədi. Səbəb
isə buranın sahibi
ilə bağlıdır.
Bələdiyyə sədri
deyir ki, bura Aparatda işləyən
Novruz Məmmədovun
(Prezidentin İcra Aparatının beynəlxalq əlaqələr
şöbəsinin müdiri
Novruz Məmmədov nəzərdə tutulur -
P.A.) obyektidir".
Qeyd edək ki, çöldə
"kafe" yazılsa da, kənd
sakinlərinin sözlərinə
görə, bura heç də adına uyğun şəkildə
fəaliyyət göstərməyib:
"Burada gecələr
çal-ağır idi
- əməlli başlı diskoteka... Sonralar isə bütün bunlar kiminsə tərəfindən dayandırıldı. Amma gələcəkdə
əvvəlki kimi fəaliyyət göstərməyəcəyini
demək olmaz".
Kafe Novruz Məmmədovun
obyektidir?
Hamamın həyətində
olarkən Ələmdar
Allahverdiyevdən başqa
adının çəkilməsini istəməyən digər
şəxs də kafenin Novruz Məmmədova məxsus olduğunu dedi
(yeri gəlmişkən,
məsələylə bağlı
Novruz Məmmədovla
danışaraq deyilənlərin nə dərəcədə
həqiqətə uyğun
olub-olmamasını öyrənmək istəsək də, bu,
alınmadı. Amma istənilən
halda mövzu ilə bağlı Novruz müəllimin fikirlərini çap etməyə hazırıq).
Tarixi abidənin kafe kimi istifadə olunması ilə bağlı Mədəniyyət və
Turizm Nazirliyinin
əməkdaşı Fazil Məmmədov münasibətini
açıqladı: "Çox güman ki, bura ya zəbt
olunub, ya da
satılıb. Bəs
yerli hökumət hara baxır? Bu məsələlərə
onlar nəzarət etməlidir. Həm də hər rayonda
mədəniyyət şöbələri var. Onların bu
cür abidələri qoruyub-saxlamalı, fərqli bir
hadisə olanda, məsələn, torpaq satılanda bizə
xəbərdarlıq etməlidirlər. Göründyü
kimi, onlar böyük məsuliyyətsizlik edərək
Mədəniyyət və Turizm Nazirliyinə
xəbərdarlıq etməyiblər. Ona görə də
bizim heç bu məsələdən xəbərimiz yox
idi". Hamamın yaxınlığında digər tarixi
abidələr - ovdan, quyu var. Lakin onlar da dövlət
tərəfindən qorunmur.
"Abidələrin bir qismi qeydiyyata götürüləcək"
Goradildəki Kərbəlayi Həşim
Məscidinə də yollandıq. Məlum oldu ki, bu
məscidin mollası yoxdur. Məscidin qonşuluğunda
yaşayan yaşlı bir qadın dedi ki, vaxtilə
məsciddə bir qara daş var imiş: "Daşın
üzərində məscidin kim tərəfindən
neçənci ildə tikildiyi barədə məlumatlar var
idi. Lakin kimsə gəlib, daşı apardı. Mən
həmin vaxt uşaq idim".
Goradil sakini Məsim Əliyev isə vaxtilə
məscidi qum basdığını dedi: "Sonradan biz
kənd uşaqları qumu təmizlədik və məscid
aşkara çıxarıldı. Neçənci
əsrdə tikildiyi bilinmir".
Monitorinq başa çatdıqdan sonra Fazil
Məmmədov dedi ki, qeydiyyata alınmamış
abidələrlə bağlı hazırda ümumrespublika
üzrə iş aparılır: "Bu gün (sentyabrın
23-ü - P.A.) gördüyümüz abidələrin bir qismi
qeydiyyata götürüləcək. Onların
vətəndaşlar tərəfindən hasara alınması,
şəxsi həyətləri kimi istifadə olunması
yolverilməz haldır. Ayrı-ayrı vətəndaşlar
tərəfindən mənimsənilmiş tarixi
abidələr olan ərazilər aşkar olundu. Bununla
bağlı mütləq lazımi orqanlara müraciət
edəcəyik ki, konkret tədbirlər
görülsün".
Bakı-Dirçəliş İctimai Birliyinin sədri Abbasağa Məmmədov isə monitorinqin yekunları ilə bağlı sənəd hazırlaycaqlarını və onu aidiyyatı qurumlara təqdim edəcəklərini dedi: "Planımızda var ki, mütəmadi olaraq Bakı və Abşeron kəndlərinin hamısında monitorinq keçirək. Növbəti monitorinqin Qala kəndində yerləşən Xəşəxuna bağlar massivinin yaxınlığında olan ovdanlarla bağlı olacağını planlaşdırmışıq. Orada qazıntılar aparılmalıdır. Sözügedən ərazidə qədim tariximizi üzə çıxaran mağaralar var. Orada elə daşlar var ki, üzərindəki yazılar Qobustandakı şəkillərə, yazılarla uyğun gəlir". Qeyd edək ki, Qala kəndindəki sözügedən ərazidə hansısa tikinti aparılması planlaşdırılıb. A.Məmmədov deyir ki, buna yol vermək olmaz: "Əgər Qala kəndinin 5 min il yaşı varsa, haqqında danışdığım yerlər daha qədimdir".