Ağazadə Z.
Kiyevdə
Azərbaycanın böyük şairi Səməd Vurğunun
abidəsi ucaldılmışdır
Azərbaycanın Kiyevdəki
səfirliyi Obolon Rayon lcra Hakimiyyəti (ORİH) və Ukrayna
Azərbaycanlıları Konqresi ilə birlikdə sentyabrın
26-da böyük şairimiz Səməd Vurğunun abidəsinin
təntənəli açılış mərasimini
keçirmişdir. Abidə Mate Zalka küçəsində,
şairin adını daşıyan kitabxananın
yerləşdiyi binanın qarşısında
ucaldılmışdır.
Mərasimi giriş sözü ilə açan ORİH-in başçısı Vadim Yaqodka Azərbaycan şairinin dahiliyini, Ukraynaya, onun xalqına məhəbbətini vurğulayaraq, Taras Şevçenkonun və Ukraynanın digər söz ustadlarının əsərlərini Azərbaycan dilinə tərcümə etməsindən danışmışdır. Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev böyük şairin həyat və yaradıcılığından, onun böyük Ukrayna xalqına rəğbətindən və məhəbbətindən, Səməd Vurğunun Ukrayna ədəbiyyatının klassikləri Maksim Rılski, Mikola Bajan, Pablo Tıçina, Aleksandr Korneyçuk, Dmitro Pavlıçko, Boris Oleynik və başqaları ilə möhkəm şəxsi və yaradıcılıq dostluğundan söhbət açmışdır. T.ƏIiyev xatırlatmışdır ki, böyük Taras Şevçenkonun abidəsi çar Rusiyası ərazisində ilk dəfə hələ 1906-cı ildə məhz Bakıda ucaldılmışdı. Bu gün Azərbaycan paytaxtında Ukrayna xalqının diqqətəlayiq qızı Lesya Ukrainkanın adını daşıyan park salınmış, böyük Kobzarın abidəsinin ucaldılması qərara alınmışdır.
Səfir xüsusi vurğulamışdır ki, Ukrayna prezidenti Viktor Yuşşenkonun sentyabrın 7-8-də Bakıya səfərinin uğurla başa çatması, ikitərəfli sənədlərin imzalanması xalqlarımızın dostluğunu daha da möhkəmləndirmiş, Azərbaycan-Ukrayna münasibətlərinə güclü təkan vermişdir. T.ƏIiyev abidənin ucaldılmasına göstərdikləri köməyə görə Kiyevin meri Leonid Çernovetskiyə, ORİH-in başçısı Vadim Yaqodkaya, habelə sponsorlara - ÜAK-ın başçısı, Ukraynanın əməkdar energetiki Akif Gülməmmədova, Lukoyl neft şirkətinin Ukrayna, Moldova və Belarusdakı baş direktoru Firuz İsayevə, Stoykarat korporasiyasının (Xarkov) prezidenti Niyazi Xəlilova və başqalarına minnətdarlığını bildirmişdir.
Milli Məclisin
deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası
dostluq qrupunun sədri Fərrux Zeynalov çıxışında
vurğulamışdır ki,
müstəqil dövlətlərimizin
beynəlxalq siyasətin
aspektlərinə baxışları
eynidir, bir-birini dəstəkləyir, bütün
dünyaya dostluq və səmərəli əməkdaşlıq nümunəsi göstərirlər.
Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası
dostluq qrupunun başçısı Eduard
Zeynalov, deputat Boris Bespalı, Ukrayna ədəbiyyatının
canlı klassiki, akademik Boris Oleynik, xalqımızın
böyük dostu Anatoli Raxanski, S.Vurğunun şəxsi dostu, tanınmış şair və tərcüməçi Oleks
Yuşşenko və başqaları xalqlarımızın sarsılmaz dostluğu haqqında danışmışlar.
Səməd Vurğunun qızı
Aybəniz xanım Vəkilova atasının ukraynalı
həmkarları ilə dostluğundan, onun Böyük
Vətən müharibəsi illərində partizanların
döyüş ruhunu yüksəldən, onları düşmənlə
mübarizəyə psixoloji cəhətdən hazırlayan
Ukrayna partizanlarına şeirindən söhbət
açmışdır. Aybəniz xanım Səməd
Vurğunu xatırladıqlarına və sevdiklərinə
görə mərasim iştirakçılarına
minnətdarlığını bildirmiş, şairin bu
yaxınlarda nəşr olunmuş iki kitabını onun
adını daşıyan kitabxanaya hədiyyə etmişdir.
Abidəni açmaq şərəfi T.Əliyev, V.Yaqodka, A.Vəkilova və B.Oleynikə həvalə edilmişdir. Mərasim iştirakçıları qarşısında şairin mərmər və tuncdan hazırlanmış gözəl abidəsi canlanmışdır. Hər iki ölkənin dövlət himni səslənmiş, abidənin önünə gül səbətləri qoyulmuşdur.
Səməd Vurğun adına kitabxanada isə Azərbaycan poeziyasının antologiyasının Ukrayna dilində birinci cildinin təqdimatı keçirilmişdir.
Xalqlarımızın mədəniyyətlərində parlaq hadisə olan tədbir təntənəli qəbulla başa çatmış, tərəflər bir-birinə fəxri fərmanlar və xatirə hədiyyələri təqdim etmişlər.
Respublika. -2006.- 28 sentyabr.- S. 5.