Babayev E.
Turizm nazirlərinin
V konfransının Bakı
Bəyannaməsi və Qətnaməsi qəbul olunub
Azərbaycanın işğal olunmuş ərazilərindəki erməni vəhşilikləri pislənilir
Dünən İslam Konfransı
Təşkilatına (İKT) üzv ölkələrin turizm
nazirlərinin sentyabrın 9-da başlayan V konfransı başa
çatıb. Konfransın yekununda Bakı Bəyannaməsi
və Qətnamə qəbul olunub. Bəyannamə
əvvəlki konfrans və iclaslarda qəbul olunmuş
razılaşmaları, turizm və mədəniyyət
mübadiləsi sahəsində fəaliyyət
göstərən Dünya Turizm Təşkilatı və UNESCO
ilə sıx əməkdaşlığı, İslamın
insan dəyərlərini qiymətləndirməsini, başqa
dinlərə, irqlərə və xalqların birgə
yaşayışa tolerantlığını, diplomatiyanın
turizmin inkişafındakı rolunu və digər
prinsipləri özündə əks etdirir. Bundan başqa,
sənəddə terrorizm, münaqişələr, ərazi
işğalları, təbii fəlakətlər, epidemiyalar
və iqtisadi böhranların üzv ölkələrin
ümumi inkişafına və turizm potensialına mənfi
təsir göstərdiyi bəyan edilib. Bəyannamədə o
da deyilir ki, turizm mədəniyyətlərarası
mübadilədə, İslamın tarixi və mədəni
irsinin qorunması və təbliği İslamın
dünyadakı imicini yüksəldə bilər.
Bəyannamədə insanların rahat səyahət etmələrinin təmin edilməsi, üzv dövlətlər arasında turist axınının artırılması, turizm sahəsinə investisiyaların cəlbi məqsədi ilə əlverişli şəraitin yaradılması, üzv dövlətlər arasında keçirilən turizm yarmarkalarında fəal iştirak, gənc turizmin inkişafına xüsusi diqqətin yetirilməsi, sahil və ucqar ərazilərdə bu sahənin inkişafı, İKT üzvü olmayan ölkələrlə viza prosedurunun sadələşdirilməsi, terrorizmin, separatizmin bütün ünsürlərinin pislənməsi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı kimi beynəlxalq prinsiplər əsasında münaqişələrin həllinin sürətləndirilməsi əks olunub. Eyni zamanda, Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətlərin qanunsuz istismarı, mədəni və tarixi abidələrin məhvi, o cümlədən İslamın mədəni və tarixi abidələrinin Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmasının pislənilməsi, üzv dövlətlərin müvafiq orqanlarının turizmin inkişafına kömək etməsi və digər tədbirlərin görülməsi qərara alınıb.
Konfransda qəbul olunmuş digər sənəd - Qətnamədə isə İslam Sənaye və Ticarət Palatasının təşəbbüsünə uyğun olaraq, Beynəlxalq Turizm Şirkətinin yaradılmasını, üzv dövlətlər arasında açıq viza rejiminin tətbiqini, üzv dövlətlər arasında KİV nümayəndələrinin gediş-gəlişini asanlaşdırılmaqla onların turizmə verdiyi xidmətdən faydalanmağa, gənc turizmin inkişafına yardım etməyə və İsrailin təcavüzünü pisləməyə çağırılır (APA).
Qətnamədə Azərbaycan prezidenti İlham Əliyevə tövsiyə xarakterli nitqinə və konfransın keçirilməsinə etdiyi köməyə, Azərbaycan xalqına və hökumətinə səmimi qarşılanma və qonaqpərvərliyə görə dərin minnətdarlıq bildirilir.
Kaspi.- 2006.- 13 sentyabr.-
S. 2.