Mehdiyeva T.

70 yas ucalığında

 

Azərbaycan rəngkarlığına XX əsrin 60-cı illərində gələn rəssam Əli Verdiyevə şöhrət gətirən "Savadsızlığın ləgvi" çoxfiqurlu, orijinal kompozisiyalı, müxtəlif insan xarakteri ilə zəngin tablodur.

Qüdrətli fırça ustamız, mərhum Mikayıl Abdullayev hələ o zaman Əli Verdiyevin çox istedadlı rəssam olduğunu dəfələrlə söyləmişdi. Gənc rəssamın sonrakı nailiyyətləri göstərdi ki, M.Abdullayev fikirlərində yanılmayıb. 1960-70-ci illərdə yaratdığı, bir-birindən dəyərli əsərləri haqqında Azərbaycan və o vaxtkı mərkəzi mətbuatda çap olunmuş məqalələrdə rəssamın özünəməxsus dəsti-xətti, rəng koloriti və s. haqqında tanınmış sənətşünasların fikirləri tez-tez yer alırdı.

Xalq rəssamı, professor Əli Verdiyevi Azərbaycan sənətsevərləri çox yaxşı tanıyır. 1936-cı ildə Lənkəranda anadan olan Əli Verdiyev rəssamlıq təhsilini Ə.Əzimzadə adına rəsamlıq məktəbində almış, sonralar İ.Repin adına rəssamlıq Akademiyasını və Muxina adına Ali Rəssamlıq İnstitutunu bitirmişdir.

1957-ci ildə Moskvada ilk dəfə beynəlxalq bir sərgidə iştirakını rəssam sənətdə qazandığı ilk uğur kimi qiymətləndirir. 50 ilə yaxın bir zaman ərzində istedadlı sənətçimizin yaratdığı obrazların müxtəlifliyindən asılı olmayaraq həmişə onların təbiiliyinə, ifadəliliyinə diqqət yetirmiş, eyni məharət və ustalıqla canlandırdığı obrazlarda özünəməxsus dəsti-xəttini daim cilalamışdır.

Əsasən yağlı boya ilə çalışan rəssamın əsərlərini bir-bir gözdən keçirtdikcə bunlarda gah emosional, gah lirik və gah da dramatik anların yaşantılarını hiss edirik.

Xalq sənəti ilə bağlı elementlər, xətlərin, paralellərin bir kompozisiya ətrafında tamlıq, bütövlük yaratması, bədii materialların ifadəliliyi, rənglərin qamması, ölçü dəqiqliyi, rəng intensivliyi və s. bunların hamısı rəssamın əsərlərində yerli-yerindədir.

İllər keçdikcə yeni-yeni ifadə vasitələrinə yiyələnən rəssamın yaradıcılığına İtaliya İntibahının, Fransa Kubizminin ünsürlərinin təsiri açıq-aydın duyulur.

İnsanların daxili aləmindəki ziddiyyətləri, təzadlı məqamları rəssam böyük ustalıqla əks etdirməyi bacarır. Çoxfiqurlu tablolarında rəssam yaradıcı təxəyyülünün genişliyini əyani göstərə bilir.

Milli ənənələrimizin real köklərinə həssas olan rəssam gördüklərini, duyduqlarını özünəməxsus üslubla, orqanik plastika ilə təsvir etməyə çalışır.

On ilə yaxın bir zamanda Türkiyədə yüzlərcə dəyərli əsər (təkcə İstanbula 200 nümunə həsr edilib) yaradan həmyerlimizin tabloları auksionlarda yüksək qiymətə satılmış, müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanmaqdadır.

Türkiyənin tarixini, ulu öndər M.K.Atatürkün portretlərini yaradan, onun silahdaşları ilə bərabər ölkəsinin qurtuluşundakı fəaliyyətini dolğun əks etdirən dəyərli əsərlərini Türk sənətsevərləri yüksək qiymətləndirmişdir. Çox sayda mükafatlar, təşəkkürnamələr alan Əli Verdiyev 1999-cu ildən Kayseri şəhərindəki Erjiyes Universitetinin rəsm kafedrasında professor kimi fəaliyyət göstərir. Kollektivin və tələbələrinin böyük rəgbətini, məhəbbətini qazanan rəssam bu illər ərzində rəsmlərindən ibarət bir neçə rəsm kataloqu çap etdirmişdir.

...Dağın fonunda ucalan Universitet binasının ümumi görünüşü, şəhərciyin müxtəlif rakurslardan görüntüləri usta rəssamın fırçasından gah impressionizm, gah ekspressyonizm və gah da romantizm tərzı ilə işlənmiş tablolarda göz oxşayır, seyrcini riqqətə gətirir. Salxım söyüd altında qızğın söhbət edən tələbə gənclərin imtahanqabağı həyəcanı istər-istəməz adama sirayət edir.

Bütövlükdə Türkiyədə çəkdiyi əsərlər Ə.Verdiyevin yaradıcılığında yeni səhifələrdir, desək yanılmarıq.

Ə.Verdiyevin coşğun temperamentinə hər bir tablonun çərçivələri darlıq edir. "Babək savaşı", "Hüseyn Cavid", "Qızıl toy" s. kimi nümunələr rəssamın incə spesifik duyumu, fitri istedadından xəbər verir.

Rəssam seyrcilərinə saysız-hesabsız portretlər, mənzərələr, natürmortlar, müxtəlif rəsmlər bir-birindən maraqlı çox fiqurlu tablolar təqdim edir. Onunla söhbət, mübahisə etmək insanda xoş ovqat oyadır, mənən zənginləşdirir. Bir çox tarixi tabloları ilə uğur qazanan Ə.Verdiyev özünü həm insan mənəviyyatına dərindən nüfuz etməyi bacaran mahir portretçi kimi tanıda bilir. Yaradıcılığının müxtəlif dövrlərində çəkdiyi "Adilə", "Fatma" qızı Zemfiranın fərqli yaşlarda fırçaya aldığı portretlərində o, gənclik təravətini, fərdi psixoloji duyğuları, bu insanlara xas olan məziyyətləri ifadə etməyi bacarmışdır.

Professor Ə.Verdiyevin titulları, sərgilərinin sayı, indiki fəaliyyət sahəsi haqqında çox şey deyir. Bütün həyatını yaradıcılığa, gənc nəslin yetişdirilməsinə həsr etmiş rəssam müasir Azərbaycan rəsm sənətinə öz dəsti-xətti ilə daxil olmuş hazırda yaradıcı həyatının yetkin dövrünü yaşayır.

70 yaşında da inanırıq ki, ünlü rəssam Ə.Verdiyev sənətsevərləri hələ yeni orijinal əsərləri ilə sevindirəcək.

 

Qobustan.- 2006.- № 2.- S. 58-59.