Mehdixanlı T.

 

Rənglərin dili var...

 

Məndə bir can var, səndə bir can,
Mənim qələmim var,
sənin fırçan.
Mənimki sözdür,
Səninki rəng,
Mən yazım qardaşım, sən çək,
Mənim əlim olmasa da yazaram,
gözüm olmasa da...
Sən dilin olmasa da çəkərsən,
Sözün olmasa da...
Ancaq hər ikimiz
Yarada bilmərik ürəksiz.
Mənimki sözdür, səninki rəng,
Var olsun ürək!

Bu misraları xalq şairi Rəsul Rza 55 il əvvəl görkəmli fırça ustası Mikayıl Abdullayevin yaradıcılığından ilham alıb, şəxsiyyətinə qədərsiz sevgisini bildirərək yazıb.
Mikayıl Abdullayev əli fırça tutandan ta son nəfəsinə qədər yalnız istedadına, gecəli-gündüzlü qatlaşdığı zəhmətinə güvənmişdi. Gərgin yaradıcılıq axtarışları, cəfaları isə hədər getməmişdi. Müxtəlif fəxri adlara, təltiflərə layiq görülmüşdü. SSRI xalq rəssamı, Respublika Dövlət C.Nehru adına beynəlxalq mükafatlar laureatı, professor, ən əsası, zərif qəlbli, kövrək ürəkli insan kimi tanınmışdı. Onun əsərləri 12-dən çox xarici ölkənin sərgi salonlarında urla nümayiş etdirilmişdir. Berlində, Leypsiqdə fərdi sərgisi keçirilmişdir. Ustad sənətkar 300 nəfərdən artıq gənc həmkarına zəmanət vermişdi ki, Rəssamlar Ittifaqına üzv qəbul olunsun. Mikayıl müəllimdən xeyir-dua aldıqları günün sevincini indi çoxları xatırlayır. Dünya şöhrətli fırça ustasının yaratdığı əsərlər orijinallığı ilə seçilir. Onun tematik kompozisiyalarını, portretlərini, mənzərə natürmortlarını, kitab rəsmlərini, dekorasiya eskizlərini bir yerə yığmaq mümkün olsaydı, böyük bir qalereya yaranardı.
Görkəmli fırça ustası Tahir Salahov demişdi ki, əgər Mikayıl Abdullayev "Axşam", "Mingəçevir işıqları", "Körpəsinin ardınca", "Tarlada" monumental əsərlərindən başqa heç yaratmasaydı, yenə adı xalqımızın təsviri sənət tarixinə qızıl hərflərlə yazılardı.
M.Abdullayev "Axşam" tablosunu 60 il əvvəl, doğma Şuşanın qəmdən, qüssədən, işğaldan uzaq olduğu vaxtlarda yaratmışdı. Indi həmin əsərə baxanların xatirələri yenidən yaddaşlarda oyanır. El-obamızın füsunkar, dilbər guşəsi, Qarabağın tacı Şuşa göz önündə canlanır. O da
ğlar, dərələr, saf hava, bənzərsiz təbiət yada şür.
Unudulmaz rəssam baxımlı qrafika əsərlərinin - illüstrasiya kitab tərtibatı nümunələrinin müəllifi kimi tanınırdı. Onun "Kitabı Dədə Qorqud" dastanına, Füzulinin "Leyli Məcnun" poemasına, Bəxtiyar Vahabzadənin "Şəbi-hicran" mənzum əsərinə, Süleyman Rəhimovun bir çox başqa qələm sahiblərinin yaradıcılıqlarına çəkdiyi təsvir nümunələri oxucular tərəfindən maraqla qarşılanmışdı. Rəssamın kətan üzərində yaratdığı obrazlar - "Yüz yaşlı usta", "Mirzə Fətəli Axundov", "Şair Süleyman Rüstəm", "Ornament ustası Lətif Kərimov", "Vaqif", "Yazıçı Həsən Seyidbəyli" bu gün tamaşaçıların zövqünü oxşayır.
Ustad sənətkarı həmkarlarından fərqləndirən bir cəhəti heç unutmaq olmur. Onun zəngin biliyi, bənzərsiz
şahidələri vardı. Deyərdi: "Hər gün ən azı 4 saat mütaliə edirəm, 2 saat yazıram, 8 saat molbet önündə dayanıram". Bakının küçələrini gəzər, dənizkənarı parka çıxardı. 1970-80-ci illərdə onun "Kommunist", "Ədəbiyyat incəsənət", "Izvestiya", "Literaturnaya qazeta" qəzetlərində, "Azərbaycan", "Qobustan" jurnallarında sənət haqqında dəyərli məqalələri dərc olunmuşdu.
Mərhum kinorejissor Həsən Seyidbəyli deyərdi ki, "Nəsimi" bədii filmində Nəsimi rolunu oynayacaq aktyoru seçməyimdə Mikayıl Abdullayevin eyniadlı məşhur tablosu imdadıma çatdı. Yeri gəlmişkən, fırça ustasının fantaziya təfəkkürünün vəhdətindən yaranmış həmin portret milli təsviri sənətimizin qızıl fonduna daxil olmuş boyakarlıq nümunələrindən biridir. Ümumiyyətlə, fırça ustasının yaradıcılığında portret janrı xüsusi yer tuturdu. Azərbaycanın iftixarı Üzeyir bəy Hacıbəyovun naturadan portretini çəkməsindən qürur hissi ilə danışardı: "1943-cü ildə dünya şöhrətli bəstəkarın yağlı boya ilə obrazını yaratmışdım. Əsər Üzeyir bəyin çox xoşuna gəlmişdi. Onu muzeyə verməyib, evində saxladı. Məni görü
şünə çağırıb pul təklif etdi. Götürmədim. Çünki Moskvada Ali Rəssamlıq Məktəbində təhsil alanda, bir çox tələbələr kimi, mənə qayğı, yardım göstərmişdi".
M.Abdullayevin yaradıcılığında Bakı metrosunun "Nizami" stansiyasının interyerinin tərtibatı da xüsusi yer tutur. Oradakı rəsmlər mozaika sənətinin ən gözəl nümunələri kimi zövq oxşayır. Bəzən metronun bu stansiyasını yeraltı muzey adlandıranlar da olur.
Rəssamın teatrımızın inkişafında da xidməti çox olmuşdur. O, "Leyli Məcnun", "Koroğlu" operalarına, Niyazinin "Çitra" baletinə bədii tərtibat vermişdi. Görkəmli bəstəkar Fikrət Əmirov onu "Bəstəkar ürəkli rəssam" adlandırmışdı.
Qədirbilən tamaşaçılarla rənglərin diliylə danışan mahir fırça ustası tez-tez onların görüşünə gedər, ölkəmizi oba-oba gəzərdi. Ürəkaçan görərdisə, min bir həvəslə kağız-kətan üzərinə əbədiləşdirərdi. Dost-tanışından heç vaxt ayrı düşməzdi. Konkret bir nümunə: xalq şairi Rəsul Rza ona şeir həsr etmişdi. O da sadiq dostundan əbədi ayrılandan sonra yazmışdı: "Azərbaycan təsviri sənətinin qədrini bilənləri mən öz canımdan artıq sevmişəm. Xalq şairi Rəsul Rza da belə şəxsiyyətlərdən biri idi. O, bütün sərgilərimizə gələrdi. Fırça ustalarının yaradıcılığı ilə maraqlanardı. Sənətdə ilk addımlarını atanlara qayğı göstərərdi. Bəzən heç tanınmayan rəssamın da əl işlərini alar, onları sevindirər, ruhlandırardı..." Bu dəyərli, müsbət insani keyfiyyətlərə malik fikirləri elə onun özünə şamil etmək mümkündür. Yaratdı
ğı, yadigar qalan əsərləri fikrimizin tam təsdiqidir!

 

Azərbaycan.-2006.-12 sentyabr.-S.7