Əliyev Z.

Zərgərlik

 

Azərbaycan  zərgərlik sənəti qədim  tarixə və zəngin bədii-texniki ənənələrə malikdir. Elə bu səbəbdən Azərbaycan zərgərlərinin yaratdıqları sənət nümunələri haqlı olaraq  geniş  şöhrət qazanıblar. Onların yüksək bədii  məziyyətlərinə görə dünyanın müxtəlif ölkələrinə yayılması, məşhur muzeyləri və şəxsi kolleksiyaları bəzəməsi də elə bunun təsdiqidir.

Əgər arxeoloji tapıntılara əsaslansaq deməliyik ki, bizim dövrə gəlib çatan ən qədim zərgərlik nümunələri eramızdan əvvəl I minniliyə aiddir. Həmin dövrə aid edilən qəbrlərdən silah, alət və məişət əşyaları ilə yanaşı qızıl, tunc, dəmir və sümükdən hazırlanmış çoxlu bəzək əşyalarına da rast gəlinir. Mum qəliblərdən istifadə edilərək yaradılan sırğa, bilərzik və boyunbağılar çox vaxt rəmzi məna daşıyan ilan və şir şəklində hazırlanar, şər qüvvələrdən qorunmağa xidmət edərdi. Qədim bəzək əşyalarının bədii tərtibatında əqiq, yaşma və s. minerallardan ustalıqla işlədilməklə həm də müxtəlif formalardan, heyvan təsvirlərindən və həndəsi naxışlardan istifadə edilib.

Mingeçevir, Xocalı, Yaloylutəpə, Qəbələ, Xınıslı, İsmayıllı, Qaratəpə və s. yerlərdə arxeoloji qazıntılar zamanı tanınmış qızıl sırğa, tunc kəmər, gümüş bilərzik, qızıl cam və digər əşyalar yüksək sənətkarlıq nümunəsi kimi qəbul olunurlar. Bu cür zərgərlik əşyalarının hazırlanmasında müxtəlif texniki üsullardan istifadə olunurdu. Basma, qarasavad, döymə, minasazlıq, oyma, pardaxlama, xatəmkarlıq, həkketmə, hörmə, şəbəkə və s. Azərbaycan zərgərliyində geniş yayılmış üsullardandır.

Kəmər, qozalı qolbaq, düymə və s zinnət şeylərinin hazırlanmasında döymə üsulu əvəzsiz idi. Əsasən gümüş üzərində tətbiq olunan qarasavad üsulundan isə silahların qını, dəstəyi, qundağı, eyni zamanda bir sıra ev avadanlığının hazırlanmasında istifadə edilirdi. Sırğa, üzük, medalyon bilərzik və s. bəzək əşyalarının yaradılmasında zərifliyi ilə seçilən şəbəkə üsulu tətbiq olunurdu. Xatəmkarlıq üsulu ilə xəncər, qılınc qını və dəstəyi, habelə müxtəlif avadanlıq bəzədilirdi. Minasazlıq üsulu ilə əşyanın üzərində oyulmuş rəsm, yaxud naxışın içi rəngli mina maddəsi ilə doldurulurdu. Bu texnikadan daha çox  xəncər və qılınc qınlarının, sırğa, bilərzik və s. zinətlərin bəzəklərində istifadə edilirdi.

Çağdaş dövrümüzdə zərgərlik keçmişin ənənələrini davam etdirən forma və məzmunca zənginləşmişdir. Gəncə, Şamaxı, Lahıc, Qazax, Şəki, Təbriz, Quba tarixən Azərbaycanın məşhur zərgərlik guşələri sayılır.

Parisin Luvr, Sankt-Peterburqun Dövlət Ermitajı muzeylərində və Moskvanın Silah Palatasında, Türkiyənin Topqapı saray-muzeyində, Bakıdakı Azərbaycan Tarixi, Azərbaycan İncəsənət muzeyində, L.Kərimov adına Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyində Azərbaycan zərgərlərinin nadir bəzək örnəkləri saxlanılmaqdadır.

Əgər bir vaxtlar məşhur rəssam Sultan Məhəmməd (16-cı əsr) həm də yaxşı bir zərgər kimi ad çıxarmışdısa, sonrakı dövrlərdə adını əsərləri ilə sənət tarixinə yazmış zərgər Teymur Nəbi oğlu (18-ci əsr), Usta Məhəmməd, Mirdadaş Mirdadaş Mirəhmədov, Hüseynqulu Axundov, Əbdül Həmid (hamısı 19-cu əsr), Gülbala Hüseynov, Heydər Haşımov, İsmayıl Məmmədov, Həbib Quliyev, Cəmaləddin Əyyubov, Usta Hüseyn və başqaların yüksək sənətkarlığını qeyd etmək olar. Məşhur Bakı zərgəri Hüseynəli Axundovun 1900-cu ildə Ümumdünya Paris sərgisində düzəltdiyi medalyona görə qızıl medala layiq görülməsi də zərgərliyimizin beynəlxalq şöhrətinin və uğurunun təsdiqi idi.

Etiraf edək ki, bütün dövrlərdə milli zərgərliyin inkişaf etdirilməsində qadın bəzəkləri əsas yer tutub. Başlıca olaraq dörd hissəyə bölünən və boyun, qol və barmaq, baş və libasların bəzədilməsində istifadə olunan əşyalar ilk növbədə icrasının nəfısliyi, forma və naxışlarının orijinallığı ilə diqqət çəkir. Keçmişdə qiymətli metallardan hazırlanmış milli kəmərlər qadın və kişi geyimlərinin ayrılmaz bir hissəsi sayılırdı. Adətə görə qadınlar enli, kişilər isə nazik, ensiz kəmər taxardılar. Qızıldan, gümüşdən, bürünc və misdən hazırlanan bu kəmərlər müasir və dəyişkən moda dünyasının təsirinə məruz qalsa da, elə bilirik ki, öz bədii-estetik dəyərini və funksionallığını bu gün də saxladığına görə tətbiq olunmasına haqqı vardır. Bu mənada böyük dövlət xadimi və şair Şah İsmayıl Xətai ( 16-cı əsr) üçün hazırlanan qızıl kəmər (Hazırda İstanbulun Topqapı saray-muzeyində saxlanılır) sözün əsl mənasında qürurlandırıcı olmaqla yanaşı, yüksək bədii-estetik dəyərinə görə milli zərgərlik-metalşişləmə sənətlərinin vəhdəti kimi heyranedicidir.

Qeyd etmək lazımdır ki, "Zər qədrini zərgər bilər" və "Zər dəqiqliyi" deyim-ifadələrinin yaradıcısı olan xalqımız zərgərliyin zəngin bədii-estetik yükünün daşıyıcısı olan sənətkarları həmişə yüksək dəyərləndirib. Odur ki, xalq sənətinin bu qədim və çox nəfis növü bu gün də uğurla inkişaf etdirilməkdə, keçmiş sənətkarların unudulmaz ənənələri yaşadılmaqdadır...

 

Azadlıq.- 2006.-24-25 sentyabr.- S. 15.