Kompleks
iqtisadi inkişafda turizmin imkanlarından tam yararlanmaq
lazımdır
Bu gün 27-ci dəfədir ki,
dünyanın, demək olar, bütün ölkələri
turizm gününü qeyd edirlər. Bir az əvvəl
Bakıda keçirilmiş turizm nazirlərinin V İslam
konfransında Ümumdünya Turizm Təşkilatının
Baş katibi Françesko Franjialli son illər beynəlxalq
turizmin çətin və qeyri-müəyyən
şəraitdə inkişaf etdiyini göstərərək
Azərbaycanda da bu sahəyə xüsusi diqqət
yetirilməsindən məmnun qaldığını bildirdi.
İslam Konfransı Təşkilatının Baş katibi
Ekmələddin İhsanoğlu Azərbaycanın öz
zəngin təbii sərvətləri, dağları,
vahələri, tarixi monumental abidələri, mədəni
irsi, folkloru, flora və faunası ilə həqiqətən
islam aləminin gözəllik rəmzi olduğunu
vurğuladı. Mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev qonaqlara Azərbaycan
iqtisadiyyatının yeni və perspektivli sahəsi kimi turizm
infrastrukturunun geniş imkanları, ölkə
rəhbərliyinin onu iqtisadiyyatın öncül
sahələrindən biri hesab etdiyi haqqında məlumat verdi.
Pakistan İslam Respublikasının turizm naziri Nilufər xanım
BƏxtiyar turizm sahəsində Azərbaycanın böyük
imkanlarından istifadədə düzgün yol seçildiyini,
yaxın gələcəkdə bunun yaxşı
səmərəsini görəcəyimizi nəzərə
çatdırdı.
Bəs ölkəmizin turizm imkanlarını tam üzə
çıxara bilmişikmi? Kompleks iqtisadi inkişafda
turizmdən qədərincə faydalanırıqmı?
Şərq Ölkələri Beynəlxalq Memarlıq
Akademiyasının müxbir üzvü, Memarlıq və
İnşaat Universitetinin dosenti, memarlıq namizədi Aida
xanım Əliyeva ilə söhbətimiz bu mövzuda -
Azərbaycanda turizmin ərazi-rayon differensasiyası haqqındadır.
- Azərbaycan şəraitində turizmin bütün forma
və növlərinin intensiv inkişafı
mümkündürmü?
- Mümkündür. Buna təbii landşaftın
müxtəlifliyi, maddi mədəniyyət və tarixi-
memarlıq abidələrinin zənginliyi böyük imkanlar
yaradır. Respublika turizm sisteminin məkan həllinin əsas
məsələlərindən biri turizm ehtiyatlarının
mərhələlərlə mənimsənilməsi, turizm
rayonlarının və bu rayonlarda iri turizm komplekslərinin
təşkil edilməsidir. Turizm kompleksləri iqtisadi
cəhətdən əlverişli olmaqla bərabər, ərazidən
səmərəli istifadə etməyə və ətraf
mühiti qorumağa kömək göstərir. Bu gün
qiymətli turizm ərazilərinin ehtiyatda saxlanılması
və lokal turizm rayonlarının yaradılması vacibdir.
Turizm rayonları elmi-texniki tərəqqi və sosial-iqtisadi
yüksəliş nəticəsində istər plan,
istərsə də funksional struktur baxımından
dəyişə bilər. Dəyişilməz qalan yalnız
ərazilərdir və bu, təbii mühitin sabit amilləri -
yüksək zonalıq, mürəkkəb relyef və
regionlarda iqlimin xüsusiyyəti ilə bağlıdır.
Zonal fərqlər turizm sənayesinin inkişafına,
qurğuların memarlığına, yaşayış
mərkəzlərinin planlaşdırılmasına, turizm obyektlərinin
yerləşdirilməsinə birbaşa təsir edir.
- Turizm və istirahət yerlərinin
layihələşdirilmsində marşrutlar da
nəzərə alınırmı?
- Bu zaman diqqət zonal marşrutlara yönəldilməlidir.
Əsas marşrutlarla - Bakının turizm kompleksi,
Abşeronun turist istirahət kompleksi, Lənkəranın
subtropik zonası və dağ səyahətləri ilə
yanaşı, Xəzər dənizindən istifadə də
yaddan çıxarılmamalıdır.
- Dedikləriniz respublikada turizmin inkişafı proqramında
əks olunubmu?
- Bəli. Proqramda yeddi rayon-ərazi turist marşrutu müəyyən
edilib: Abşeron-Qobustan, Şamaxı-Zaqatala,
Qusar-Siyəzən, Gəncə-Mingəçevir,
Lənkəran-Astara, Kəlbəcər-Qarabağ turizm
rayonları və Naxçıvan turizm zonası.
- Bu bölgələrin turizm imkanlarından necə
istifadə edilir?
- Hər bölgənin öz xüsusiyyəti var. Abşeron-Qobustan
turizm rayonu çoxprofillidir. Aktiv mənimsənilməsinə
baxmayaraq, buranın turizm ehtiyat mənbələri
tükənməyib. Abşeron arxipelaqı adalarından
sualtı turizmin, kruiz turizminin inkişafı üçün
istifadə etmək olar. Abşeron Milli parkını, Qobustan
qaya təsvirlərini, Böyükdaş, Kiçikdaş
dağlarındakı, Yazılıtəpə
yüksəkliyindəki və Cingirdağdakı tarixi
abidələri, palçıq vulkanlarını xarici
turistlərə, elə öz turistlərimizə də
hələ lazımınca tanıda bilməmişik.
Şamaxı-Zaqatala turizm rayonunda Çuxuryurd, Pirqulu,
Lahıc, Basqal kimi kurort-rekreasiya yerləri var. İndi
Pirquludakı "Fortuna" turist bazasında rahat
kotteclərdə istirahət edənlər atla gəzintiyə
də çıxırlar. Bu zonada yaz-yay turizmi öz
yerində, qar örtüyü dayanıqlı və
uzunmüddətli olduğundan turizmin dağ növlərinin
təşkili də mümkündür. Şəki, Qax,
Zaqatala rayonları alpinizm, dağ xizək idmanı baza və
müəssisələrinin yaradılmasından ötrü
bütün təbii-rekreasiya amillərinə malikdir,
onların landşaft-iqlim şəraiti turist istirahət
şəbəkəsini daha da genişləndirməyə
imkan verir. Qusar-Siyəzən turizm rayonu özünün
təmiz havası, dənizə yaxınlığı və
meşə örtüyü ilə seçilir, Qalaaltı
sanatoriyası, Çıraqqala tarixi-memarlıq abidəsi
və Altıağac Milli parkı ilə məşhurdur. Laza
kəndinin ətrafında salınmış "Suvar"
dağ turist bazası burada turizmin daha da inkişaf
etdirilməsinə kömək göstərəcək.
Əgər sərmayə qoyulsa, yerli və xarici turistlər
Qəçrəş istirahət zonasından il boyu yararlana
bilərlər. Nümunə üçün uzağa
getmək lazım deyil, Quba və Qusar arasındakı
meşədə "Lond Forest" ingilis dağ turist
bazasında olmaq kifayətdir. Gəncə- Mingəçevir
turizm rayonunda Naftalan kurortunun şöhrətini
özünə qaytarmaq, onu beynəlxalq turizm və
müalicə mərkəzinə çevirmək günün
zəruri tələbidir. Göygöl turizm zonasının
müalicə və turist istirahət imkanlarından da
geniş istifadə olunmasını təmin etmək
lazımdır. Lənkəran-Astara turizm rayonunun meşə
massivləri, qumlu çimərlikləri, mineral su bulaqları
turistlər üçün çox cəlbedicidir. Şirvan
Milli parkına tarixi-milli park statusu verilməsi ilə burada,
habelə Qızılağac qoruğundan və Hirkan Milli
parkından - Xəzər dənizinin sahillərindən
zəngin fauna və floralı Talış dağlarına
qədər geniş bir ərazidə ekoturizm inkişaf
etdirilə bilər. Unikal turist-rekreasiya ehtiyatları olan
Naxçıvan turizm zonasından əsrlər boyu
böyük karvan yolu keçib, hər sivilizasiya buranın
memarlığında və mədəniyyətində öz
izini qoyub. Belə təkraredilməz mədəni irsə,
müxtəlif landşafta malik Naxçıvanda turizmin
hərtərəfli inkişafına yalnız Azərbaycan
müstəqillik qazandıqdan sonra başlanılıb. Ordubad
Milli parkı, sıx meşələr, mənzərəli
dağlar, subalp çəmənliklər, soyuq mineral su
bulaqları, sonalı göllər
Naxçıvançayın yuxarı axarlarını turist
sağlamlıq mərkəzinə çevirməyə,
turizmin su idmanı növlərini inkişaf etdirməyə
əsas verir. Şahbuz rayonunda qış idman turizmini,
ekoturizmi inkişaf etdirmək məqsədəuyğundur.
Burada çoxlu istifadəsiz kənd evləri var, turistləri
orada yerləşdirməklə dağ çaylarına və
göllərinə, Badamlı termal bulaqlarına,
Biçənək meşə zonalarına piyada və atla
gəzintiyə çıxarmaq olar.
- Kəlbəcər-Qarabağ turizm rayonundan
danışmadınız.
- Ölkəmizin ən səfalı guşələri,
gözəl istirahət yerləri bu zonadadır. Şuşa
Kiçik Qafqazın dağ-iqlim kurortları arasında
xüsusi yer tutur, həmişə turist istirahət mərkəzi
kimi tanınıb. Kəlbəcərin İstisuyunun
tayı-bərabəri yoxdur. Burada və "Qoturlu" su
mənbəyində sanatoriya müalicəsindən
əlavə, turistlər il boyu istirahət edə, qış
idman oyunları, alpinizm ilə məşğul ola
bilərlər. Lakin Kəlbəcər və
bütövlükdə Qarabağ subregionu bu gün erməni
qəsbkarlarının əlində olduğundan problemin
həlli imkan xaricindədir.
...Ümumdünya Turizm Təşkilatı Baş
Assambleyasının təsis etdiyi turizm bayramı dünya
birliyinin iqtisadiyyatına və müxtəlif
ölkələrin xalqları arasında əlaqələrin
inkişafına turizmin töhfəsinin
işıqlandırılması məqsədi güdür.
"İslam sülhün rəmzi və turizmin
inkişafının təminatçısıdır"
devizi ilə keçirilən turizm nazirlərinin V islam
konfransı da ölkələrimizin bir-birinə daha da
yaxınlaşmasına, onların arasında birliyin və
əməkdaşlığın
gücləndirilməsinə, iqtisadi və mədəni
əlaqələrin genişləndirilməsinə öz
töhfəsini verdi. Forumun bəyannaməsində
ermənilərin Azərbaycanın işğal olunmuş
torpaqlarında təbii ehtiyatları talaması,
mədəniyyət və tarix abidələrini
dağıtması, yanğınlar törətməsi,
habelə Ermənistan ərazisindəki islam
mədəniyyət və tarix abidələrini məhv
etməsi kimi əməllərinin qəti pislənməsi erməni
faşizminin əsl niyyətlərini açıb
göstərən ciddi çağırışdır.
Azərbaycan.-2006.-27 sentyabr.- S. 5.