Əsədov B.
Bakının
qədim memarlıq simasını özünə qaytarmaq lazımdır
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev avqustun 18-də Bakı şəhərində
tarixi-memarlıq abidələrinin bərpası və
qorunması haqqında sərəncam imzalayıb.
Sərəncamda göstərildiyi kimi, Bakıda
şəhərsalma və memarlığın inkişafı
böyük bir yol keçib, Bakının bugünkü
görkəmi özünəməxsus relyefi ilə nadir
memarlıq incilərinin harmonik vəhdətini əks etdirir.
Dünya memarlığının inciləri
sırasına daxil olmuş Azərbaycan memarlıq
sənətinin bir sıra qiymətli nümunələri
YUNESKO-nun da diqqət mərkəzindədir. Ümumdünya
Mədəni və Təbii İrs Komitəsinin bu
yaxınlarda Litvanın paytaxtı Vilnüs
şəhərində keçirilmiş 30-cu
sessiyasında Azərbaycan hökumətinə
xalqımızın milli sərvəti
İçərişəhərin mühafizəsinə
qayğının artırılması tövsiyə edilib. Dövlət başçısı İlham
Əliyevin sərəncamında
İçərişəhər Azərbaycanda hələ
yüzillər bundan əvvəlki şəhərsalma
sənətinin əzəmətli təzahürü, orta
əsrlər şəhər mədəniyyətinin kamil
təcəssümü təki dəyərləndirilib.
Bəs İçərişəhər indi nə
vəziyyətdədir, digər tarixi-memarlıq
abidələri necə qorunub saxlanılır? Bu
barədə sonra. Əvvəlcə...
Ürəkdələn göydələnlər
Hər şəhər Baş Plan və dəqiq
planlaşdırma layihələri əsasında tikilir.
Baş Plan məhdudiyyətlər və tövsiyələr
kompleksidir, inkişafın istiqamətlərini
müəyyənləşdirir. Dəqiq planlaşdırma
layihələri konkret yük daşıyır, binaların
hündürlüyünü, aralarındakı
məsafəni, yaşıllığı,
mədəniyyət, təhsil, xidmət obyektlərini,
işıq, su, kanalizasiya şəbəkəsini, nəqliyyat
yolunu əks etdirir. Bakı da həmişə bu qaydada tikilib.
Amma son illər yaşayış binalarının
inşasında özbaşınalıq, hərc-mərclik,
nizamsızlıqdır: infrastruktur
sökülüb-dağıdılır, tarixən
formalaşmış memarlıq-şəhərsalma mühiti
dəyişdirilir, məkan, relyef, seysmiklik nəzərə alınmır,
ənənələrə riayət edilmir. Buna el arasında
qurdeşənəyi, memarlıq elmində
şəhərsalma prinsiplərinin pozulması deyirlər.
Belə tikmək olmaz, uşaqlar sabah harada oxuyacaq, harada
əylənəcəklər, böyüklər
həyətə düşəndə asudə
vaxtlarını keçirməyə,
kölgələnməyə yer tapacaqlarmı?
Məişət problemləri bir yana, keyfiyyət
sertifikatından məhrum inşaat materiallarından tikilən
yeni evlərdə yaşamaq da təhlükəli, qorxuludur.
Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı Hacıbala Abutalıbov
jurnalistlərə müsahibələrinin birində bildirdi:
- Baxarsınız, görərsiniz, tezliklə
paytaxtımızı Nyu-Yorka döndərəcəyəm.
Bakı niyə Nyu-Yorka çevrilməlidir? Bir də hansı Nyu-Yorka? Axı Bakıda
İçərişəhər, Bayır şəhər,
mikrorayonlar, qəsəbələr olduğu kimi, Nyu-York da
beş rayona bölünür, bir neçə hissədən
- Manhetten adalarında kiçik məhəllələr
əmələ gətirən uzununa (avenyu) və
köndələnmə (strit) küçələr
şəbəkəsini əhatə edən mərkəzi
hissədən, materikdə, Hudzon çayı
sahillərində, çayın deltasındakı adalarda
və Lonq-Aylend adasında salınmış hissələrdən
ibarətdir. Onların hərəsi bir
ölçüdə, bir biçimdədir, biri
digərindən fərqli, seçimlidir. Görünür,
şəhərimizin meri "Bakını Nyu-Yorka
döndərəcəyəm" deyəndə yalnız onun
göydələnlərini nəzərdə tutur. Xatırladaq ki, Nyu-Yorkda həmin binaların
tikintisinə o, iri kapitalist şəhərinə
çevrildikdən sonra, XIX əsrin axırı XX əsrin
əvvəlində başlanıb. Bu, o
vaxt idı ki, neftin sənaye üsulu ilə istehsalına
başlanması Bakının da təkrarsız görkəmi
olan müasir şəhərə çevrilməsinə
təsir göstərirdi, Bakı da artıq sürətlə
inkişaf edən iri sənaye mərkəzi idi. Azərbaycanın milli memarlıq məktəbinin
nümayəndələri ilə yanaşı, Qərb memarlarının
əməyi sayəsində Bakıda Qərb və
Şərq memarlığının sintezi əsasında
unikal abidələr ucaldılır və şəhərin
yaraşıqlı, müasir binalarla zəngin siması
formalaşırdı. Sonra müxtəlif
üslublarda inşa edilmiş binalar, komplekslər,
yaşayış massivləri, bağlar, parklar ilə XX
əsr Bakısının panoramı tamamlandı. Əgər gərək bilinsəydi,
məqsədəuyğun sayılsaydı bu bir əsr
ərzində Bakıda da göydələnlər
ucaldılardı. İndi
paytaxtımızı yağışdan sonra
göbələk kimi artan, boy atan ürəkdələn
göydələnləri ilə Nyu-Yorka oxşatmaq istəyi
nədən doğub? Bir ayaq saxlayın, dönüb
baxın, görün Bakı addımbaşı
qazım-qazım qazılan yollarına,
küçələrinə, diqqət və qayğıdan
kənarda qalan, lazımınca qorunmayan, baxımsızlıq
üzündən yararsız hala düşən, məhv
edilən tarixi əhəmiyyətli abidələrinə
görə necə də pərişandır. Bakı
daha özünə də bənzəmir, dədə-babalardan
yadigar qalmış bənzərsiz daş evlər hanı,
gözəl-gözəl, yaşıl-yaşıl parklar,
bağlar, xiyabanlar necə oldu? Çoxusu
daşınmaz əmlak uğrunda amansız yarışa qurban
verilib, "canlarını" birtəhər qurtaranların
künc-bucağından iynə yarpaqları
saralıb-solmuş sahibsiz, yetim ağaclar boylanır. Elə həmin Nyu-Yorkda isə bir nəfərin
də adi bəzək kolunu belə tələf etməyə,
hansısa arxitektura obyektinin divarını cızmağa,
daşını qoparmağa əli gəlməz. Bəlkə doğma şəhəri
sevməkdə, əzizləməkdə, onun
abadlığının, yaşıllığının
qayğısına qalmaqda, hər tikilisinin - abidəsinin qədrini
bilməkdə, hamısını xatasız-xətərsiz
nəsildən-nəsilə çatdırmaqda,
gələcəyimizi düşünməkdə
amerikalılara oxşayaq?!
Böyük Səməd Vurğunu dinləyin:
Toxunmasın bu yerlərə memar əli,
Bu döngələr, bu dalanlar yadigardır.
Hər dövranın öz sövdası, öz əməli,
Hər daşın da, kəsəyin də adı vardır.
İçimizi ağrıdan
İçərişəhər
İçərişəhərin - bu qədim abidələr
aləminin hər daşından, hər naxışından
ülvi ahəng, kamil bütövlük süzülür.
Onun dolama-dolama küçələrini
dolaşmaqdan doymaq olmur. Əlvan-əlvan
çeşidlər, zərif-zərif cizgilər,
naxışlar zümrüd kimi, yaqut kimi şölə
salır, gözünü oxşayır. Zəngin
mədəniyyətimizə qovuşduqca, milli memarlıq incilərimizin
- Qız qalasının, Şirvanşahlar sarayının
tamaşasına durduqca qürur duyur, onların nurundan
nurlanır, ziyasından ziyalanırsan. Divanxananın
baş tağından saçaqlanan oymaları,
günbəzində sayrışan butaları ilk dəfə
görürmüş kimi ürəyinə axıdırsan.
Bəli, İçərişəhər
xalqımızın tarixi memarlıq və
şəhərsalma mədəniyyətinin
daşıyıcısı olan çox nadir bir abidədir.
Bu abidənin hər daşı, hər
qarışı uca tutulmalı, qorunmalıdır. Uca tuturuqmu, qoruyuruqmu? Əfsus ki,
yox. Qala qapılarından başlayaraq
binaların divarlarına vurulan zövqsüz reklam
lövhələrinə, çəkilən elektrik
xətlərinə, kommunikasiya
şəbəkələrinə baxırsan, içindən
bir ağrı keçir. Daşları
uçub düşən köhnə evlərə, misilsiz
arxitektura nümunələrinə diqqət yetirirsən,
ürəyin qövr edir. XVIII əsr kompleksi
"Bakı xanlarının evləri"ndən XIX əsrin
dini abidəsi Bəylər məscidinədək, Karvansaradan
Qız qalasınadək hamısının qayğıya
ehtiyacı var. Onlara zaman-zaman laqeydlik göstərilib,
bəzilərində qadağalara məhəl qoyulmadan,
özbaşına düzəlişlər edilib. Səriştəsiz şirkətlərin
apardıqları təmir-bərpa işləri
nəticəsində bir sıra tarixi-memarlıq
abidələrinin bəzi hissələri yoxa çıxıb,
daşlara vurulan naxışlar, həkk olunan adlar, tarixi
yazılar yonularaq tamamilə məhv edilib. Uçurulub
yerində bar, restoran, qaraj, inzibati binalar tikilmiş tarixi
miraslar da az deyil. Biri elə
səhnəmizin ilk Məcnunu Hüseynqulu Sarabskinin
doğulub-böyüdüyü, son nəfəsinə
qədər yaşadığı ev. İndi bu evdən əsər-əlamət yoxdur,
onun yerində modern bina inşa ediblər. Özü
də İçərişəhərdə bütün
söküntü-tikintilərin dayandırılacağı
haqqında YUNESKO qarşısında
götürülmüş öhdəlikdən sonra.
Yaxud Kiçik Qala küçəsi, 4-də 1830-cu ildə
tikilmiş ev vardı, mühafizə
edilən arxitektura abidələri reyestrinə daxil idi. Nə olsun, yerlə-yeksan etdilər, əvəzində
Polşa səfirliyi üçün bina tikdilər (bəzi
səfirliklərin, xarici firmaların, müxtəlif
ofislərin İçərişəhər Dövlət
Tarixi-Memarlıq Qoruğunun ərazisində fəaliyyət
göstərməsi heç bir çərçivəyə
sığmır). Burada belə
"müasirləşdirmə",
"avropalaşdırma" prosesi bu gün də davam edir.
Tarixi Murad qapısının
həndəvərinə lap təzəlikdə ticarət
mərkəzi üçün ofis binası tikməkdən
ötrü üç yük maşını mişar
daşı tökülüb. Şirvanşahlar
sarayının arxa hissəsində də üç-dörd
hündürmərtəbəli ev
ucaldılır.
Səməd Vurğun yazırdı:
Danış sirlərini İçərişəhər,
Nədir bu dolaşıq, bu dar
dalanlar?
Sən ey tarixlərin şahidi
səngər,
Sığınmış qoynuna darda
qalanlar...
İndi bu səngərimizin özü darda
qalıb, elliklə yığışıb onu xilas
etməliyik.
Bərpa işi nə yerdədir
Azərbaycanda xalqımızın keçmişini
özündə yaşadan 6308 tarix və mədəniyyət
abidəsi var. Bunun 1956-sı Bakıda və ətraf rayonlarda,
qalanı Ermənistanın işğal etdiyi
torpaqlarımızda, ölkənin digər
bölgələrindədir. Onların
hamısı Dövlət Reyestrinə daxildir,
əhəmiyyət dərəcəsinə görə
mühafizə olunur. Milli
mədəniyyətimizin zəngin ənənələrinin
qorunmasında, qədim tariximizin daş yaddaşının
bərpasında Mədəniyyət və Turizm Nazirliyinin
Abidələrin Bərpası Elmi-Tədqiqat Layihə
İnstitutu mühüm rol oynayır. İnstitutun
direktoru, memarlıq doktoru, professor Cəfər Qiyasi deyir:
- Bakı ölkəmizin mədəni irsinin
toplandığı mərkəzdir. Onun
ərazisində erkən orta əsrlərdən son orta
əsrlərəcən yaradılmış bir-birindən
gözəl memarlıq nümunələri qalmaqdadır.
İçərişəhər bu
abidələrin ən qədimi, ən dəyərlisidir.
Onu canımız qədər sevməli, göz
bəbəyi kimi qorumalı, uzunömürlü etmək
üçün əlimizdən gələni
əsirgəməməliyik. YUNESKO-nun
"Dünya irsi" siyahısına bizim
hazırladığımız layihə əsasında
İçərişəhərin də adı
salınıb. Yeri gəlmişkən,
Qobustan qaya təsvirlərinin yeni layihələrini də
YUNESKO-ya təqdim etmişik. İndi bu
məqsədlə Suraxanı atəşgahının,
Gilgilçay, Beşbarmaq sədlərinin, Xəzərsahili
müdafiə sistemi adı altında Çıraqqaladan
Abşeron qəsrlərinə kimi olan abidələrin
layihələri üzərində işləyirik. Ulu
öndər Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli
"Bakı şəhərində
İçərişəhər Tarix-Memarlıq Qoruğunun
mühafizəsi və bərpası ilə bağlı
bəzi tədbirlər haqqında", möhtərəm
Prezident İlham Əliyevin 2005-ci il fevralın 10-da
imzaladığı "Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında
"İçərişəhər" Dövlət Tarixi
-Memarlıq Qoruğu İdarəsinin yaradılması
haqqında" sərəncamının buradakı
memarlıq incilərinin mühafizəsinə böyük
köməyi olub. İnanıram ki, dövlət
başçısının "Azərbaycan
Respublikasının paytaxtı Bakı şəhərində
tarixi-memarlıq abidələrinin bərpası və
qorunması haqqında" yeni sərəncamı
paytaxtdakı, bütövlükdə ölkəmizdəki
tarix və mədəniyyət nişanələrinin
milli-mədəni sərvət kimi mühafizəsini, gənc
nəslin vətənpərvərlik ruhunda
tərbiyəsində, çoxsaylı qonaqlarımıza daha
yaxşı tanıdılmasında onların rolunu
gücləndirəcək.
İnstitutun kollektivi son illər Şirvanşahlar
sarayının birinci mərtəbəsinin,
Şirvanşahların və Bakuvinin türbələrinin,
Milli Elmlər Akademiyasının inzibati binasının
fasadlarının, habelə Naxçıvanda Əlincə
xanəgahının bərpasında yaxından iştirak
edib, Azərbaycan Dövlət Filarmoniyasının
binasının ölçü cizgilərini, Nizami adına
Ədəbiyyat Muzeyinin, Tarix Muzeyinin, həmçinin Pirsaat
xanəgahının, Şəki qalasının iç
divarlarının, Nakam adına kitabxananın,
Lənkəranda Mirəhməd xanın evinin, Qaxda
Gürmük məbədinin, Sumuq qalasının, Qusarda
Şeyx Cüneyd türbəsinin, Bakıda Əjdərbəy
məscidinin, Bərdədə, Qəbələdə, Qubada
bir sıra kənd məscidlərinin bərpa
layihələrini hazırlayıb.
Lakin etiraf edilməlidir ki, bərpa işləri
zamanı abidələrin ilkin görünüşünü
saxlamaq olmur, onların bərpası bəzən
çoxəsrlik memarlıq irsi ənənələrinə xələl
gətirilərək aparılır, təmir-bərpa
işləri görülərkən edilən
dəyişikliklər tarixi tikililəri
eybəcərləşdirir. Bu,
peşəkarların azlığından, istehsalat
bərpasının aşağı səviyyədə
olmasından, vəsait çatışmazlığından,
nəticədə layihələri dünya standartlarına
uyğun hazırlamağın
mümkünsüzlüyündən irəli gəlir.
Dünya Bankının hesabına bərpa edilmiş
Möminə Xatun və Qarabağlar türbələrinin,
Şəki Xan sarayının layihələrində və
icrasında isə Almaniya, İtaliya, Fransa
mütəxəssisləri bizim memarlığı
bilmədiklərindən, Şərq memarlığına
biganəliklərindən ciddi xətalara yol veriblər. Möminə Xatun türbəsinin
ətrafının Tac Mahalın baş planına
bənzədilməsi yanlışlıqdır. Şirvanşahlar sarayı kompleksində
aparılmış son bərpa işləri də çox
keyfiyyətsizdir, burada lazımsız düzəlişlər
edilib, əlavə günbəz qoyulub və sair.
Azərbaycan Memarlar İttifaqının vitse-prezidenti,
Memarlıq və İnşaat Universitetinin professoru,
əməkdar memar Nəriman Əliyevin şərhi:
- Memarlıq abidəsi xalqın gələcək
nəsillərə ünvanladığı əlyazma,
məktubdur. Bu daş kitabə
əsrdən-əsrə necə var eləcə, heç
nə artırıb-əskiltmədən
ötürülməlidir. Ancaq o da
canlıdır, yaşa dolur, qocalır, atmosfer
çirklənməsinə məruz qalır, əvvəlki
vəziyyətini itirir. Gərək
gözümüzü abidələrin üstündən
çəkməyək, onları sıradan
çıxmağa qoymayaq, zədələnəndə
"müalicə" edək, təzədən quraq,
bərpa edib özünə qaytaraq. Abidələrin
təmiri də bərpa şəklində getməlidir. Yəni bu zaman binanın daxilində heç bir
dəyişiklik edilməməlidir, ilkin strukturuna
toxunulmamalı, konstruktiv quruluşu, bədii-estetik
tərtibatı olduğu kimi saxlanmalı, tozu da ehtiyatla
silinməlidir ki, ləkə düşməsin. Hər bina hansı inşaat materialından tikilibsə,
bərpası onunla aparılmalı, hörgüsündə
eyni yapışdırıcı məhlul (əhəng,
gəc və sair) işlədilməlidir.
Səməd Vurğun elə bil bu gün Bakının
küçələrindən keçir, onu Nyu-Yorka
döndərmək istəyənlərə müraciət
edir:
Bu möhtəşəm binalara
diqqətlə bax!
Bu evlərə ziynət vermiş
neçə memar,
Hər birinin öz şəkli, öz
hüsnü var.
Başqa boyaq, başqa bir
rəng vursa əlin,
Memar yoldaş! Puça
çıxar öz əməlin!
Azərbaycan.-2006.- 10
sentyabr.- S. 5.