Xatirə
İKT-nin TURİZM KONFRANSI
ÖLKƏYƏ NƏ VERƏCƏK?
İslam Konfransı
Təşkilatına (İKT) üzv ölkələrin turizm
nazirlərinin Bakıda keçirilən V konfransı başa
çatdı. Xatırladaq ki, bu, sözügedən
təşkilatın Bakıda təşkil olunan ikinci
böyük tədbiridir. Bundan bir qədər əvvəl
İKT xarici işlər nazirlərinin toplantısı
keçirilmişdi.
Bu dəfəki toplantıda Azərbaycanda turizm imkanlarından
bəhs olundu, islam ölkələri bura sərmayə
qoymağa çağırıldı. Bəs, konfransın
Azərbaycanın və ölkədə turizm sahəsinin
inkişafında hansısa rolu olacaqmı?
Politoloq Hikmət Hacızadə tədbirin Bakıda
keçirilməsini əhəmiyyətli hesab edir: “İslam
ölkələrinin potensialından istifadə etmək
lazımdır. Konfransda islam ölkələri
ölkəyə investisiya qoymağa
çağırıldı. Baxaq, görək, bu
addımı atacaqlar, yoxsa yox”. Hikmət bəy bu cür
tədbirlərin bilavaistə reklam xarakteri
daşıdığını söylədi. Onun fikrincə,
bu tədbirin turizmin inkişafında müəyyən rolu ola
bilər.
Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə
Mərkəzinin rəhbəri Hacı İlqar
İbrahimoğlu Azərbaycanda artıq İKT-nin bir
neçə tədbirinin keçirilməsini
təqdirəlayiq hesab edir. Onun sözlərinə
görə, ölkənin islam dünyasına inteqrasiyası
əhəmiyyətlidir: “Bu, əslində Azərbaycanın
milli-mənəvi dəyərləri, əsrlərdən
gələn islami məfkurəsi ilə bağlıdır. Sovetlər
birliyindən sonrakı mərhələdəki intibah
prosesinin məntiqi nəticəsidir. Nəzərə almaq
lazımdır ki, Qarabağ problemi ilə bağlı
səsvermələr və bu kimi digər
məsələlərdə bu ölkələrin birgə
çıxış etmələri Azərbaycanın
xeyrinədir”.
İlqar bəy konfransda müzakirəyə
çıxarılan sağlam istirahətin təşkili, bu
sahədə müsəlman ölkələri arasında
əməkdaşlıq, o cümlədən abidələrin
qorunması, xüsusilə işğal olunmuş
ərazilərdə abidələrimizin
dağıdılması məsələlərini
önəmli hesab edir: “Məncə, müsəlman ölkələri
öz aralarında ümumi islami irsin birgə qorunması
məsələlərində qarşılıqlı
öhdəlik götürməlidirlər. Məscidlərin,
islam abidələrinin qorunması məsələlərində
öhdəliyin götürülməsi zəruri
məsələdir”.
Konfransın turizmin inkişafında roluna gəlincə,
İlqar bəy hesab edir ki, bu cür tədbirlərin
dərhal faydaları olmur. Bunlar uzunmüddətli
perspektivə hesablanır: “Turizmə gəlincə, bu,
ölkədə problemli məsələlərdən biridir. Azad
iqtisadiyyatın olmadığı, monopoliyanın hökm
sürdüyü, bərabər, sərbəst imkanların
olmadığı bir mühitdə sağlam turizmin
inkişafı çətin məsələdir. Bu da artıq
daxili problemimizdir. Bunun da həlli vətəndaş
cəmiyyəti quruculuğundan, ölkədəki normal ab-havanın
yaradılmasından keçən bir prosesdir”.
Musavat.-2006.-14
sentyabr.- S. 3.