Həqiqət

Turizmin inkişafı üçün coğrafi şəraitin imkan verməsi azdır

 

Türkiyə Azərbaycana öz təcrübəsini təklif edir

 

"Türkiyədə turizm güclü inkişaf etsə də, Azərbaycan bir çox səbəblərdən bu sektoru inkişaf etdirə bilməyib. Amma onun gözəlliklərlə dolu coğrafi şəraiti, təbiəti, dağları və şəlalələri turizmin inkişaf etdirilməsinə imkan verir. Bu səbəbdən də Azərbaycanın turizmi yenidən kəşf olunmalı və bu sahədə Türkiyə təcrübəsindən istifadə edilməklə dünyaya tanıdılmalıdır". Bu sözləri Türkiyənin Mədəniyyət və Turizm naziri Atilla Koçun dünən Türkiyə Sənaye və İş Adamları Beynəlxalq Cəmiyyətində (TUSİAB) keçirdiyi görüşündə TUSİAB-ın İdarə Heyətinin sədri Batacar Baysal bildirib. Azərbaycanla Türkiyə arasında əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət verdiklərini vurğulayan B.Baysalın sözlərinə görə, Azərbaycanın turizm sektoruna marağın artırılması üçün türk iş adamlarının ölkəyə cəlb edilməsinə ehtiyac var. Bu sahəyə investisiya yatırmaq imkanlarının kifayət qədər olduğunu bildirən TUSİAB rəhbəri birgə layihələrin həyata keçirilməsinin vacibliyini də diqqətə çatdırıb.

Qeyd edək ki, hazırda Azərbaycanda müxtəlif sahələr üzrə fəaliyyət göstərən 300-dən artıq türk şirkəti var. Bu müəssisələrin respublikaya yatırdıqları investisiyanın həcmi artıq 2 milyard dolları aşmaqdadır.

Azərbaycanın 3 il əvvəlkindən daha artıq inkişaf etdiyini önə çəkən Türkiyənin Turizm və Mədəniyyət naziri A.Koç qeyd edib ki, turizmin inkişafı üçün bir çox ölkələr Türkiyədən kömək istəyirlər. Türkiyə də onlara, o cümlədən Azərbaycana bu sahədə yardım etməyə hazırdır. A.Koçun sözlərinə görə, turizmin inkişafı üçün yalmz coğrafı şəraitin imkan verməsi azdır: "Əgər hər hansı bir ölkənin dənizi, dağı, şəlaləsi varsa, bu, kifayət etmir. Turizm sahəsində birinci önə çəkilməli məsələ yol, ikincisi isə qonaq qarşılama xidmətləridir".

MDB ölkələrindən fərqli olaraq Azərbaycanda qış turizminin yaradılması üçün dağ şəraitinin olduqca əlverişli olduğunu bildirən A.Koç bu sahədə Türkiyə ilə Azərbaycanın birgə çalışa biləcəklərini də diqqətə çatdırıb: "Burada qış turizmi yaradıla bilər, bunun üçün dağ imkanları da kifayət qədərdir. Amma buraya gedəcək yolunuz, oteliniz yoxsa, qış turizminin inkişafı mümkünsüzdür. Əgər bunları həll edilərsə, amma həmin otellərdə çalışanlar qonaq qarşılama xidmətlərindən xəbərsiz olarlarsa, oraya müştəri cəlb etmək heç vaxt mümkün olmayacaq". Nazir bildirib ki, Türkiyə Azərbaycana xidmətlərlə bağlı kadrların hazırlanması sahəsində yaxından kömək göstərə bilər. Turizm sektorunun inkişafında Azərbaycana Türkiyənin təcrübəsindən yararlanmağı tövsiyə edən nazir bildirib ki, Azərbaycan Türkiyənin buraxdığı səhvləri təkrarlamamalıdır.

A.Koç Bakıda ilk dəfə keçirilən İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin turizm nazirlərinin toplantısının ölkə üçün əhəmiyyətindən də danışıb: "Bu toplantı ilə Azərbaycan bir daha göstərdi ki, o, belə bir möhtəşəm yığıncaq təşkil etmək iqtidarındadır. İkincisi, burada İKT ölkələri bir-birləri ilə daha sıx əlaqə qura biliblər və bu görüşün davamı da ola bilər".

Qeyd edək ki, bu gün A.Koç Azərbaycan-Türkiyə arasında turizm əlaqələrini inkişaf etdirmək məqsədilə Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevlə görüşəcək. Bundan sonra öz ölkəsinə yola düşəcəyini xatırladan nazirin sözlərinə görə, görüş zamanı iki ölkə arasında birgə layihələrin həyata keçirilməsi müzakirə ediləcək. Həmçinin burada Azərbaycanda qış turizminin yaradılması imkanları da araşdırılacaq.

 

Kaspi.- 2006.- 13 sentyabr.- S. 2.