Əsədov B.
Bu
gün Bakıda turizm nazirlərinin V islam konfransı
işə başlayır
Bu gün Bakının
"Gülüstan" sarayında İslam Konfransı
Təşkilatının üzvü olan ölkələrin
turizm nazirlərinin V konfransı işə başlayır.
Əvvəlcədən hazırlanmış proqrama
əsasən sentyabrın 9-da və 10-da qırxa yaxın
ölkənin yüksək rütbəli ekspertləri
konfransın gündəliyini və imzalanacaq
sənədlərin layihələrini hazırlayacaqlar.
Sonrakı iki gündə isə nazirlər
görüşəcək, öz dövlətlərinin turizm
potensialı haqqında məlumat verəcək, fikir
mübadiləsi aparacaqlar. Müzakirələrdə əsas
məsələ turizm sahəsində əməkdaşlığın
inkişaf etdirilməsi olacaq. Konfransda Ümumdünya Turizm
Təşkilatının Baş katibi Françesko
Franjiallinin, habelə İKT-nin, İKT-də və
beynəlxalq təşkilatlarda müşahidəçi
ölkələrin rəsmi nümayəndələrinin
iştirakı da gözlənilir.
Bu mötəbər toplantı üçün Bakının
seçilməsi təsadüfi deyil. Ölkəmiz
həmişə gəzib-görməli yerləri ilə
turistlərin diqqətini cəlb edib. Azərbaycan özü
kimi vüqarlı uca dağları, dərin qobuları,
laləzar vadiləri, mənzərəli
düzəngahları, alp çəmənlikləri,
qızıl qumlu çimərlikləri, gur sulu
çayları, mavi gölləri, füsunkar
meşələri, yaşıl ormanları, memarlıq,
təsviri incəsənət abidələri, tətbiqi xalq
sənəti, ədəbiyyat, musiqi və teatr
mədəniyyəti, faydalı qazıntıları,
palçıq vulkanları, rəngarəng flora və
faunası, subtropik zonası ilə tanınan diyardır. Bu
diyara təşrif buyuranlar, onu səyahətə
çıxanlar hər zaman səmimi mehribanlıqla, əsl
mehmanpərvərliklə qarşılanır, unudulmaz,
ömüruzadan günlər yaşayır,
özlərinə sədaqətli dostlar qazanırlar. Bu ilin
əvvəlindən respublikamız rekord sayda - bir milyona
qədər turist qəbul edib, ilin axırınadək daha 300
min nəfər "qapımızı" döyə
bilər. Qonaqlarımızın hamısına ürəkdən
deyirik:
- Azərbaycana xoş gəlibsiniz, həmişə siz
gələsiniz!
Turizm ölkənin və regionların sosial, eyni zamanda iqtisadi
inkişafında mühüm rol oynayır. İstər ulu
öndər Heydər Əliyevin 2002-ci il avqustun 27-də
təsdiqlədiyi turizmin inkişafına dair (2002-2005-ci
illər) Dövlət Proqramında, istərsə də
cənab Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli
fərmanı ilə təsdiq edilmiş regionların
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında da
bu, öz əksini tapıb. Artıq hər iki
sənəddə turizm ilə bağlı müəyyən
olunmuş tədbirlər əsasən yerinə yetirilib.
İndi dövlət başçısının
tapşırığı ilə turizm sənayesinin gələcək
inkişafına yönəldilmiş yeni konsepsiya
hazırlanır. Mədəniyyət və Turizm Nazirliyi
kollegiyasının qərarı ilə xüsusi işçi
qrupunun üzərində çalışdığı
"2007-2016-cı illərdə Azərbaycanda turizmin
inkişafı Proqramı"nda daxili turizm
şəbəkəsini genişləndirmək, əcnəbi
turistlər üçün maksimum yaxşı şərait
yaratmaq nəzərdə tutulur. Məqsəd ölkəyə
turist axınını gücləndirmək və bundan
faydalanmaqdır. Əlbəttə, biz Fransa (ildə 75 milyon
turist qarşılayır), İspaniya (52,5 milyon), ABŞ (40,4
milyon), İtaliya (39,6 milyon), Çin (33 milyon) və
Böyük Britaniya (24,8 milyon) kimi turist dövlətləri
ilə rəqabət apara bilmərik. Turizm sahəsindən
gəlirdə də onlara çatmağımız imkan
xaricindədir. Məsələn, Böyük Britaniya xarici
turistlərdən hər il 19,4 milyard dollar qazanır,
Azərbaycanda isə bu il ən yaxşı halda 80 milyon dollar
gəlir götürüləcək. Əgər ABŞ-da
hər turist ölkədə olduğu müddətdə 1600,
Almaniyada 1250, İtaliyada və İspaniyada 790, Avstriyada 700,
Çində 520 dollar xərcləyirsə, Azərbaycanda bu
göstərici heç dilə gətiriləsi deyil.
Gərək elə edək ki, ölkəmizə daha çox
turist gəlsin, turizmdən gəlirimiz daha da artsın. Bunun
üçün ilk növbədə hazırda 205 nəfər
hüquqi və fiziki şəxsin məşğul olduğu
turizm biznesinin bütün potensial imkanlarını üzə
çıxarmaq, onun zəif yerlərini öyrənmək, əsas
istiqamətlərini müəyyənləşdirmək
lazımdır.
Bütün dünyada turizm xidmətlərinin qiyməti
ildən-ilə artır. Əsas səbəb müasir turist
mehmanxanalarının qıtlığıdır. Bu problem
Azərbaycan üçün xüsusilə aktualdır.
1995-2002-ci illərdə mehmanxana müəssisələrinin
sayı xeyli azalmışdı. Son dörd ildə bu
sahədə ciddi dönüş edilib. Təkcə
2006-cı ilin əvvəlindən ölkədə səkkiz
mehmanxana istifadəyə verilib və daha iyirmisi tikilir.
Dövlət başçısı İlham Əliyevin
fərmanı ilə mehmanxana və mehmanxana tipli
obyektlərə lisenziya verilməsi Mədəniyyət və
Turizm Nazirliyinə tapşırılıb. Yeni standartlar
əsasında artıq yeddi mehmanxana və mehmanxana tipli obyekt
təsnifatdan keçib. Bütövlükdə isə
təsnifatdan keçən və "ulduz" alan qırx
mehmanxanamız var. Amma tək mehmanxana ilə iş bitmir.
Daxili turizmin iqtisadi səmərəsini yüksəltmək
üçün nəqliyyat, mədəniyyət, xalq
sənəti, ictimai iaşə, ticarət, rabitə və
digər infrastrukturlar da inkişaf etdirilməlidir.
Bunlar öz yerində. İndi hər yerdə ekoturizmə
maraq artır. Turistlər rahat otellərdən və standart
servisdən daha doyublar. Onlar müəyyən
tələblərə riayət etməklə
(məsələn, cığırdan kənara
çıxmamaq, tonqal qalamamaq, heç nəyə əl
vurmamaq şərti ilə) təbiətin qoynunda - biosfer
ərazidə (və ya qoruqda, milli parkda) dincəlməyə
üstünlük verirlər. Ekoturizm beləcə
təbiətin mühafizəsinə yardımçı olur,
həm də yeni iş yerləri açılmasına
kömək göstərir. Bir vaxt bəzi ölkələrin
qoruq yerlərində əhali çox pis iqtisadi
şəraitdə yaşayırdı. Məhz ekoturizm
həmin yerlərdə natural təsərrüfatın
inkişafına səbəb olub, yerli sakinlər qonaqları
ekoloji cəhətdən təmiz, köhnə
reseptlərlə hazırlanan pendir, yağ və digər qida
məhsulları ilə təmin edirlər.
Gid-bələdçilər də yerli sakinlərdir, xalq
sənəti ustaları ekoturistlərin timsalında yeni
müştərilər tapıblar, düzəltdikləri
məmulatı uzağa getmədən, necə deyərlər,
evin içindəcə xırıd edirlər.
Zəngin təbii potensiala malik ölkələr
sırasında olan Azərbaycanda da turizmin bu sahəsini
inkişaf etdirmək üçün hər cür imkan var.
Bu baxımdan Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin ekoturizmin inkişafı
çərçivəsində milli parklara turist
səfərləri təşkil etmək
təşəbbüsü təqdirəlayiqdir. Bu gün
ölkədə altı milli park, 14 dövlət
təbiət qoruğu və 20 xüsusi mühafizə olunan
zona mövcuddur. Artıq onlara daxil olmaq üçün
buraxılış biletlərinin eskizləri hazırdır,
hər biri haqqında bukletlər tərtib edilib.
Gələcəkdə milli parkların yanında turistlər
üçün informasiya mərkəzləri yaratmaq,
məişət müəssisələri və
müxtəlif xidmət obyektləri açmaq
planlaşdırılır. Fiziki və hüquqi
şəxslərlə bu barədə müqavilələr
bağlanılacaq, əldə edilən vəsait parkların
fonduna köçürüləcək. Hər şey
ediləcək ki, ekoturistlər yaxşı
dincəlsinlər, səfərlərindən razı
qalsınlar.
...İndi isə bu il Azərbaycana səyahətə
gələcək milyonuncu turistin yolunu gözləyirik.
Bəlkə də bu, turizm nazirlərinin V islam
konfransının işlədiyi günlərə
təsadüf etdi. Hər kimdirsə xoş gəlir, səfa
gətirir.
Azərbaycan.-2006.-9
sentyabr.- S. 6.