Banu
Kinoşünas Aydın Kazımzadə:
"Azərbaycan kinosuna
sərmayə qoyulmalıdır"
Yalnız bundan
sonra filmlərimizin dünya miqyasına çıxarılmasından söhbət
gedə bilər
Əməkdar incəsənət xadimi,
kinoşünas Aydın
Kazımzadənin fikrincə,
Azərbaycan kinosunun dünya miqyasına çıxa bilməsi üçün bu sahəyə sərmayə
qoyulmalıdır. Müsahibim deyir ki, dövlət
tərəfindən kinoya
həmişə pul buraxılıb. Onun sözlərinə görə,
bu vəsaitin məbləği az da olsa,
kinoların çəkilməsinə
çatır. Lakin məsələ
ondadır ki, filmlərimizin dünya miqyasına çıxacaq
səviyyədə çəkilməsi
üçün vəsait
ayrılmır.
Amma müsahibimin fikrincə, Azərbaycan kinosu özünün əvvəlki
tempinə yaxınlaşmaq
üzrədir. Belə
ki, artıq ildə iki deyil,
beş film çəkilir: "Kinoya
ayrılan vəsait
get-gedə artır və bu fərq
artıq özünü
göstərir. Sevindirici haldır
ki, "Girov",
"Küçələrə su səpmişəm",
"Ovsunçu" filmləri
artıq beynəlxalq kino festivalların repertuarına salınıb.
Bu, böyük hadisədir. Başqa sözlə
desək, bu, Azərbaycan kinosunun dirçəlməsinə bir
işarədir. Bu filmlərdən mükafat
alanı da, almayanı da var".
A.Kazımzadə artıq film çəkən
müstəqil təşkilatların
yarandığını vurğulayaraq
həmin filmlərin beynəlxalq kino bazarına çıxmasının
vacibliyini önə gətirir. Kinoşünas
təəssüflə deyir
ki, yaxşı filmlərin çəkilişi
üçün tələb
olunan vəsait və texnika Azərbaycanda yoxdur: "Əlbəttə ki, sənətkarlarımızın istedadı da nəzərə alınmalıdır. "Arşın mal alan"ın dünya şöhrəti
qazanmasında mən nə Rza Təhmasibin,
nə aktyorların əməyini kiçildirəm.
Bu film daha çox
teatr səhnələrini
xatırlatdığı üçün
yüksək səviyyəli
bir filmdir. Ancaq mənim fikrimcə, həmin filmin dünya şöhrəti
tapmasının əsas
səbəbi Üzeyir
Hacıbəyovun musiqisi,
Rəşid Behbudovun dünya şöhrətli
ifasıdır. Sonra rejissorların,
operatorların, aktyorların
əməyi gəlir".
Müsahibim söyləyir
ki, kinonun çəkilməsi üçün
pul və müasir texniki avadanlıqlar olarsa, Rüstəm və Maqsud İbrahimbəyovlar,
Eldar Quliyev, Oqtay Mirqasımov kimi sənətkarların
dəstəyi ilə səviyyəli filmlər ərsəyə gətirmək
olar. O, eyni zamanda, bu sənətə
gənclərin gəldiyini
vurğulayaraq sonuncuların
qısametrajlı filmlərinin
Amerikada, Fransada mükafatlar qazandığını
dilə gətirdi.
Kinomuzda millilik məsələsinə
toxunan kinoşünasın
dediyinə görə,
sənətkarlarımız filmlərində Azərbaycan
kinosunun xüsusiyyətlərini
qorumaqla milliliyi göstərirlər. Ancaq
eyni zamanda, filmlərimizdə yeniliyə
də yer verilir: "Ümumiyyətlə,
rejissorların milliliyi
ekranda nə dərəcədə ifadə
etməsi ayrıca məsələdir. Bu mənada
son illərin filmlərinə
baxanda bir az sönüklük
hiss olunur. Bizdə hazırda elə
bir milli obraz yoxdur ki,
nümunə olsun.
Məsələn, ona baxıb
"biz buna oxşayıb
vuruşmağa gedəcəyik"
desinlər. Böyük Vətən
müharibəsi başlayanda
hamı Çapayevin,
Aleksandr Matrosovun dalınca gedirdi. O vaxt "Kutuzov", "Suvorov" filmləri çəkilib. Bizim filmlərin hamısında
müsbət qəhrəman
var. Ancaq onlar bizim kimi adi
insanlardır. Bir də
var içərimizdən elə
bir obraz
çıxır ki, örnək
olur. Qoy bu, heç real adam olmasın,
amma qəhrəman olsun. "Fəryad"
çox gözəl filmdir. Ancaq film boyu qəhrəmanımız
erməni təpiyi altında döyülür.
Mən istəmirəm bizim qəhrəmanımızı erməni
döysün. Qarabağın hər dəlmə-deşiyini
tanıyan, müxtəlif
situasiyalara düşən
bir qəhrəman haqqında film çəkilsin.
Qoy bir az fantaziya, bir az real olsun.
Amma əsas odur ki, hamı o qəhrəmana oxşamağa
çalışsın".
A.Kazımzadə statistikaya istinad
edərək 20 faiz torpağını itirən
və 1 milyon qaçqını olan Azərbaycanın milli qəhrəmanlarının sayının
çox olduğunu söyləyir. Lakin o qeyd
edir ki, əhali milli qəhrəmanlardan heç
birini tanımır.
Onun fikrincə, qəhrəmanların
gördüyü işləri
toplayıb bir insanın simasında qəhrəman obrazı yaratmaq olar.
Kinoşünasa ən
böyük vətənpərvərlik
filmlərinin müharibədən
sonra yarandığını
xatırladanda o bildirdi
ki, əgər Böyük Vətən müharibəsi olmasaydı,
bu fikirlə razılaşardı: "O müharibə
bizim üçün
böyük dərsdir.
Çox
təəssüf ki, bu ideologiyadan istifadə olunmur. Müharibənin ilk günündən hər şeyin müharibənin qanunlarına
tabe olması haqqında əmr verildi. Onlardan biri də kinematoqrafiya idi. İsrafil Məmmədov, Kamal Qasımov, Bəxtiyar Kərimov və başqaları haqqında
filmlər çəkildi.
Zəif olsa da, amma
çəkilirdi. Camaat da
öz qəhrəmanı
ilə fəxr edir, qalib gələcəyinə
inanırdı. Bəzi yazıçılar
deyirlər ki, müəyyən vaxt keçsin, Qarabağ mövzusunu dərk edək, sonra yazarıq. Bu, boş söhbətdir.
Böyük Vətən müharibəsi
gedən illərdə
həmin əsərlər
necə yaranırdı?
Müharibə vaxtı hamı
o ab-hava ilə yaşayırdı".
A.Kazımzadə deyir ki, ümumi ideologiya olsa, ölkədə hiss edilər. Onun fikrincə, küçələrdə
qızların şəkillərinin
əvəzinə, bir
əsgərin - milli qəhrəmanın şəkili
vurulsa, ideologiyanın
olduğu hiss edilər.
Müsahibim deyir ki, belə vacib
məsələnin təbliği
ilə məşğul
olan təşkilat tanımır: "Bir vaxtlar gecə barlarının fəaliyyəti
qadağan idi. Amma hazırda barlar, diskotekalar yenə fəaliyyətdədirlər. Bizim gələcəyimiz adlanan
gənclər həmin
barlardakılardır?! Səngərdə dayanan əsgər
istirahət saatında
televiziyaya baxanda həmin adamları görür, yaxşı ki, onda ruh
düşkünlüyü əmələ gəlmir".
Kinoşünas müəllifi olduğu
Azərbaycan Kino Ensiklopediyası
barədə də söhbət açdı.
Xatırladaq ki, o, professor Rəhman Bədəlovla birlikdə
10 ildir bu ensiklopediyanın üzərində
işləyir. R.Bədəlov
əsasən dünya
kinosu, A.Kazımzadə
isə Azərbaycan kinosu bölməsini işləyib: "Demək
olar ki, bu iş qurtarıb.
Ancaq son 10 il
ərzində dünyadan
köçən, fəxri
ad alan, çəkilən
filmlər və s. hadisələr olub. Bütün bunları da ensiklopediyaya əlavə etməliyəm. Bu ensiklopediyanın nəşri
böyük bir hadisə olacaq". Qeyd edək ki, ensiklopediya
Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə hazırlanır.
Söhbət əsnasında onu
da öyrəndik ki, Moskvada saxlanılan
filmlərin siyahısı
hazırlanır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin göstərişi
ilə Moskvanın arxivlərində saxlanan Azərbaycan filmlərinin siyahısı artıq Bakıya gətirilib.
A.Kazımzadə deyir ki, Dövlət Film Fondunda olmayan filmlər sifarişlə Azərbaycana
gətiriləcək.
Ayna.-2006.- 9 sentyabr.- S. 20.