Kəbutər

 

XIII əsrə aid Fizuli abidələri dağılmaq təhlükəsi qarşısındadır

 

Elman Məmmədov: Bunların uzun müddət  təmir edilməməsi və işğala məruz qalması həmin abidələrin məhv olması təhlükəsini yaradıb

 

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ölkəmiz üçün başlıca problem olaraq qalmaqdadır. Ötən əsrin əvvəllərindən başlayaraq terroru, dinc, günahsız, adamları gülləbaran etməyi və deportasiya yolu ilə insanları ev-eşiklərindən didərgin salmağı özünün dövlət siyasətinə çevirmiş Ermənistan bu gün də Cənubi Qafqazda rasizmin istinadgahı rolunu oynamaqda davam edir. İşğal edilmiş Azərbaycan ərazilərində təhsil, səhiyyə və digər sosial tipli obyektlərlə yanaşı qədim mədəniyyət abidələrini, azərbaycanlıların ata-baba qəbristanlıqlarını, məscid və məbədləri, ziyarətgahları da vəhşicəsinə dağıdılır. Bu gün zəbt etdiyi torpaqları geri qaytarmaq məcburiyyəti ilə üz-üzə qalmış ermənilər qanlı cinayətlərinin, vəhşi əməllərinin izini itirmək məqsədi ilə kütləvi yanğınlara əl atmaqdan belə çəkinmir, xarici himayədarlarına güvənərək hər cür alçaqlığa hazır olduqlarını nümayiş etdirirlər.

Azərbaycan hökuməti isə ilk növbədə, düşmənin davamlı fitnəkarlıq cəhdlərinin qarşısını qətiyyətlə alaraq, iqtisadi inkişafın verdiyi imkanları ordu quruculuğuna yönəltməklə yanaşı, maddi-mənəvi dəyərlərimizə vurulan ziyanın aradan qaldırılması və itkilərin yerinin doldurulması istiqamətində də məqsədyönlü addımlar atmağa, dünya ictimaiyyətinin diqqətini bu vandalizm hərəkətlərinə yönəltməyə, işğal olunmuş rayonların strukturunun müvəqqəti məskunlaşdığı ərazilərdə digər sahələrlə yanaşı, mədəniyyətin və incəsənətin inkişafına qayğını artırmağa çalışır. Avqustun 22-də Prezidentin tövsiyəsi əsasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən M.F.Axundov adına Milli Kitabxanada təşkil olunan toplantı da məhz ərazisi işğal edilmiş rayonların mədəniyyət və turizm sahələrinin problemlərinə həsr olunmuşdu. Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun, Nazirlər Kabinetinin elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri İsmayıl Sadıqovun, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin, sözügedən rayonların icra başçılarının, mədəniyyət və turizm idarələrinin rəhbərlərinin, müvafiq qurumların nümayəndələrinin iştirakı ilə keçən müşavirədə mövcud problemlərin həlli yolları, bununla bağlı irəli sürülən təkliflər müzakirə edilərək bir ay müddətində təkliflərin hazırlanıb hökumətə təqdim edilməsi ilə yanaşı, işğal olunmuş rayonlarda mədəniyyətin inkişafı ilə bağlı Dövlət Proqramının hazırlanması mühüm vəzifə olaraq qarşıya qoyulub. Müşavirədə iştirak etmiş Fizuli rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Elman Məmmədovla söhbətimiz də elə bu mövzuda oldu. Elman müəllim təmsil etdiyi qurumun üzərinə düşən konkret vəzifələr haqda danışaraq ötən müddət ərzində görülmüş işlərdən söz açdı:

- Elman müəllim, Fizuli rayonunun işğaldan azad olunmuş ərazisində bu günə qədər neçə mədəniyyət obyektinin fəaliyyəti bərpa olunub?

- Mədəniyyət və Turizm Şöbəsinin rayonun işğaldan azad edilmiş ərazisində 33 kitabxana, 19 klub müəssisəsi, 5 uşaq musiqi məktəbi, bir Dövlət Dram teatrı, habelə Bakı şəhərində 7 uşaq musiqi və incəsənət məktəbi və 2 muzeyi fəaliyyət göstərir. Düşməndən azad edilmiş ərazidə respublika əhəmiyyətli 3 tarixi mədəniyyət abidəsi şöbəmiz tərəfindən mühafizə olunur. Fizuli rayon Tarix-Diyarşünaslıq muzeyinin işğaldan çıxarılmış 6 mindən çox eksponatı hazırda "İstiqlal" muzeyində mühafizə olunur. Ötən müddət ərzində 200-dən çox eksponat toplanıb muzeyin fonduna daxil edilərək komplektləşdirilib. Bu ilin iyul ayında rayon İcra hakimiyyəti başçısının məktubuna cavab olaraq, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Bala Bəhmənli kəndində rayon Tarix-Diyarşünaslıq muzeyinin filialı açılıb. Filialda toplanmış eksponatlar rayonun tarixini mədəniyyətini əks etdirir.

-  Kitabxanaların əhaliyə xidməti hansı səviyyədə qurulub?

-  Rayon Mərkəzi Kitabxanası ərazidə eləcə "Fin", "Qayıdış" qəsəbələrində əhaliyə mədəni xidmət göstərir. Mərkəzi Kitabxananın kitab fondu 23 540 nüsxədən ibarətdir. Oxucuların sayı isə 5 102 nəfər təşkil edir. Qeyd edim ki, il ərzində Prezidentin kitabxanaların latın qrafikalı  ədəbiyyatlarla təmin olunması sərəncamına uyğun olaraq 14 425 ədəd latın qrafikalı ədəbiyyat Mərkəzi Kitabxananın filiallarına paylanıb.

-  Mədəniyyət Turizm Nazirliyi tərəfindən keçirilən müsabiqə festivallarda mütamadi şəkil iştirak edirsinizmi?

- Öncə onu qeyd edim ki, keçirilən bütün tədbirlərdə bizim rayonun Mədəniyyət Turizm Şöbəsi yaxından iştirak edir. Belə ki, uşaq musiqi incəsənət məktəbləri xor kollektivlərinin Respublika müsabiqəsində, milli musiqi alətləri ifaçılarının III eləcə uşaq muğam ifaçılarının III müsabiqələrində maraqlı repertuarlarla çıxış edərək müəyyən nailiyyətlər əldə ediblər. Uşaq musiqi incəsənət məktəbləri xor kollektivlərinin Respublika müsabiqəsində Fizuli şəhər S.Şuşinski adına 1 saylı uşaq incəsənət "Qarabulaq" uşaq musiqi məktəblərinin xor kollektivləri ölkə üzrə ən yaxşı çıxış etmiş ilk 25 kollektiv siyahısına daxil edilib. Fizuli şəhər 2 saylı uşaq incəsənət məktəbinin şagirdi Azad Qarabağlı muğam ifaçılarının III Respublika müsabiqəsində xüsusilə fərqlənərək diploma pul mükafatına layiq görülü.

 -  Bütünlüklə işğala məruz qalan, sonradan ərazisinin bir hissəsi azad olunan  Fizuli rayonu həm də cəbhə bölgəsidir. Bu baxımdan təmsil etdiyiniz qurum vətənpərvərliyin təbliği ilə bağlı hansı tədbirlər həyata keçirib və ya keçirməyi planlaşdırır?

-  Bizim şöbə hazırkı müharibə vəziyyəti ilə əlaqədar olaraq hərbi vətənpərvərlik və hərbi hamilik işini diqqət mərkəzində saxlamaqla, bu istiqamətdə bir sıra əhəmiyyətli işlər görüb. Belə ki, ötən illərdə olduğu kimi, bu ilin altı ayı ərzində cəbhə bölgəslndə yerləşən bütün hərbi hissələrdə, Dövlət sərhəd qoşunları dəstələrində və hərbi hospitalda mədəniyyət müəssisələri, musiqi incəsənət məktəbləri,  bədii  özfəaliyyət kollektivləri  rəngarəng konsert proqramları ilə çıxış ediblər. Eyni zamanda, həmin hərbi hissələr hamiliyə götürülüb. Bu işi gələcəkdə davam etdirəcəyik.

- Qarşılaşdığınız problemlər barədə deyə bilərsiniz?

- Həqiqətən fəaliyyətimiz zamanı bir sıra çətinlik problemlərlə qarşılaşırıq. Məsələn, rayonun işğaldan azad edilmiş ərazisindəki XIII əsrə aid Şeyx Babi Yaqub Əhmədallar türbəsinin bərpaya ciddi ehtiyacı var. Həmin türbələrin Böyük Bəhmənli kəndindəki XIX əsrə aid məscid binalarının uzun müddət təmir olunmaması işğala məruz qalması həmin abidələrin məhv olması təhlükəsini yaradıb. Ümid edirəm ki, bu ya digər problemlər Rayon İcra Hakimiyyəti, Mədəniyyət Turizm, müvafiq nazirlik komitələrin köməyi ilə yaxın zamanda öz müsbət həllini tapacaq. Bütün çətinlik problemlərə baxmayaraq çalışırıq ki, öz işimizi mövcud tələblərə uyğun quraq. Bu baxımdan Prezidentin tövsiyəsi ilə avqustun 22- keçirilən müşavirə bizim qarşımızda daha mühüm məsuliyyətli vəzifələr qoyur. Mən inanıram ki, işğal olunmuş rayonlarda mədəniyyətin inkişafı ilə bağlı Dövlət Proqramın hazırlanması mövcud problemlərin aradan qaldırılmasına gətirib çıxaracaq.

 

Yeni Azərbaycan.- 2006.- 16 sentyabr.- S. 6.