Banu
Məscidlərimiz təmir
olunur
Lakin qədim arxitekturanın mühafizə edilməsi məqsədilə onların fasadında dəyişiklik edilməyəcək
2008-ci ilin axırına
kimi Bibiheybət, Təzəpir və Əjdərbəy
məscidlərində təmir işləri başa
çatdırılacaq. Memar Ədalət Məmmədovun
sözlərinə görə, Təzəpir məscidinin
həyətində kiçik evlər sökülüb və
orada Qafqaz Müsəlmanları İdarəsi
üçün yeni binanın tikintisinə
başlanılıb. O bildirdi ki, idarə üçün
tikilən 4 mərtəbəli binanın
hündürlüyü 12 metrdən artıq olmayacaq.
Beləliklə Təzəpir məscidinin ətrafdan
görünüşünə heç bir problem yaranmayacaq.
Yeni binada muzey və kitabxana da fəaliyyət
göstərəcək.
Bibiheybət məscidində aparılan işlər
barədə söhbət açan Ə.Məmmədov
bildirdi ki, burada bərpa işlərinin böyük bir
hissəsi başa çatdırılıb. Bu zaman məscidin
interyeri xeyli gözəlləşdirilib. Bibiheybət
məscidinin ətrafındakı yaşayış evləri
köçürülüb. Həmin evlərin
yerləşdiyi sahənin altında
ziyarətçilərə xidmət üçün
böyük bir yeraltı kompleks istifadəyə verilib.
Binaların yerləşdiyi ərazidə isə böyük
bir açıq meydan düzəldilib. Gələcəkdə
Bibiheybətin yaxınlığından keçən yolun
genişləndirilməsi də nəzərdə tutulub.
Ə.Məmmədov bildirdi ki, Əjdərbəy
məscidində aparılacaq təmir-bərpa işlərinin
layihəsi də hazırlanıb və işlərə
başlanılıb. Layihəyə əsasən, məscidin
həyəti və binası paralel və perpendikulyar
sütunlarla birləşdiriləcək. Kompleksin ortasında
isə böyük bulaq tikiləcək. Bulağın
üstü Məkkədə olduğu kimi xüsusi
örtüklə örtüləcək və bununla
məscidin həyəti ətrafdakı
çoxmərtəbəli binalardan təcrid olunacaq.
Əjdərbəy məscidinin minarələri də
yenidən qurulacaq. Daha doğrusu, minarənin gümbəzinin
üzərinə sonradan əlavə olunmuş komponentlər
çıxarılacaq və onların altındakı
qədim yazılar bərpa olunacaq. Həm Əjdərbəy,
həm də Təzəpir məscidlərində fasadda
heç bir yeniliklər edilməyəcək. Memarlar bununla
binaların qədim arxitekturasını qoruyub saxlamaq
niyyətindədirlər. Müasir texnologiyalar isə
yalnız binanın içində aparılan
işlərdə istifadə olunacaq.
Ayna.-2006.- 8
sentyabr.- S. 8.