Azərbaycanın turizm aləmi

 

Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi salonunda 2006-cı ilin aprelindən sentyabradək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən "Azərbaycan 2006 - turizm aləmi" adlı fotomüsabiqəyə yekun vurulmuşdur.
Fotomüsabiqəni keçirməkdə məqsəd Azərbaycanda çox vacib olan bu sahənin inkişafı, ölkəmizin tarixini, mədəni və milli irsini, xalqımızın bənzərsizliyini, təbiətimizin gözəlliklərini, rəngarəngliyini, nadir nemətlərini təbliğ etmək idi. "Azərbaycan 2006 - turizm aləmi" fotomüsabiqəsində paytaxtla yanaşı, Gədəbəy, Lənkəran, Masallı, Lerik, Qax, Zaqatala, Balakən, Qusar, Tovuz rayonlarından 77 peşəkar və həvəskar müəllifin 700-dən artıq fotoəsərinə baxış keçirilmişdir.
Dörd kateqoriya üzrə keçirilən fotomüsabiqədə qaliblər müəyyənləşdirilmişdir. Bundan əlavə, hər kateqoriyanın həvəsləndirici mükafatları da var idi. Eləcə də, Azərbaycan Fotoqrafçılar Birliyi tərəfindən ən yaxşı fotoəsərlərə də xüsusi mükafat və qiymətli hədiyyələr təqdim olundu.
Fotomüsabiqənin ən yaxşı işləri xüsusi olaraq buraxılmış kataloqda öz əksini tapmış və qaliblərin təntənəli şəkildə təltif olunma mərasiminin keçirildiyi Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi salonunda nümayiş etdirilmişdir.
"Azərbaycan 2006 - turizm aləmi" fotomüsabiqəsinə ölkəmizin müxtəlif bölgələrindən göstərilən maraq sübut edir ki, mühüm əhəmiyyət kəsb edən bu tədbirin keçirilməsi günün vacib tələbidir. Təsadüfi deyil ki, 2006-cı il yeni dövrün - Azərbaycanda turizm sənayesinin inkişafının başlanğıcı hesab oluna bilər. Fotomüsabiqənin əsas devizi xalq şairi Süleyman Rüstəmin "Cənnət görmək istəyən Azərbaycana gəlsin" misrası idi.

 

Azərbaycan.- 2006.-5 sentyabr.- S. 5.