Cavadov S.
Hacıqabulda yeni toxuculuq müəssisəsi işə
düşüb
Regionların sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı hər yerdə olduğu kimi, Hacıqabulda da sürətlə həyata keçirilir. Son 3 il ərzində rayonda
uzun müddət istifadəsiz qalmış bir neçə
müəssisənin fəaliyyəti bərpa edilmiş, yeniləri
tikilərək istifadəyə verilmişdir. Görulən tədbirlər
nəticəsində 2 min 300-dən çox yeni iş yeri
açılmışdır.
Toxuculuq sahəsi üzrə Hacıqabul qədim ənənəyə
malikdir. Qədim zamanlardan buradakı qız-gəlinlər ilmələrlə
gözəl və nəfis xalçalar toxumuşlar. Bu
xalçalar evlərə yaraşıq gətirmiş, gəlin
köçən qızlara ən qiymətli əşya kimi
cehiz verilmişdir. Sonralar zamanın gərdişi ilə əsən
"dağıdıcı küləklər" bu gərəkli
sənət növünün inkişafını da
alt-üst etdi. Hacıqabuldakı xalça sexi fəaliyyətini
dayandırdı. Burada çalışan təcrübəli
işçilər ya evdə oturdular, ya da çörək
pulu dalınca başqa sahələrə üz tutdular.
Ölkə başçısı cənab İlham Əliyevin
regionların sosial-iqtisadi inkişafına dair
imzaladığı sərəncamlardan sonra bu rayonda da
canlanma, inkişaf yarandı. Belə ki, 50 saylı yol-istismar
sahəsi, 2 saylı yaşıllaşdırma idarəsi,
rayonlararası Kür Tingçilik Müəssisəsi,
"Pir Hüseyn" xanəgahında Dövlət Qoruğu,
Nəvahi kəndində "Saf" şirkətinin meyvə
və tərəvəz emalı üzrə filialı,
"Hacıqabul Quşçuluq" SC-də gün ərzində
250 ton yem istehsal edən sex istifadəyə verildi,
"Hacıqabul Balıq" SC-nin, Bürvənd nasos
stansiyasının, "Muğan-1" firmasının fəaliyyəti
isə bərpa edildi.
Bu günlərdə rayonda daha bir müəssisə -
"YUNYON-S" MMC fəaliyyətə başlayıb. MMC-nin
sədri Səlim Yusifov bildirdi ki, keçmişdə
xalçaçılıq yönümündə fəaliyyət
göstərən müəssisəni iki il bundan əvvəl
özəlləşdirib. İlk növbədə buradakı
iki əsas binanın - əyirici və toxucu sexlərinin
uçmuş dam örtüyünü təmir etdirib, orada dəzgahlar
quraşdırılıb.
Əvvəl əyirici sexinə baş çəkdik. 25 nəfərin
çalışdığı bu sex indi tam gücü ilə
işləyir. Bir neçə mərhələ keçdikdən
sonra mahlıcdan alınmış saplar xüsusi qablara
yığılaraq çəkisi məyyənləşdirildikdən
sonra toxucu sexinə verilir. Sex rəisi Rasim Məmmədov
toxuculuq işini yaxşı bilən mütəxəssisdir.
O, Bakıda yaşamasına baxmayaraq, gəlib burada işlədiyini,
müəssisəyə gələn gənclərə
toxuculuq peşəsini həvəslə öyrətdiyini dedi.
Müəssisənin ən böyük istehsal sahəsi isə
toxuculuq sexidir. S.Yusifovun dediklərindən məlum oldu ki, bu
sexdə olan toxuculuq dəzgahları əvvəllər
başqa fabrikdə işlədildiyi üçün çox
köhnəlib. 86 dəzgahdan yalnız 25-i yararlıdır.
Maddi imkan yarandıqca həmin dəzgahlar yeniləri ilə əvəz olunacaq.
Cari ilin avqust ayının
əvvəlində işə
başlayan toxuculuq sexində hazırda 50 nəfər işləyir.
Tam gücü ilə fəaliyyət göstərəndə burada
150 nəfər işləyəcək.
Müəssisənin xammal təchizatı
ilə bağlı heç bir problemi yoxdur. Respublikamızda, o cümlədən qonşu Əli Bayramlıdakı pambıq
emalı zavodunda kifayət qədər mahlıc var. Özü də indi mahlıc
satmaq müşkül
bir məsələyə
çevrilib. Təkcə Əli
Bayramlı zavodunun həyətində min tonlarla
mahlıc öz alıcısını gözləyir.
Bu baxımdan, toxuculuq sənayesini inkişaf etdirmək müvafiq təşkilatları
düşündürməlidir.
Yuxarıda qeyd etdiyimiz
xalçaçılıqla da əlaqədar işlər qaydaya salınır. Artıq xalçaçılıq
sexi bərpa olunub və burada 15 nəfər qadın işləyir.
Yaxın
gələcəkdə sahənin
daha da genişləndirilməsi
üçün Hacıqabul
Rayon İcra Hakimiyyəti
tərəfindən tədbirlər
görülür.
Azərbaycan.-2006.-28 sentyabr.-S.3