Abdulla A.

Bakıda yeni incəsənət mərkəzi açıldı

 “Ziya Art-Salon” sizə zövq verəcək

 

   Dünən İnşaatçılar prospekti-44 ünvanında yeni incəsənət mərkəzinin açılışı oldu. «Ziya Art-Salon» adlanan mərkəzdə bir-birindən gözəl, zərif, göz oxşayan, könül açan əsərlər nümayiş etdirilirdi. İstedadlı rəssamların, həvəskar şəxslərin əl işləri, suvenirlər buraya gələnləri bir anlığa həyatın bütün qayğılarından uzaqlaşdırırdı. Kəndirə sarınmış saxsı qablar, müxtəlif ölçülü saxsı qapaqların birgə kompozisiyası doğrudan da bu məkanın paytaxtda yeganə yer olduğunu elə ilk andaca bildirir.

Rəssam Mir Teymurun keramika əsərləri, Şəhla Dünyamalıyevanın, Orxan Mirəliyevin kompozisiyaları, Tahir Quliyevin nərd taxtası, Saleh Məmmədovun saxsı qabları, Tamella Qurbanovanın ilin dörd fəslini əks etdirən kuklaları, Sitarə Rəhimovanın muncuqlu tikmələri, Seyfəddin Mənsumoğlunun, Samir Adiloğlunun taxta üzərində dini yazıları, Nazilə Əbilovanın “Ağ çiçək” xalçaları, “Pirəbədil” mütəkkələri, Mehriban Zeynalovanın ipək saplarla işlədiyi “Novruz xonçası” və digər əl işləri tamaşaçıların zövqünü oxşayırdı. Salonun açılışını milli geyimli azyaşlılar etdilər. Onlar ənənəvi olaraq lent kəsmədilər, düyünlənmiş kəndirin düyününü açdılar. Azərbaycanın müxtəlif bölgələrinin milli geyimlərində olan qızlar isə xanım görkəmləri ilə ətrafdakılarda milli geyimimizə maraq oyadırdılar. Geyimlərin müəllifi Sabira Dünyamalıyeva bu işlərə bir neçə il vaxt sərf etdiyini söylədi.

Onu da nəzərinizə çatdıraq ki, bu salonda siz istədiyiniz əl işlərini sifariş verə də bilərsiniz.

 

Gündəlik Azərbaycan.-2006.-28 sentyabr.- S. 8.