Babayeva T.
Cənub şəhərinin akkordları
Və yaxud öz bədii həllini tapmayan film
Sentyabrın 4-dən 9-dək
Bakıda növbəti "Şərq-Qərb"
Beynəlxalq Kinofestivalı keçirildi. Sayca VIII olan festivalda,
hər il olduğu kimi, iki fərqli qütbün kino
nümunələri göstərildi. Bu dəfə yerli kino
həvəskarları Audrius Yuzenasın "Getto"
(Litva-Almaniya, 2006), Kirill Serebrennikovun "Qurbanı təsvir
edərək" (Rusiya, 2006), Səfərbəy Soliyevin
"Gözləmə təqvimi" (Tacikistan, 2005), Aleksey
Balabanovun "Məni incitmir" (Rusiya, 2006), Valeri Rubinçikin
"Ninkiyski peyzaj", Cəfər Pənahinin "Ofsayd"
(İran, 2006), Qaziz Nəsirov və Təlqət
Asırankulovun "Cənnət quşları"
(Qazaxıstan-Qırğızıstan, 2006), Zülfiqar
Musakovun "Vətən" (Özbəkistan, 2006),
İştvan Sabonun "Qohumlar" (Macarıstan, 2006), Sabit
Qurmanbəyovun "Trassa" (Qazaxıstan, 2006) və Artyom
Antonovun "Alatoran" (Rusiya, 2005) filminə baxa bildilər. Bu
gün festivalın sonuncu günündə isə Kann
kinofestivalı mükafatçısı, türkiyəli rejissor
Nuri Belge Ceylanın "İlin fəsilləri" filmi
göstəriləcək.
H. Əliyev adına Sarayda baş
tutan festivalın açılışında isə yerli kinostudiyanın
son istehsalı - Rüstəm İbrahimbəyovun ssenarisi
əsasında Oleq Səfərəliyevin lentə
aldığı "Əlvida, cənub şəhəri"
filminin premyerası oldu. Mərasimin bədii hissəsindən
sonra tanınmış dramaturq, festivalın prezidenti
Rüstəm İbrahimbəyov səhnəyə
çıxaraq, açılışda "Əlvida,
cənub şəhəri"nin nümayiş
olunacağını elan etdi. Dramaturq festivalın məhz bu
filmlə açılışını filmin Dolbıy Stereo
yox, mono-səslə yazıldığını və
belə sistemlə filmin yalnız Sarayda nümayiş oluna
biləcəyi ilə əlaqələndirdi. 15 dəqiqəlik
fasilədən sonra isə səhnəyə Oleq
Səfərəliyev və yaradıcı heyətin bəzi
üzvləri çıxdı. Təqdimatdan sonra rejissor
filmin Moskva laboratoriyasından iki gün əvvəl
çıxdığını vurğuladı və
tamaşaçılardan bəzi nöqsanları
nəzərə almamağı rica etdi. Tamaşaçılar,
yəqin ki, rejissorlarımızın
müğənnilərin səhər efirdə "yuxudan
təzə durmuşam, səsim yerində deyil" kimi
bəhanəsini xatırladan, adət halı almış
üzrxahlığına alışdığından
təəccüblənmədilər. Həm də
təəccüblənməyə başqa səbəb vardı.
Sözün düzü, filmin iki gün əvvəl hazır
olması xəbəri yenilik oldu. Çünki "Əlvida,
cənub şəhəri" avqustun 2-i, Milli Kino
Günündə Kinematoqrafçılar İttifaqının
təsis etdiyi V "Qızıl Çıraq"
mükafatını "Ən yaxşı tammetrajlı
bədii film", "Ən yaxşı ssenari",
"Kişi rolunun ən yaxşı ifaçısı"
nominasiyaları üzrə qalibi olub. Belə
çıxır ki, mükafatlar hələ tam hazır olmayan
bir filmə verilibmiş. Deyəsən, mükafat
təsisçiləri bu sahədə analoqu olmayan bir
təcrübə aparmaq istəyiblər. Ya da
görünür, dəyərli münsiflər heyəti
qabaqcadan bu filmin uğurlu alınacağına
şübhə etməyib. Təki, siz deyən olsun. Elə
isə keçək "ilin filmi"nə.
Caz, şərab, qətl
"Əlvida, cənub
şəhəri" Bakının 2000-ci il
mənzərəsinin əks olunduğu kadrlarla başlayır.
Kabinetdə şıq kostyumlu və qalstuklu şəxs mobil
telefonla hansısa binaların sökülməsi
tapşırığını verir. Növbəti kadrlarda
isə başı dibindən qırxılmış,
çiynində çanta olan gənc oğlan bir restorana girir
və burada tanışı ilə .. rastlaşır. Onların
söhbətindən belə məlum olur ki, bu gənc -Alik
(Teymur Bədəlbəyli) həbsxanadan çıxıb.
Tanışı - Rza (Fəxrəddin Manafov) ona Farizi (Fuad
Poladov) öldürməyi təklif edir. Əks halda, Fariz Alikin
"işini" bitirəcək. Alik isə
razılaşmır. Daha sonra titrlərin köməyilə
hadisələrin 1988-ci il Bakısında cərəyan etdiyi
aydın olur. İçərişəhər
həyətlərinin biri... Ümumi həyətə,
ümumi pilləkənə bir neçə qonşunun qapısı
açılır. Alikin də yaşadığı bu
həyətin sakinləri çoxdanın
qonşularıdır. Tək bir nəfərdən başqa.
Fariz ailəsi ilə bura yenicə köçüb. Odur ki,
şəhər həyatına alışmayan 7-8 yaşlı
oğlu hər gün özünü eyvanın başından
milisioner qonşunun həyətdə duran
maşınının üstünə "yüngülləşdirir".
Hər dəfə də maşının sirenalarının
səsi məhəlləni başına götürür.
Maşın sahibi, qonşular narazılıqlarını
bildirsələr də, vəzifə sahibi olan Farizdən
çəkindikləri üçün "dərinə"
getmirlər. Alik isə məhəllənin
müdafiəçisi kimi tanınır. Məlum
səbəblərdən rusların, ermənilərin
Bakını tərk etdiyi qarışıq bir dövrdə
Alik tanıdığı adamların dadına çatır.
Qarşı tərəfi hədələməkdə isə
ona cibində gəzdirdiyi tapança yardımçı olur.
Nəhayət, yaxınlıqdakı zirzəminin
boşaldılması məqamı da yetişir. Caz qrupunun
məşq etdiyi zirzəmidə Fariz restoran açmaq
fikrindədir. Qrup üzvləri isə caz festivalına
hazırlaşdıqlarından zirzəmini tərk etmək
istəmirlər. Alikin sevdiyi qız - Maya (Mehriban Zəki) da
qrupun solistidir.
Odur ki, gənc oğlan yenidən tapançasını
çıxararaq, musiqiçilərin müdafiəsinə
qalxır. Növbəti günlərin birində qonşular
həyətdə süfrə arxasına toplaşaraq,
həyətləri haqqında videokamerası ilə film
çəkən və buna görə də Farizin qəzəbinə
tuş gələn yeniyetmə oğlanın "kişi
olmasını" qeyd edirlər. Bu məqamda yeni qonşu
həyətə girir və pilləkənlərlə
evinə qalxır. Qonşular onu içməyə
dəvət etsələr də, Fariz ikrah hissi ilə
təklifi rədd edir, "Sizin kimilərlə
içmərəm, hamınızın axırına
çıxacağam" deyir. Alik isə ona edilən
hədəyə dözməyib pilləkənlərlə
qalxır və Farizə möhkəm bir sillə
çəkir. Bu hadisədən sonra Alik milis idarəsinə
çağırılır. Onun gəzdirdiyi
tapançanın adi alışqan olmasına baxmayaraq,
törətmədiyi cinayətlərdə təqsirli bilinir
və həbs edilir. Filmin sonunda hadisələr yenə də
2000-ci ilə qayıdır. Dəniz kənarında Rza
Alikə bir daha Farizi öldürməyi təklif edir. Alik
isə "yox" cavabı verərək, Azərbaycanı
tək edəcəyini deyir. Vaxtilə neft quyusunda birgə
işlədiyi, tənbəlliyi üzündən yalnız
Alikin özünə ortaq götürdüyü Rza isə
cibindən bıçaq çıxardıb, ona bir
neçə zərbə endirir. Alik qan içində yerə
yıxılır. Film Bakının gecə panoramı, caz
musiqisinin sədaları altında bitir.
Əlvida!
Rejissorun filmin texniki
keyfiyyəti ilə bağlı üzrxahlığı tam
əsaslı idi. Çünki səsləndirmə, montaj, operator işi qüsurlarla dolu idi. Kadrlar fikir bitməmiş, məntiqi nəticə bilinmədən kəsilir və filmin ümumi harmoniyasını pozurdu. Səsləndirmənin tempi də dəyişkən idi. Bəzi kadrlarda qəhrəmanlar yüksək tonla danışdıqlarından nə dediklərini çətinliklə anlamaq olurdu. Bir epizodda isə uşaqların çığırışmasını qarğaların qarıldaşması ilə səhv salmaq olardı. Filmin titrləri də
nöqsanlardan kasad deyildi. Sözlərdəki bütün
"i" hərfləri "ı" kimi və
əksinə yazılmışdı.
Ekran əsərinin konsepsiyasına
gəlincə isə, tamaşaçılara müəlliflərin
hansı problemi qaldırdığı, nəyə
"əlvida" dediklərini ehtimal etmək qalır. Çünki
"Əlvida, cənub şəhəri" də "ekran
həllini tapmayan" filmlər siyahısına
düşəcək. Güman etmək olar ki, ssenarist və
rejissor filmdə beynəlmiləl təbəqənin bir
süfrə arxasında yeyib-içib, mahnı
oxumasını göstərməklə ötən əsrin
90-cı ilinə qədərki özünəməxsus ab-havası,
mədəniyyəti ilə fərqlənən Bakının
həsrətindədir. Amma əfsuslar olsun ki, rejissor həmin
atmosferin təsvirində yalnız yeyib-içmək,
keçmiş "Qaya" ansamblının
yaşlaşmış üzvlərinin caz ifasını
göstərməklə kifayətlənib. Elə
təsəvvür yaranır ki, o illər cənub
şəhəri - Bakının özəlliyi elə bunlardan
ibarət imiş və paytaxt.sakinlərinin də itkisinə
təəssüf etdiyi təkcə kef məclisləridir. Bu
filmdə vaxtilə R.
İbrahimbəyovun ssenari müəllifi olduğu "Bir
cənub şəhərində"n fərqli olaraq, paytaxtın
koloritindən əsər-əlamət belə yoxdur. Əvəzində
film dramaturqun ssenarisi əsasında çəkilən
"Ailə" filmini xatırladır.
Rejissor bir həyətdə yaşayan insanların münasibətlərinə də çox səthi yanaşıb, bir-iki məqamda edilən zarafatlarla kifayətlənib. Hətta süjetin əsasında duran Aliklə Fariz arasındakı konflikti də qura bilməyib. Onların arasındakı münaqişəni yetərincə əsaslandırmayb. Filmdə bəzi dramaturji anlaşılmazlıqlar da var. Məsələn, epizodların birində Maya zirzəmidə musiqiçilərlə söhbətləşir, onlara çay gətirir.
Bu zaman qrupun rəhbəri musiqiçilərin işsiz dayanmasından əsəbləşir, onlara məşq etməyi tapşırır. Mayaya isə "Ay qız, sən burda nə
gəzirsən? Get burdan" deyə acıqlanır. Filmin
sonrakı gedişatından isə məlum olur ki, Maya qrup
üzvlərindən biridir.
Filmdə yəqin ki, əyalət
adamlarının şəhərə axını və bu
zaman yaranan problemlərin göstərilməsi də
nəzərdə tutulub. Amma rejissor hansısa səbəbdən
bu məsələni də qabartmaqdan yan keçib. Problemi
yalnız Farizin oğlunun dələduzluğu ilə əks
etdirib. Sən demə, kənd həyatına alışan
əyalət adamının şəhərdə
yaratdığı və özünün
qarşılaşdığı yeganə problem ayaqyolunun
səmtini səhv salmasıdır.
Rejissor xarakterlərin
açılmasına, detalların işlənməsinə
də əmək sərf etməyib. Heç
tanınmış aktyorların oyunu da vəziyyəti xilas
etmir. Alikin ifaçısı, bu rola görə həm də
"Qızıl Çıraq" laureatı Teymur
Bədəlbəyli isə bütün hiss və
emosiyalarını aradabir qaşlarını çatmaqla
nümayiş etdirir. Onun oyununda Alik maraqsız, sönük,
xaraktersiz adam təəssüratı bağışlayır.
Bir sözlə,
müəlliflərin hansı dəyərlərə
"əlvida" dedikləi naməlum qaldı. Buna baxmayaraq,
finalda alqış səsləri eşidildi.
İstənilən halda, istənilən vəziyyətdə
yaradıcı adamlarımızın dadına çatan yerli
tamaşaçıların alqışı. Bu baxımdan, bizim
rejissorların bəxti yaman gətirib...
Xəzər.- 2006.- 9 sentyabr.- S 13.