Rzalı R.
Mədəni
irsimizi qorumaq hər birimizin vətəndaşlıq borcudur
Qloballaşmanın
hansı sürətlə getməsindən və cəmiyyətlərin
aşırı sivilizasiyalaşmasından asılı
olmayaraq hər bir xalqın, millətin öz tarixini,
mədəniyyətini və mədəni irsini qorumaq
hüququ var. Dünyada gedən siyasi və mədəni
proseslər sübut edir ki, mədəniyyət hüququ insan
və vətəndaş hüququnun ayrılmaz hissəsidir,
qənaət ondan ibarətdir ki, məxsus olduğu millətin
mədəni irsini qorumaq vətəndaşın öz
hüququnu qorumaq deməkdir.
1935-ci ildə Vaşinqtonda imzalanmış "Rerux
Paktı" adlı beynəlxalq sənəddə elm və
mədəniyyət təyinatlı, eyni zamanda tarixi
abidələrin və mədəni irsin qorunması
məsələləri öz əksini tapmışdı. Bir
sıra beynəlxalq hüquqi aktlarda və
"Ümumdünya Mədəni İrsin və Təbii
Sərvətlərin Qorunması haqqında" YUNESKO-nun
1972-ci il noyabrın 16-da qəbul etdiyi Konvensiyada mədəni
irs anlayışının aydın tərifi verilmişdir.
Bunlar - abidələr, tarixi baxımdan ansambllar,
əhəmiyyətli universal dəyərə malik memarlıq
nümunələri, əlahiddə və ya bir-biri ilə
əlaqəli tikililər qrupudur. Xatırladaq ki, Azərbaycan
bu Konvensiyaya 1993-cü ildə qoşulmuşdur. 1976-cı il
noyabrın 26-da Nayrobidə keçirilən BMT-nin Təhsil,
elm və mədəniyyət məsələləri
üzrə baş konfransının qəbul etdiyi "Tarixi
ansamblların mühafizəsi və rolu haqqında"
tövsiyələrində deyilir ki, tarixi və ya
ənənəvi ansambllar dedikdə, toxunulmazlığı
və dəyəri, arxeoloji qazıntı yerləri də
daxil olmaqla açıq məkanlar nəzərdə tutulur.
Sənəddə qeyd olunur: "Mədəni irs elə bir
sərvətdir ki, onun mühafizəsi, qorunması və
təbliği öz vətəndaşları, beynəlxalq
birlik qarşısında öhdəlik götürmüş
dövlətin vəzifəsidir".
Ümummilli liderimiz Heydər Əliyev vaxtilə
xalqımıza məxsus tarixi və mədəni
abidələrin qorunub-saxlanması ilə bağlı bir
neçə dəfə sərəncam imzalamış,
müvafiq icra orqanlarına İçərişəhərin
baş planının işlənib hazırlanması
haqqında tapşırıqlar vermişdir.
Tarixçilərlə, arxeoloqlarla və
mütəxəssislərlə dəfələrlə
görüşmüş, ulu öndər onlara orta
əsrə aid İçərişəhərin,
Şirvanşahlar sarayının olduğu kimi bərpası
üçün bir sıra təklif və
tövsiyələrini vermişdir.
Ulu öndərin sərəncamından və ciddi
tapşırığından sonra dəfələrlə
müvafiq təşkilatlarda, AMEA-nın aidiyyəti
institutlarında toplantılar keçirildi, hətta
İçərişəhərin taleyi ilə bağlı
Bakıda üçgünlük beynəlxalq konfrans da
təşkil olundu. Həmin konfransda
mütəxəssislər dəfələrlə
vurğuladılar ki, Bakının tarixi və memarlıq
incilərindən olan İçərişəhərin
planlı surətdə dağıdılması xalqın
mədəni irsə malik hüququnun kobud şəkildə
pozulması deməkdir. Bu gün təəssüflər olsun
ki, tarixi-memarlıq abidələri Bakının mədəni
irsində tutduqları mövqelərdən
sıxışdırılır və bununla da paytaxtın
memarlıq ənənələrinə xələl
gətirilir. Halbuki İçərişəhər və
Azərbaycan memarlıq incilərinin bir neçə
nümunəsi Dünya memarlıq inciləri sırasına
daxil olmuşdur və YUNESKO-nun Dünya Mədəni İrs
komissiyası tərəfindən qorunur.
Bu günlərdə Prezident cənab İlham Əliyev
Bakı şəhərində tarixi-memarlıq
abidələrinin bərpası və qorunması haqqında
sərəncam imzalamışdır. Sərəncamda deyilir
"...Uzun illərdən bəri Azərbaycanın nadir
tarixi-memarlıq abidələri lazımınca
qorunmamış, onlardan bir çoxu baxımsızlıq
üzündən yararsız hala düşmüş,
səriştəsizlik nəticəsində bəzilərinin
bərpası tikililərin heyrətamiz tarixi görünüşünə
və çoxəsirlik memarlıq irsi
ənənələrinə ciddi xələl
gətirilərək aparılmışdır.
Təmir-bərpa işləri görülərkən
ümumi prinsiplərə riayət olunmadığı kimi
binaların divarlarına vurulan zövqsüz reklam
lövhələri, çəkilən elektrik xətləri,
habelə digər kommunikasiya şəbəkələri
və razılaşdırılmadan edilən
dəyişikliklər tarixi tikililəri
eybəcərləşdirmişdir. Bir sıra hallarda isə
nadir gözəlliyə və tarixi əhəmiyyətə
malik abidələr ümumiyyətlə diqqətdən
kənarda qalmışdır..."
Son zamanlar diqqətdən kənarda qalan qədim və
tarixi-mədəni irsimizə laqeyd münasibətdəndir ki,
memarlıq ənənələri olan yerlərdə də
yeri gəldi-gəlmədi reklam yapışdırılır.
Nəhayət, bu günlərdə
İçərişəhərdə yerləşən
tarixi abidələrin qorunması və ümumi fona
dəyə biləcək ziyanın qarşısının
alınması üçün bir sıra tədbirlər
həyata keçirilməyə başlayıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
bildirib ki, hazırda İçərişəhərdə
qurulan müxtəlif reklam lövhələri yaxın
zamanlarda yığışdırılacaq: "Biz qərara
almışıq ki, yaxın vaxtlarda
İçərişəhərin vəziyyəti tamamilə
dəyişilsin. Prezident İlham Əliyevin
sərəncamı ilə Nazirlər Kabinetinin nəzdində
xüsusi qurum məşğul olur. Bu qurumun tezliklə
işə başlaması üçün bizdən
asılı olan hər bir işə hazırıq.
Bugünkü mövcud qanunvericiliyə uyğun olaraq heç
bir tarixi abidənin üzərinə reklam lövhəsi
vurulmamalıdır. Əfsuslar olsun ki, bu gün
vəziyyət belə deyil".
Onu da qeyd edək ki, işğalçı Ermənistanın
zəbt etdikləri ərazilərimizdə həyata
keçirdiyi etnik təmizləmə həmin ərazilərin
tarixən Azərbaycan xalqına məxsus olduğunu sübuta
yetirən fakt və dəlillərin məhvinə
yönəldilmişdir. Bu ərazilərdə
yerləşən maddi-mədəni abidələr də
məqsədli şəkildə məhv edilir. Deməli,
hər bir Azərbaycan vətəndaşı və
mütəxəssislər həm paytaxdakı tarixi və
mədəni irsimizə, həm də işğal altındakı
maddi və mədəniyyət abidələrimizə sahiblik
hüququnu təmin etmək üçün mübarizə
aparmalıdırlar
Azərbaycan.-2006.-3
sentyabr.- S. 6.