İlham Əliyev İslam Konfransı Ümumdünya Turizm təşkilatlarının baş katiblərini qəbul edib

 

Dünən Azərbaycan Prezidenti İlham Əliyev İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmələddin İhsanoğlunu Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Françesko Franjiallini qəbul edib. Ekmələddin İhsanoğlu Azərbaycanın İslam Konfransı Təşkilatında çox fəal iştirak etdiyini, ölkəmizdə bu nüfuzlu təşkilatın böyük tədbirlərinin keçirilməsini Azərbaycanın beynəlxalq aləmdə artan möhkəmlənən mövqeyi ilə əlaqələndirib. Françesko Franjialli isə vaxtilə Azərbaycanda olduğunu, ümummilli lider Heydər Əliyevlə görüşünü məmnunluqla xatırladıb. O, İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin turizm nazirlərinin V Konfransının Azərbaycanda keçirilməsinin böyük əhəmiyyət daşıdığını bildirib.

Prezident İlham Əliyev bu yaxınlarda İstanbulda İKT-nin Əməkdaşlıq Dialoq Uğrunda Gənclər Forumunun daimi qərargahının açılışı mərasimində iştirak etdiyini diqqətə çatdıraraq bu təşkilat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini bildirib. Dövlət başçısı ÜTT-nin baş katibinin ölkəmizə səfərinin turizmin inkişafı ilə əlaqədar Azərbaycanda görülən işlərlə yaxından tanış olması üçün yaxşı imkan yaratdığını söyləyib.

 

Yeni Azərbaycan.- 2006.- 12 sentyabr.- S. 2.