"Belə texnikayla irəli getmək olmaz"

Xarici rejissorlar da Azərbaycan kinosunun texniki imkanlarını bəyənmirlər

 

Srağa gün VIII "Şərq-Qərb" Bakı Beynəlxalq Kino Festivalı start götürdü. Və tamaşaçılar "Vətən" (Özbəkistan), "Qurban kimi görünmək" (Rusiya), R.Ocaqovun "Park", M.İbrahimbəyovun "Neft", Ə.İ.Cabbarovun "Əyalət teatrının tarixçəsi", M.Ağazadənin "Altıaylıq" filmlərini izləmək şansı qazandılar. Qeyd edək ki, 1990-cı ilin kinomuzda buraxdığı dərin böhran izləri hələ də davam etməkdədir. Buna filmlərin nümayişi zamanı bir daha əmin olduq. Kinomuzun hələ də qəddini düzəltmədiyi bir məqamda bu cür beynəlxalq festivalın məhz Azərbaycanda keçirilməsi doğrudan da, sevindirici haldır. Düzdür, tək festivalı gerçəkləşdirməklə iş bitmir. Yəni festivalın yüksək səviyyədə təşkil olunması çox önəmlidir. Burada təşkialtçılıq işlərindən tutmuş, qonaqların siyahısına kimi hər şey zövq oxşamalıdır. Oxucularımız düşünməsinlər ki, "Şərq-Qərb"in açılış mərasimi sönük keçdi, əsla. Əksinə əvvəlki illərdən fərqli olaraq, bu il təşkilatçılar festivalın qonaqlarına maraqlı proqram təqdim edə bildilər. Öncə diqqətimizi səhnə dekoru çəkdi. Şərq və Qərb üslubunda hazırlanmış səhnə iki hissəyə bölünmüşdü. Bütün dünyada məşhur olan "Əli və Nino" romanının qəhrəmanları tədbir iştirakçılarını Azərbaycan kinosunun keçdiyi mərhələlər, adları milli kinonun Qızıl Fonduna yazılmış bədii filmlər, görkəmli rejissorlar barədə məlumat verdilər. Rauf Sultanovun rəhbərlik etdiyi caz orkestrinin müşayiəti ilə "Bizim Cəbiş müəllim", "Şərikli çörək", "Bir cənub şəhərində" və digər filmlərdən kadrlar nümayiş olundu. Əli və Nino sonda tamaşaçılara öz arzularını bildirdilər: "O gün olsun, Azərbaycan kinosundakı problemlər həll olunsun və bizim rəvayətimiz haqqında gözəl bir film çəkilsin".

Bununla belə, festivalın açılış mərasimindəki bəzi qüsurlar diqqətimizdən yayınmadı. Məsələn, gecikmə ənənəsinə sadiq qalan təşkilatçılar qonaqları düz 1 saat qapı arxasında saxladılar. Saat 17.00-a təyin olunmuş açılış mərasimi xeyli yubandı. Nədənsə, qonaqlar Heydər Əliyev adına Sarayın sərin zalına belə buraxılmadılar. Biz də fürsəti fövtə verməyib foyedə istidən tər tökə-tökə zalın qapılarının açılmasını gözləyən əcnəbi qonaqlara yaxınlaşdıq və "Şərq-Qərb" barədə fikirlərini öyrəndik. Amma builki qonaqlar arasında adı bütün dünyada məşhur olan rejissor və aktyorlara rast gəlmədik. İlk müsahibimiz Özbəkistanı təmsil edən kinorejissor Əziz Nasırov ilk dəfədir Bakıya səfər etdiyini bildirdi: "Əvvəlki illərdə keçirilən "Şərq-Qərb"də iştirak etməmişəm. Ona görə də festival təəssüratlarımı sizinlə bölüşə bilməyəcəyəm. Amma Azərbaycan kinosundan xəbərim var. Bilirəm ki, Sovet dövründə yaxşı filmləriniz olub. Onlara baxmışam və çox xoşuma gəlir. Yalandan nə deyim, müasir dövr filmlərinizi görməmişəm".

Fransalı Riçard Martinin fikrincə, "Şərq-Qərb" festivalı məhz Bakıda baş tutmalıdır: "Şəhəriniz çox gözəldir və bilmək olmur, bura Şərq, yoxsa, Qərb ölkəsinin paytaxtıdır. İnanıram ki, iki qütbü özündə cəmləşdirən festivalda yüksək səviyyəli filmlər nümayiş olunacaq. Azərbaycan kinosu haqda dərin anlayışım olmasa da, bilirəm ki, siz hələ çox işləməlisiniz. Avropa standartlarına cavab verən texnika ilə film çəkməlisiniz ki, dünyada keçirilən beynəlxalq festivallarda ölkənizi layiqincə təmsil edə biləsiniz".

"Xalq Cəbhəsi" qəzetinə dəfələrlə müsahibə verən Cənubi azərbaycanlı prodüsser Eyyub Danşıvər Azərbaycan kinosuna yaxşı bələd olduğunu dilə gətirdi: "Azərbaycan kinosunu bir neçə cümlə ilə analiz etmək mümkün deyil. Çünki sizin kino üç mərhələdən - yaranış dövrü, Sovet dövrü və müstəqillik dövründən ibarətdir, Şərq-Qərb arasındakı bir kinodur. Sizin rejissorlarda azad düşüncə var, amma bir balaca melodramaya meyillidirlər. Yaxşı aktyor potensialınız var, texnika isə yoxdur. Təbii ki, belə texnika ilə irəli getmək olmaz. Qeyd edim ki, mənim prodüsserliyimlə "Arzular" filmi Azərbaycanda çəkilib və onun premyerası Tehranda baş tutub. 2004-cü Bakıda I İran film həftəliyini təşkil etmişəm. Dediyim odur ki, kino sahəsində ölkənizə istənilən yardımı etməyə çalışırıq. Bilirsiniz ki, İranda kino çox inkişaf edib. Dünyada elə bir mötəbər kinofestival yoxdur ki, bizim filmlərimiz orada nəinki iştirak etməsin, əksər hallarda birinci mükafatı qazanmasınlar".

Rusiyada yaşayan və əslən gürcü olan kino işçisi Yuri Kabaladze Rüstəm İbrahimbəyovla dost olduğunu söylədi: "Onun dəvətiylə bura gəldim. Gürcüstanda yaşayanda Azərbaycan filmlərinə çox baxırdım, xüsusən də, "Koroğlu"ya. Gürcü telekanallarında sizin "Sevgilim" və "Cücələrim" mahnılarını tez-tez verirdilər. Mən də onları əzbərdən bilirəm. İkinci ildir ki, "Şərq-Qərb" kinofestivalında iştirak edirəm və böyük zövq alıram. Arzu edirəm ki, gələcəkdə festivalın coğrafiyası daha da genişlənsin. Müasir filmləriniz tərifəlayiq olsun".

Yaxşı, bəs bizim kino işçiləri "Şərq-Qərb" festivalından nə gözləyirlər? Sualımızı ilk cavablandıran Suğra Bağırzadə oldu. Aktrisa - "bu gün kino işçiləri üçün bayramdır"- dedi: "Bu festivalın keçirilməsi çox önəmlidir. Əvvəla, dünya kino işçiləri ilə təmasda oluruq. Əcnəbilər də ölkəmiz, kinomuz haqqında bilgiyə malik olurlar. Sevindirici haldır ki, bu il festivala qatılan ölkələrin sayı çoxalıb və onların sırasında Fransa da var".

Kinoşünas Aydın Kazımzadənin fikrincə, festival ermənilərə yerimizdə saymadığımızı sübut etmək baxımından əhəmiyyətlidir: "Ermənilər bizim haqqımızda dünyaya yalan məlumatlar yayırlar. Amma bu gün burada iştirak edən əcnəbi qonaqlar bizim qaniçən xalq olmadığımızı görürlər. Bundan başqa, yüksək səviyyəli filmlərə tamaşa edən rejissorlarımız da özlərini yığışdırırlar. Başa düşürlər ki, "Şərq-Qərb"də iştirak etmək üçün səviyyəli film çəkməlidirlər".

Beləliklə, festivaldə Azərbaycan kinosu barədə fikirlər müxtəlif oldu. Kinomuzun zəif inkişaf etdiyi, köhnə avadanlıqlar, dəbdən düşmüş texnika ilə işlədiyimiz əcnəbilərin də diqqətindən yayınmadı. Amma mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında vəziyyətin nisbətən düzələcəyini qeyd etdi. Dedi ki, "Nizami" kinoteatrında təmir işləri başlayacaq və orada tezliklə böyük kino kompleksi yaradılacaq. Kompleksdə Avpopa standartlarına uyğun avadanlıqlar quraşdıralacaq. O, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının da müasir avadanlıqlarla təchiz olunduğunu diqqətə çatdırdı.

 

Xalq cəbhəsi.- 2006.- 6 sentyabr.- S. 15.