Xəlilzadə F.

Yüksək zövqlü rəssam

 

Redaksiyamıza Hövsan qəsəbəsində yaşayan iqtisadçı Nazilə Babayevadan bir məktub daxil olub. O yazır:
"Hörmətli redaksiya, bu yaxınlarda Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinə getmişdik. Evdə məndən Rüstəm Mustafayevin kim olduğunu soruşan övladlarıma "böyük rəssam olub" cavabını versəm də, əslində, onun haqqında o qədər də məlumatım yoxdur. Mümkün olsa, bu şəxsiyyət barəsində bir məqalə dərc edərdiniz".
Maraqlı təklif idi. Adı çəkilən mədəniyyət ocağı 1943-cü ildən Rüstəm Mustafayevin adını daşıyır. Bəs, Rüstəm Mustafayev kimdir?
Cəmi 30 il ömür sürmüş Rüstəm Mustafayev Azərbaycanda realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri olub. O, 1926-cı ildə Bakı Ali Rəssamlıq Məktəbini bitirmişdi. Hələ tələbəlik illərindən istedadı ilə fərqlənən Rüstəmin gələcəkdə böyük rəssam olacağı haqqında maraqlı fikirlər var idi. O, 1928-ci ildə Moskvada müəyyən təcrübə keçdikdən sonra Bakıya qayıtmış, bir müddət Bakı Azad Tənqid-Təbliğ Teatrında (sonrakı adı Türk İşçi Kəndli Teatrı) tamaşalara səhnə tərtibatı vermişdir. Rüstəm sadəcə illüstrasiya edən rəssamlardan olmamışdır. Həmkarları danışırlar ki, o, bütün səhnələrin qurulmasında fəal iştirak edər, rejissor və müəlliflə birlikdə işləyərdi. Azərbaycan teatrında orijinal səhnələrin qurulması məhz bu rəssamın adı ilə bağlıdır.
Repressiyanın hökm sürdüyü ağır illərdə Rüstəm Mustafayev Azərbaycan Dövlət Dram Teatrında baş rəssam işləmişdir. Mirzə Cəlilin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Əbdürrəhim bəy Haqverdiyevin əsərlərinə verdiyi tərtibatlar Azərbaycan teatr-dekorasiya sənətinin orijinal, qiymətli nümunələri sayılmışdır. Rüstəm Mustafayevlə yaxından dostluq etmiş həmkarı Qəzənfər Xalıqov qələmə aldığı xatirələrində yazırdı: "Rüstəmin yaradıcılığı müasirlərindən bir də onunla fərqlənirdi ki, o, teatr tərtibi sənətinin nailiyyətlərini milli ənənələrimizlə zənginləşdirməyə qabil sənətkar idi. O vaxt çox gənc olmasına baxmayaraq, indi də yaşayıb-yaradan bəzi rəssamlarımızın yaradıcılığının formalaşmasında danılmaz əməyi olmuşdur. Mən deyərdim ki, onun ölümü nəinki dostları, eyni zamanda, bütün Azərbaycan xalqı, incəsənətimiz üçün əvəzsiz itki idi". Əslində, tam yaradıcılıq dövrünü yaşamadan dünyasını dəyişmiş Rüstəm Mustafayev dərin biliyə malik, incə zövqlü, orijinal düşüncəli bir sənətkar olub. Rüstəmin tamaşalara verdiyi tərtibat o qədər diqqət çəkir ki, onu Azərbaycan Opera və Balet Teatrında da işləməyə dəvət edirlər. "Şah İsmayıl", "Leyli və Məcnun", "Aşıq Qərib", "Koroğlu" kimi operalara verdiyi tərtibat böyük bəstəkarımız Üzeyir Hacıbəyov tərəfindən yüksək qiymətləndirilir. O, bu rəssamla işləməkdən xüsusi zövq alırdı. Təsəvvür edin ki, 1937-1938-ci illərdə "Koroğlu" kimi bir operanın rəssamı olmaq şərəfi yalnız Rüstəm Mustafayevə qismət olmuşdur.
Rüstəm Mustafayevin yaradıcılığı çoxşaxəli idi. O, bir tərəfdən teatr tamaşalarına bədii tərtibat verirdisə, digər tərəfdən də miniatür sənətimizi, milli memarlığımızı dərindən öyrənərək müxtəlif sərgilərin tərtibatı ilə məşğul olur, elmi tədqiqatlar aparır, qrafika sahəsində bir sıra müvəffəqiyyətlər qazanırdı. O, neçə-neçə plakat və kitabların da bədii tərtibatı üzərində işləmişdir. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza və başqa şairlərin o dövrdə çıxan kitablarının bədii tərtibatı Rüstəmin ilk qrafika işlərindən sayılırdı. 1939-cu ildə çap edilmiş Azərbaycan aşıqlarının şeirlərindən ibarət "Aşığın səsi" kitabının da bədii tərtibatı Rüstəm Mustafayevə məxsusdur. O, milli ornamentlərimizin dərin bilicisi idi və yaradıcılığında da bundan bacarıqla istifadə edirdi. Rüstəm Mustafayev həm də istedadlı kitab qrafikaçısı olmuşdur. Həmkarları onu son dərəcə prinsipial və tələbkar bir rəssam kimi xatırlayırlar.
O dövrdə Moskvada müxtəlif sərgilər keçirilirdi. Azərbaycana məxsus bölümün tərtibatçısı da məhz Rüstəm Mustafayev olardı. Onun son işlərindən biri 1940-cı ildə Nizami muzeyinin qurulması ilə bağlı idi. O, bu muzeyin bədii tərtibatının müəlliflərindən biri olmuşdur. 1937-ci ildən 1940-cı ilə kimi, yəni ömrünün sonuna qədər Azərbaycan abidələrini mühafizə edən Mərkəzi Dövlət İdarəsinin direktoru vəzifəsində çalışan Rüstəm Mustafayev Nizami dövrü abidələrinin və Şəki Xan sarayının elmi bərpası sahəsində mühüm xidmətləri olmuşdur. O, müxtəlif mükafatlara, fəxri fərmanlara, eləcə də "Şərəf nişanı" ordeninə layiq görülmüşdür. Dünyasını dəyişəndən üç il sonra Azərbaycan Dövlət İncəsənət Muzeyinə bu unudulmaz rəssamın adı verilmişdir.
Yəqin ki, ömrü yarıda qırılmasaydı, Rüstəm Mustafayev haqqında bu gün daha geniş danışmaq olardı. Amma o, çox az yaşadı, daha möhtəşəm əsərlərini yarada bilmədi. Cəmi 30 il ömür sürmüş bu istedadlı rəssamın yaradıcılığını araşdırarkən heyrətə gəlirsən. Tanrı ona necə də qeyri-adi istedad və qabiliyyət veribmiş. Qısa ömründə neçə böyük əsərlərin bədii tərtibatını verib?! Öz orijinal düşüncə tərzi ilə Azərbaycan səhnəsinə yeniliklər gətirib. O dövrdə Rüstəm Mustafayevi nəinki Qafqazda, Rusiyada, hətta Avropa ölkələrində də yaxşı tanıyırdılar. Rüstəmin yaradıcılıq müvəffəqiyyətləri sərhədləri aşmışdı. Bu istedadlı rəssamı haralara dəvət etmirdilər? Amma o, bütün qəlbi və varlığı ilə doğma Bakıya bağlı idi. Elə bu şəhərdə də haqq dünyasına qovuşdu. Hərdən düşünürsən ki, 1937-ci ilin repressiya sarsıntılarını içindən keçirmiş həssas duyğulu bir insanın ölümü də yəqin ki, elə bu mənəvi əzablarla bağlıdır.

Azərbaycan.- 2006.- 26 sentyabr.- S. 8.