Quliyev
İ.
Turizm naziri
Nülufər Bəxtiyarın
sözlərinə görə,
ölkəsinin
tələbi Qarabağ
münaqişəsinin həll olunmasıdır
"Yaxın vaxtlarda Azərbaycanla Pakistan arasında viza rejiminin sadələşdiriləcəyi gözlənilir". Bu barədə dünən Pakistanın Azərbaycandakı səfirliyində keçirdiyi mətbuat konfransında bu ölkənin turizm naziri Nülufər Bəxtiyar məlumat verdi. Onun sözlərinə görə, bu prosedur iki ölkə vətəndaşlarının qarşılıqlı şəkildə bir ölkədən digərinə gediş-gəlişini daha da asanlaşdıracaq. Nazir qeyd etdi ki, hazırda Pakistanda yeni viza siyasəti tətbiq olunmaqdadır. Rəsmi İslamabad artıq 24 ölkə ilə sadələşdirilmiş viza rejimi ilə əməkdaşlıq edir. Azərbaycan isə bu siyahıda "A" kateqoriyasından olan ölkələr siyahısındadır: "Çox istərdik ki, tezliklə Azərbaycan da bu siyahıya qoşula bilsin. İndiyədək Azərbaycan vətəndaşları Bakıdakı səfirliyimizdə qeydiyyatdan keçməklə 30 günlük və çoxgedişli vizalar ala bilirdilər. Çox yaxın vaxtlarda sadələşdirilmiş viza rejiminin tətbiqi ilə əlaqədar olaraq Azərbaycan vətəndaşları da İslamabadda hava limanında qeydiyyatdan keçməklə ölkə ərazisinə daxil olmaq imkanı əldə edə biləcəklər" - deyə nazir bildirdi.
Qonaq ölkəsinin Dağlıq Qarabağ problemiylə bağlı mövqeyini də bir daha açıqladı. O, qətiyyətlə bəyan etdi ki, bu problem həll edilməyənə qədər Pakistan Ermənistanla heç bir əlaqə qurmayacaq. Pakistan rəsmisinin sözlərinə görə, rəsmi İslamabad hazırda Ermənistanla heç bir diplomatik münasibətlərə malik deyil. Azərbaycanla Pakistan arasında diplomatik münasibətlər isə çox yüksək səviyyədə qurulub. İki ölkənin rəhbərləri arasında çox böyük qarşılıqlı hörmət və dostluq mövcuddur. Son illərdə Pakistan prezidenti Pərviz Müşərrəf və Azərbaycanın dövlət başçısı İlham Əliyev qarşılıqlı rəsmi səfərlərdə olublar. Bu səfərlər zamanı iki ölkə arasında əlaqələrin inkişafına dair bir sıra mühüm sənədlər imzalanıb. "İslamabad Azərbaycanın dərdini özünkü hesab edir. Eyni zamanda, Kəşmir məsələsində də Azərbaycan Pakistanı dəstəkləyir. Bizim dostluq və qardaşlıq münasibətlərimiz bundan sonra da davam edəcək. Dağlıq Qarabağ məsələsi öz həllini tapmayınca Pakistan Ermənistan adlı bir dövlət tanımayacaq və onunla heç bir diplomatik münasibət qurmayacaq" - deyə Pakistanın hökumət rəsmisi vurğuladı.
Nülufər Bəxtiyar Pakistanın turizm potensialı haqda da danışdı. O qeyd etdi ki, Pakistanla Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın çox böyük böyük potensialı var. Nazirin sözlərinə görə, qarşıdakı illərdə iki ölkə arasında turizm sahəsində əməkdaşlıqda böyük irəliləyişlərə nail olunacaq. Qonaq dedi ki, Pakistan dünyanın ən qədim sivilizasiya məskənlərindən biridir. Burada bütün dinlərin nümayəndələri sərbəst şəkildə öz fəaliyyətlərini davam etdirməklə yanaşı, əcdadlarından miras qalmış dini-tarixi abidələri də qoruyub saxlaya biliblər. Ümumiyyətlə, Pakistan turizm üçün çox cəlbedici bir ölkədir. Ölkə ərazisində eyni vaxtda ilin bütün fəsillərinə məxsus hava şəraitini görmək olar.
Nazir qeyd etdi ki, rəsmi İslamabad 2007-ci ili "Pakistana səfər edin" ili elan edib. Gələn il boyunca ölkədə hər ay bir beynəlxalq səviyyəli mədəni kütləvi tədbir keçiriləcək: "Hesab edirəm ki, bu tədbirlərə Azərbaycan təmsilçiləri də qatılacaqlar. Belə ki, ölkələrimizin turizm sahəsində əməkdaşlıq etməsi üçün çox böyük imkanları var. Düşünürəm ki, qarşıdakı illərdə iki dost və qardaş ölkə arasında turizm sahəsində əməkdaşlıqda müsbət irəliləyişlərin şahidi olacağıq".
Nülufər Bəxtiyar Bakıda olduğu müddətdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi Pakistana səfərə dəvət etdiyini bildirdi. Onun sözlərinə görə, səfər zamanı azərbaycanlı həmkarının iki ölkə arasında turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq: "Bakıda keçirilən İslam Konfransı Təşkilatına (İKT) üzv olan ölkələrin turizm nazirlərinin 5-ci konfransında iştirak etmək fürsətindən istifadə edərək Azərbaycanın turizm potensialı ilə tanış oldum. Toplantı çərçivəsində həmçinin mədəniyyət və turizm naziri ilə qısa söhbətimiz oldu. Onu Pakistana rəsmi səfərə dəvət etdim. Mədəniyyət və Turizm Nazirliyində yenidən görüşümüz keçiriləcək. Görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəyik. Hesab edirəm ki, nazir Əbülfəs Qarayevin İslamabada səfəri zamanı bu müzakirələrimizi daha geniş şəkildə davam etdirəcəyik. Onu da qeyd edim ki, Pakistanla Azərbaycan arasında turizm sahəsində əməkdaşlığa dair saziş bir müddət əvvəl imzalandığı üçün yeni bir sənədə ehtiyac yoxdur. Biz həmin sazişi əsas götürərək öz işimizi quracağıq" - deyə Nülufər Bəxtiyar bildirdi.
Pakistanın turizm naziri yaxın vaxtlarda İslamabad-Bakı aviareysinin açılmasının yenidən gündəmə gələcəyini də dedi. Onun sözlərinə görə, hazırda bu istiqamətdə müəyyən danışıqlar aparılmaqdadır. "Son vaxtlaradək İslamabadla Bakı arasında həm "Pakistan Hava Yolları", həm də "Azərbaycan Hava Yolları" şirkətlərinə məxsus təyyarələr aviareyslər edirdilər: "Çox təəssüflər olsun ki, tərəflər qeyri-rentabelli olduğunu əsas götürərək, bu uçuşları dayandırdılar. Bakıda keçirilən İslam Konfransı Təşkilatına (İKT) üzv olan ölkələrin turizm nazirlərinin 5-ci konfransında iştirak etmək üçün Azərbaycana səfərimdən istifadə edərək burada bir sıra turizm şirkətlərinin rəhbərləri ilə də görüşmək fürsəti qazandım. Mən yerli turizm şirkətlərini Pakistanla yaxından tanış etmək üçün ölkəmə səfərə dəvət etmişəm. Ümid edirəm ki, çox yaxın vaxtlarda bu səfər gerçəkləşəcək. Bunun nəticəsi olaraq ölkələrimiz arasında turizm əlaqələrinin güclənəcəyinə əminəm. Təbii ki, bütün bunlar "İslamabad-Bakı" və "Bakı-İslamabad" aviareyslərinin yenidən fəaliyyətə başlamasını şərtləndirəcəkdir" - deyə pakistanlı nazir vurğuladı.
Kaspi.- 2006.- 14 sentyabr.-
S.12.