əməkdaşlıq üçün böyük
potensial var
Pakistan Azərbaycan ilə turizm sahəsində əməkdaşlığa böyük maraq göstərir.
Bu fikri İslam Konfransı Təşkilatı (İKT) ölkələri turizm nazirlərinin Bakıda keçirilən V konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının turizm naziri xanım Nilufər Bəxtiyar sentyabrın 13-də keçirdiyi mətbuat konfransında demişdir.
İKT ölkələri turizm nazirlərinin V konfransının yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyev və təşkilatçı qurumlara təşəkkür edən xanım N.Bəxtiyar, ölkələrimizin qədim dostluq əlaqələrini vurğulamışdır. Pakistan Prezidenti Pərviz Müşərrəfin Azərbaycana, Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfərlərinin bu əlaqələrin inkişafına təkan verdiyini qeyd edən nazir, ölkələrimizin beynəlxalq səviyyədə də bir-birini dəstəklədiyini bir daha bəyan etmişdir.
N.Bəxtiyar Pakistan ilə Azərbaycan arasında turizm sahəsində əlaqələrin ürəkaçan olmamasından təəssüfünü bildirmiş, bu istiqamətdə əməkdaşlıq üçün böyük potensalın olduğunu qeyd etmişdir. Azərbaycanı və Pakistanı turizm baxımından kəşf olunmamış ölkə kimi səciyyələndirən nazir, qarşılıqlı turist səfərlərinin təşkilinin əhəmiyyətindən danışmışdır. Xanım N.Bəxtiyar bildirmişdir ki, onun ölkəsi Azərbaycandan Pakistana gedən turistlərin sayının çoxalacağı təqdirdə viza şərtlərini yumşaltmağa hazırdır.
Bakıda olduğu müddətdə yerli turist şirkətlərinin rəhbərləri ilə görüşdüyünü bildirən xanım N.Bəxtiyar, turizm sahəsində əməkdaşlıq imkanlarını müzakirə etmək üçün Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevi və turist şirkətlərinin nümayəndələrini Pakistana dəvət etdiyini demişdir.
Respublika.- 2006.- 14 sentyabr.- S. 2.