Hacıyev F.
Tarixi və yerli
əhəmiyyətli abidələr qorunur
Hörmətli redaksiya!
Qəzetinizin 27 iyul 2006-cı il tarixli nömrəsində dərc edilmiş "Laqeyd münasibət" sərlövhəli yazı aidiyyəti təşkilatların nümayəndələrinin iştirakı ilə müzakirə olundu. Aydınlaşdı ki, XIV əsr Xoca Seyid türbəsinin ətrafında son illər xeyriyyəçilərin köməyi və daxili imkanlar hesabına xeyli abadlıq işləri aparılıb. Bura yol çəkilib, hasarlanıb, dəmir qapı qoyulub, türbəyə gedən piyada yoluna üzlük plitə döşənib. Qoç heykəllər, nadir ağaclar ciddi mühafizə edilir. Mədəniyyət və Turizm Nazirliyi türbəni 2007-ci ildə əsaslı təmir etməyi nəzərdə tutur.
Babagil türbəsi 1999-cu ildə imkanlı şəxslərin vəsaiti hesabına əsaslı təmir edilib, günbəz tikilib, ziyarətgaha elektrik xətti və su çəkilib, bulaq kompleksi salınıb. Abidəyə qorunma lövhəsi vurulub, ərazidəki qoç heykəllər, yazılı daşlar yerindədir, rayon mədəniyyət və turizm şöbəsi tərəfindən qorunur.
Məqalədə sözügedən Büzeyir, Veri, Mastayılkı kəndlərinin və digər kəndlərin ərazilərindəki küp qəbirlərinə, qəbiristanlıqlardakı qoç heykəllərə və sənduqələrə lazımi qayğı göstərilir. Rayonumuzun ərazisində dövlət qeydiyyatına alınan 134 tarixi abidə və yerli əhəmiyyətli digər abidələr möhkəm mühafizə edilir.
Hazırda rayon icra hakimiyyətinin dəstəyi ilə Azərbaycan Teleradio Verilişləri Qapalı Səhmdar Çəmiyyətinin Telefilm Yaradıcılıq Birliyi "Lerik abidələri" adlı sənədli film çəkir. Abidələrin fotoşəkillərinin çəkilməsi və elmi şərhlərinin hazırlanması, qorunma lövhələrinin vurulması işləri davam etdirilir.
Azərbaycan.- 2006.- 26 sentyabr. –S. 6.