İltifat
"Bakıda çoxlu
kinoteatra ehtiyac yoxdur"
Əblüfəs Qarayev. "Heç kim kinoteatrların dövlət
vəsaiti ilə fəaliyyət göstərəcəyini
gözləməsin, bu
olmayacaq"
Məlum olduğu kimi, paytaxtda VIII "Şərq-Qərb" Beynalxalq Bakı Kino-festivalı başlayıb. Həmişə yüksək dairələrin diqqətində olan bu festival yeni təntənə ilə açıldı və açılışda Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev də iştirak edirdi. Əməkdaşımız da bu fürsətdən istifadə edib, nazirdən eksklüziv müsahibə alıb.
- Cənab nazir, sizi əvvəllər də "Şərq-Qərb" festivalının açılış mərasimində görmüşük. Amma bu gün Mədəniyyət və Turizm naziri olaraq ev sahibi kimi iştirak etdiyinizdən, yəqin ki, fərqli təəssüratlarınız var.
- Mən bundan əvvəl də "Şərq-Qərb" kinofestivalında dəfələrlə iştirak etmişəm, baxmayaraq ki, onda Gənclər, İdman və Turizm Nazirliyinə rəhbərlik edirdim. Amma indi belə bir möhtəşəm tədbirdə qonaq deyil, ev sahibi kimi iştirak etməyimə çox sevinirəm. Fikrimcə, biz öz kinomuzla tərəfdaşlarımızın da sayını artıra bilərik və bu sahədə böyük işlər görülməlidir.
Milli
Məclisin Mədəniyyət Daimi Komissiyası Mədəniyyət və
Turizm Nazirliyi ilə birlikdə "Şou-biznes haqda" qanun layihəsi üzərində işə
başlayıb.
Sizcə, bu qanunla şou-biznesdəki hərc-mərcliyi nizama salmaq mümkün olacaqmı?
- Bizim
üçün ilk növbədə
vacib olan "Teatrların fəaliyyəti haqqında" Qanunun qəbul olunmasıdır. İnşallah, bu qanun qəbul olunandan sonra digər məsələlərin həllinə başlayacağıq. "Mədəniyyət
haqqında" Qanuna da bir daha
yenidən baxmaq lazım gələcək.
Yəqin
ki, mətbuatdan xəbərdarsınız, Milli
Məclisin Mədəniyyət
Daimi Komissiyası ilə birlikdə müşavirə keçirməyi
planlaşdırırıq. İstəyirik, oturub söhbət edək, məsləhətləşək, şou-biznesin bugünkü vəziyyətini müzakirə edək, görək "Mədəniyyət haqqında" Qanunda dəyişiklik etməyə ehtiyac var, ya yox?
- Bu günlərdə ölkə başçısı kinoteatrların özəlləşdirilməsi ilə bağlı sərəncam imzaladı. Sizcə, bütün kinoteatrlar özəlləşdiriləndən sonra öz profilləri üzrə işləyəcəklərmi?
- Mənə elə gəlir, Bakıda bu gün çoxlu kinoteatrın fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Artıq biz tədqiqata başlamışıq ki, öyrənək görək, əhalinin sayına görə, hansı yaşayış məntəqələrində kinoteatrların olması məqsədəuyğundur. Və bu tədqiqatın nəticələri 1 aydan sonra məlum olacaq. O cümlədən heç kim kinoteatrların dövlət tərəfindən maliyyələşdirilməsini və dövlət vəsaiti ilə fəaliyyət göstərməsini gözləməsin, bu olmayacaq. "Nizami" və mərkəzdə yerləşən digər dövlət əhəmiyyətli kinoteatrlar dövlətin himayəsində fəaliyyət göstərəcək, qalanları özəlləşdiriləcək. Ölkə başçımızın imzaladığı sərəncamdan irəli gələn proqrama uyğun olaraq özəlləşdirilən kinoteatrların hansılarının öz profilinə uyğun, hansılarının sərbəst fəaliyyət göstərməsi sonra müəyyənləşdiriləcək. Mənim fikrimcə, kinomuzun inkişafına yenidən start verilən bir məqamda hörmətli prezidentimizin belə bir sərəncam imzalaması vaxtında atılan addımdır və kino ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Çünki kinoteatrların iş adamları tərəfindən alınıb kino mərkəzləri kimi fəaliyyət göstərməsi ilə bağlı bir sıra sifarişlər də var idi. Çox istərdik ki, dünyada kino sənayesində mövcud olan maliyyə dövriyyəsi bizdə də olsun. Söhbət bundan gedir.
- İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin turizm nazirlərinin V konfransına hazırlıq necə gedir?
- Artıq hazırlığın son mərhələsi gedir. Konfransda 37 ölkənin turizm naziri və yaxud nazir müavinləri iştirak edəcək. Bundan başqa, turizm və mədəniyyətlə bağlı beynəlxalq şirkətlərin nümayəndələri iştirak edəcək. Konfransın proqramı da həm rəngarəng, həm də çox maraqlıdır.
Ekspress.- 2006.- 7 sentyabr.- S. 13.