Rüstəmli B.

 

"Heydər Əliyev ona heykəl qoyulmasını istəmirdi"

Ömər Eldarov: "Deyəsən, icra başçıları gözləyir ki, biz, müəllifləronların yarıtmaz işləri haqqındaölkə başçısına məlumat verək"

 

80 yaşlı Ömər Eldarovu zaman çox dəyişdirib. Bu bəstəboy insan vaxtın görünməz təzyiqindən kiçilsə də, onun yaşamaq və yaratmaq əzmi daha da böyüyür. Sənətkarın özü də etiraf edir ki, əvvəlki Ömər Eldarovdan əsər-əlamət qalmayıb. Qollarında əvvəlki güc, qüvvət yoxdur. Amma onun işləmək həvəsi azalmır.

-  Yubiley ərəfəsindəsiniz, yəqin ki, dövlət sizin 80 illiyinizə biganə qalmaz.

- Nə bilim, onu mən deyə bilmərəm. Yubileyim haqqında nəsə danışmaq mənə yaraşmaz. Çox güman ki, nəsə bir mərasim keçirərlər. Ötən il istirahətim olmadı. Planda görüləcək işlərim çox idi. Onların hamısını deyilən yaxtda təhvil verdim.

-  Ötən il təhvil verdiyiniz işlər hansılardır?

- Ömər Eldarovun işləri təkcə Azərbaycanda deyil,  ölkədən kənara da tanınır. Böyük işlərimdən  biri Avstriyada təqdim edildi. Dahi bəstəkar Üzeyir bəy Hacıbəyovun 120 illiyi ilə əlaqədar sərəncam verilmişdi. Həmin sərəncamda ona yeni abidənin ucaldılması da nəzərdə tutulmuşdu. Odur ki, bütün işlərimi təxirə salıb, onu deyilən vaxtda təqdim etməliydim.   Nəhayət, Avstriyanın  Vyana  şəhərində Üzeyir bəy Hacıbəyovun heykəli ucaldıldı. Heykəlin açılışı bu il keçirildi. Qranit heykəlin açılış mərasiminə Azərbaycandan da rəsmi şəxslər qatılmışdı. Bundan başqa, mərhum bəstəkar Cövdəd Hacıyevin də qəbirüstü heykəlini düzəltmişəm.  Naxçıvanda mərhum prezident Heydər Əliyevin daha bir heykəlini təhvil   vermişəm. Bu heykəl kompleks şəklində olub: Heydər Əliyevin heykəli, muzey və park. Sözün düzü, bu kompleks həddən artıq mürəkkəbdir.

-  Naxçıvandakı heykəlin mürəkkəbliyi nədədir?

-  10 metrlik daş heykəl bütöv bir blokdan hazırlanıb. Onu hazırlamaq çətin  idi. Balaca bir səhv hər şeyi alt-üst edə bilərdi.

-  Heykəl hazırdır, bəs, açılış niyə ləngiyir?

-  Bizim öhdəmizə düşən vəzifəni layiqincə yerinə yetirdik. Heykəl lazım idi, düzəldib ayrılan ərazidə qoymuşuq. Amma gərək  prezident  İlham  Əliyev Naxçıvana səfər etsin ki, açılış mərasimi baş tutsun.

-  Ömər Eldarovun ən böyük əsəri harada ucaldılıb?

           -  Bu günə kimi çox işlər təqdim etmişəm.  Amma  Heydər Əliyevin ən böyük heykəli məhz Naxçıvanda, onun doğulub boya-başa çatdığı  bir məkanda ucaldılıb. Bu belə də olmalıdır.

-  Bəs, Bakıda?

-. Fəxri Xiyabanda. Həmin heykəl 3 metrlikdir. Qəbirüstü heykəl bir daşdan hazırlanıb. Naxçıvandakı heykəlin uzunluğu isə bundan iki dəfə artıqdır. Mənim prezidentə həsr etdiyim işlər təkcə Bakıda deyil, Azərbaycanın bir neçə bölgələrində də ucaldılıb. Məsələn, Kürdəmirdəki heykəl lap yerində verilmiş bir eskizdir. Hətta deyərdim ki, həmin işin misli-bərabəri yoxdur.

-  Amma bu heykəllə bağlı  söz-söhbət bütün Azərbaycanı bürüdü?    

- Kürdəmir rayonunda ucaldılan heykəlin daşında balaca bir xətt oldu. Bunu da təbii qarşılamaq lazımdır. Daşda xətt olar. Ölkə başçısı həmin heykələ baxdı və bəyəndi. Sənətkara da bu lazımdır.  Onun əsəri haqqında xoş sözlər ürəkdən deyildisə, deməli, yaşamağa dəyər.

-  Mətbuatda verilən məlumatlara görə, Kürdəmir rayon icra hakimiyyəti başçısı sizin əsərinizi alver mənbəyinə çevirib.

-  Açığı, bu söhbətlərin heç birisindən xəbərim olmayıb. Heykəlin arxa tərəfində muzey və park salınıb. Ola bilər ki, parkın salınması və muzeyin açılması üçün icra başçısı yerli sahibkarlara müraciət edib. Amma bunun heykəllə heç bir bağlılığı yoxdur.

-  Əliyevlər ailəsi ilə bağlı gözəl işlərin hazırlanması nəyə görə məhz, sizə həvalə edilir?

- Çox yerində verilmiş bir sualdır. Bu, məncə, bütün Azərbaycan xalqı kimi mənim həmkarlarımı da maraqlandırır. Mərhum prezident Heydər Əliyevin heykəlini Azərbaycandakı rəssamlar arasında yaratmaq mənə nəsib olub. Hələ sovet dövründə  iki  dəfə  Sovet  İttifaqı Qəhrəmanı, yaxud  Sosialist Əməyi Qəhrəmanı fəxri adlarını alan şəxsə doğma yurdunda heykəl ucaldılmalı idi. Heydər Əliyev Moskvada  işləyərkən onun ilk heykəlini düzəltdim. Məni Moskvaya dəvət etdi. Moskvadakı  emalatxanada iki gün üzbəüz oturub bir-birimizə baxdıq. Bu iki gündə onun heykəlini etüdünü etdim. Bu etüd mənim üçün göydəndüşmə oldu. Həmin etüd Heydər Əliyevin o qədər xoşuna gəldi ki! Deyirdi ki, sən mənim özümü yaratmısan.

-  Heydər Əliyev sağlığında ucaldılan heykəlləri necə qəbul edirdi? Adətən sağ ikən insanlar belə işlərə pis yanaşırlar...

- Əlbəttə, bu, hər insanın qəbul edəcəyi iş deyil. Bəlkə də mərhum prezidentin böyüklüyü məhz, bundan başlayıb. Heydər Əliyev sağ olanda ucaldılan bütün  heykəllərinə  gözəl  qiymət verirdi. Məsələn, Naxçıvanda ucaldılan heykəlin açılışı oldu. Onun özü də bu açılışda iştirak etdi. Hamının qarşısında dedi ki, bu heykəl mənim özümdən də canlıdır. Bir əsər üzərində işləyəndə canla-başla iş görmək lazımdır. Elə etmək lazımdır ki, insan özünə baxanda heykəllə danışsın. Bu məqamda onu da qeyd edim ki, Heydər Əliyevin özü mənim ucaltdığım Zərifə xanım Əliyevanın heykəli ilə sanki danışırdı.

-  Zərifə xanım Əliyevanın qəbirüstü heykəlini sizin hazırlamanız Heydər Əliyevin özünün istəyi idi?

-  Bəli, mənə dedi ki, Ömər, gərək Zərifə xanım Əliyevanın qəbirüstü heykəlini yaradasınız. Düz bir il Zərifə xanımın qəbirüstü heykəlinin üzərində işləmişik. Heydər Əliyev,  İlham Əliyev, Sevil xanım, bir sözlə, Əliyevlər ailəsinin bütün üzvləri o heykələ baxırdı. Hətta qardaşı Tamerlan Əliyev də Zərifə xanımın heykəlinə diqqət yetirmişdi. O qədər varinatlar işlənib hazırlandı ki! Eskizlərin də sayı-hesabı  yox idi. Amma məhz hazırkı qəbirüstü heykəlin variantının eskizi cızılanda Heydər Əliyev gülümsədi. Bəli, ən əsası, işi onun bəyənməsi idi. Bilmirəm, nədənsə məhz bu görkəm onun çox xoşuna gəldi. Üzünü mənə tutub "Bax, bu idi istəyim, ürəyimdən, keçənləri tapmısan", - dedi.

-  Heykəllərinizin görüşünə gedirsiniz?

- Əvvəl tez-tez gedərdim. İndisə yaşlaşmışam, səhhətim imkan vermir ki, əsərlərimə baş çəkəm. Ata övladını görməyəndə necə olur?! Mən də atayam. Övladlarım isə lap çoxdur. Hərdən ürəyim partlayır, hamısını görmək istəyirəm.

-  Nazir Əbülfəs Qarayevin Rəssamlar İttifaqında keçirdiyi görüşdə iştirak etmisiniz?

-  Yox. Yaxşı yadımda deyil, deyəsən heç mənə bu haqda deyilməmişdi. Görüşdə qaldırılan məsələlərdən də xəbərsizəm.

-  Nazirlə görüşdə Rəssamlar İttifaqının böyük bir ordusu Heydər Əliyevin bölgələrdə ucaldılan heykəllərindən narazılıq etmişdilər və bildirmişdilər ki, onun şərəfinə ucaldılan abidələrin bəziləri mərhuma oxşamır...

-  Rəssamların bu fikirləri ilə tam razıyam. Heydər Əliyevin heykəllərinin böyük əksəriyyəti ona oxşamır. Bu gün cəmiyyətin cavan ordusu Heydər Əliyevin axırıncı illərini görüb. Amma rayonların icra başçıları onun heykəlinin düzəldilməsi göstərişini verəndə onun 80-90-cı illərdəki görüntülərini canlandırmalıdır. Bəzən elə heykəllər qoyurlar ki, adam dəhşətə gəlir. Prezidentin son səfərlərində açılışları olan heykəllərin görünüşü məni bir sənətkar kimi qane etmədi. Bəlkə də həmin rayonların icra başçısı Heydər Əliyevi telekanallardan başqa heç yerdə görməyib. O, bilmir ki,  foto ilə insanı  canlı görmək bir deyil.

-  Bəs, İlham Əliyev necə, sizə etüdün götürülməsi üçün sifariş veribmi?

-   Yox. Heydər Əliyev  sağ olanda heykəlinin düzəldilməsini  istəmirdi. İlham Əliyev  də onun yolu ilə gedir. İstəmir ki, onun heykəli qoyulsun.

-  Heydər Əliyevin sağlığında heykəllərlə bağlı verdiyi sərəncamlardan həyata keçirmədiyiniz nəsə qalıbmı?

- Mənim ən monumental işim bu gün şəhərimizin bəzəyinə çevrilən mərhum şairimiz Hüseyn Cavidin heykəli idi. Heykəl hazır olan vaxtlarda Heydər Əliyev xəstə idi. Özü də xəstəliyi ilə əlaqədar Bakıda yox idi. Heykəlin açılışı onsuz keçdi. Həmin heykəlin hazırlanması üçün o, nə lazımdırsa etdi. Büdcə zəif olduğundan monumental əsərlər yaratmaq da mümkün olmadı. Amma elə işlər var ki, onlar Heydər Əliyevin sərəncamında verilsə də, hələ icra olunmayıb.

-  Bunun təqsirkarı kimdir?

-   Məsələn, Niyazinin barelyefi çoxdandır ki, hazırdır. Tofiq Quliyev,  Fikrət Əmirov,  Rəşid Behbudov kimi görkəmli şəxsiyyətlərin barelyefləri hələ də yerindən asılmayıb.  Bu işdə bir neçə şəxsi təqsirləndirmək lazımdır. Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və ev muzeylərinin rəhbərləri də bu işlərlə maraqlanmalıdır. Hətta lazım gəlsə, tələb etməlidirlər. Amma gecikən işlərlə maraqlanan yoxdur. Mən isə gedib kiməsə "Divarı azad edin, burda heykəl asılacaq!" deyə bilmərəm.

-  Sovet dövründə ucaldılan, müstəqillik dövründə isə dağıdılan heykələr arasında sizin də əsərləriniz varmı?

-  Caparidzenin abidəsini götürdülər. Amma heykəllər bizim tariximizdir. Məncə, bunun heykəllə heç bir bağlılığı olmamalıdır. Yetişən nəsil o heykəllərə baxanda tarixi yada salmalıdır. Ümumiyyətlə,  şəhər və  rayon icra başçıları heykələrə olduqca mənfi münasibət bəsləyirlər. Deyəsən, icra başçıları gözləyir ki, biz, müəlliflər onların yarıtmaz işləri haqqında ölkə başçısına məlumat verək.

 

Reytinq.- 2006.- 10 sentyabr.- S. 13.