Məhərrəmova T.
Ciddilikdə gizlənən
kövrəklik
Onu səhnələrdə, ekranlarda hər dəfə nə qədər görürdük? Beş dəqiqə, on dəqiqə, uzaq başı iki-üç saat. Respublikanın Xalq artisti, tanınmış kinoaktyor Məlik Dadaşov məhz o dəqiqələrdə, o saatlarda ürəyimizi fəth etmişdi. Biz onu bir aktyor kimi tanıyır, sevirdik. Heç şübhəsiz, bu sevgini özümüzdən sonra gələcək nəsillərə də ötürəcəyik. Lakin ömür dediyimiz yalnız səhnədə, sənətdə ötən dəqiqələr, saatlar deyil. Bu ömrün hamımız kimi yaşanılan sənət möcüzələrindən başqa böyük parçası da var. Görkəmli aktyorun doğum günü ərəfəsində (11 sentyabr M.Dadaşovun doğum günü idi) ömür-gün yoldaşı Dilarə xanımın xatirələri ilə həmin anları yada salırıq:
Onu bir insan kimi sevdim
- Əgər əvvəllər mən onu istedadlı
bir aktyor kimi tanıyırdımsa, ailə qurub birgə
yaşadığımız illərdə yüksək insani
keyfiyyətləri ilə tanış oldum. Mən onu bir insan
kimi sevdim... Onun ipək kimi xasiyyəti vardı. O,
haqsızlığı xoşlamırdı. Özü də
kiməsə qarşı heç zaman haqsız
olmamışdı. İşinə qarşı çox tələbkar
və məsuliyyətli idi. Məlik zahirən çox ciddi
görünürdü. Əslində belə deyildi. Ciddiliyində
bir kövrəklik, ürəyiyumşaqlıq,
qayğıkeşlik vardı. Uşaq kimi idi. Səhər
işə gedəndə
əgər əlimdə
işim olurdusa, evi var-gəl etməyə başlayırdı. Öz-özünə, "Mən
nə geyinim, nə geyinim" - deyə təkrar edirdi. Deyirdim, "Ay Məlik, o şifoner, o da sən. Nə
istəyirsənsə götür". Razılaşmırdı, deyirdi ki, "sən gəl seç, mən bilmirəm." Mənim zövqümlə geyinirdi.
Hazır olanda zarafatla: "İndi getmək olar, naçalnik?" - deyirdi. Evdən çıxandan bir saat sonra
ev üçün darıxdığını söyləyirdi.
Elə ona görə də gün ərzində işdən
evə bir neçə dəfə zəng vururdu. Səsi çox gur idi, ancaq evdə səsini heç vaxt qaldırmazdı. Bir az yüksəkdən
danışanda: "Məlik,
bir az yavaş"
deyən kimi "Hə,
hə, bağışla
məni" - deyib üzr istəyirdi. Bu 32 il ərzində bir yerdə yaşasaq da, heç vaxt mübahisə etməmişdik.
Bilirdim, işdə çox əsəbi olur. Amma
bunu evdə hiss etdirməməyə çalışırdı.
Deyirdim, "Ay Məlik, sən elə həmişə gülürsən, kənardan baxanlar elə bilər ki, heç dərdin-sərin yoxdur".
Özünü sındırmırdı:
"Mənə kim dərd verə bilər?" - deyirdi.
Çox xeyirxah adam idi.
Deputat olanda evimiz qəbul otağına oxşayırdı. Nəinki Bakıdan,
hətta müxtəlif
rayonlardan onun yanına şikayətə
gəlirdilər. Elə olurdu ki, 7-8 nəfər evdə oturub onu gözləyirdi. Özü də deyərdi ki, kim gəlsə
qapıda saxlama, onlara çay-çörək
ver. Bəzilərini hədiyyə ilə yola salardı. Kiməsə kömək edəndə fərəhlə:
"Bir insana gərək oldum" - deyərdi. Kimisə naümid geri qaytaranda səhərədək ürək ağrısından yatmazdı.
Deyərdi: "Bəlkə
onu geri qaytarım, bəlkə nəsə bir kömək edə bildim". Dostlarının çoxu yaşca ondan kiçiklər idi. Cavanlar ona "papaşa", teatrdakı aktyorlar isə "dayday" deyirdilər. Uşaqları çox sevərdi. Nəvələri xəstələnəndə onların yanından çəkilməzdi.
Bir-birimizdən
heç vaxt küsməmişdik. Təzə evləndiyimiz günlərin birində "Ər və arvad" filminə baxmağa getmişdik.
Film mənə o qədər pis təsir etmişdi ki, yolda ağlayırdım. O isə zarafat
edib məni güldürməyə çalışırdı.
Onun hərəkətlərindən
hirsləndim, üstünə
qışqırdım ki,
necə ola bilər, bu film sənə təsir etməsin? O da gülüb, "Bu ki filmdir, ürəyinə salma" - deyə mənə təsəlli verdi. Sonra biz barışdıq.
"Qəmlo"
- Məlik Ədil İsgəndərovun kursunu
bitirmişdi - deyə Dilarə xanım söhbətinə
davam edir. "Axırıncı aşırım" filminin
çəkilişində Ədil müəllim məni
çağırıb: "Necə bilirsən, Məliki
"Qəmlo" roluna dəvət edək?" - deyə
soruşanda, "Özünüz necə məsləhət
bilirsiniz, elə də edin" - dedim. Beləliklə, Məlik
sınaq çəkilişlərində iştirak etdi. Ədil
İsgəndərov rejisor Kamil Rüstəmova
üzünü tutaraq: "Bu, məni öldürəcək,
aktyor deyil, dəryadır - Məlik" deyirdi. Ədil müəllim
hər aktyoru tərifləməzdi. Bu, çox böyük
qiymət idi. Filmin baxışından sonra Azərbaycanda
böyük mübahisə yaranmışdı: "Kim daha
yaxşı oynayıb? Ədil İsgəndərov, Məlik
Dadaşov, yaxud Həsən Məmmədov?" Film festifalda göstəriləndən
sonra
"
Mən onun ən böyük tənqidçisi idim. Ən
çox mənim fikirlərimlə, iradlarımla razılaşardı. "Mən tənqidçilərdən deyil, səndən qorxuram" - deyərdi. Maraqlıdır
ki, çox vaxt fikirlərimiz üst-üstə düşürdü. 42 filmə çəkilmiş, səhnədə yüzdən artıq obraz yaratmışdı. İndi bunları
xatırladıqca fərəh
qarışıq qəribə
hisslər keçirirəm:
"Filan rolu bu cür oynamaqda
mənim də müəyyən təsirim
olub. Bax, bu rolu oynayarkan mənim fikrimi təkrar-təkrar soruşmuşdu".
Bütün
respublikalarda - Moldovada, Belarusda, Pribaltikada və "Mosfilm"in kinostudiyalarında müxtəlif filmlərə çəkilmişdi. Hamısından da fəxri fərmanlar almışdı.
Məliki işləmək üçün Sankt-Peterburqa çağırır, hər cür şərait yaradacaqlarına, Neva sahillərində evlə təmin edəcəklərinə söz verirdilər. "Mosfilm"dən də dəvətlər gəlirdi. Məgər bir idimi, iki idimi bu cür dəvətlər. O özünü Azərbaycandan ayrı təsəvvür edə bilmirdi. Deyirdi ki, Bakıda anadan olmuşam, burda da öləcəyəm, özgə torpağının gətirdiyi şan-şöhrət mənə lazım deyil. Məlik rus dilində çox təmiz danışırdı. Onun azərbaycanlı olmasına nə Moskva, nə Odessa, nə də başqa yerlərdə inanmırdılar.
"Mən düşmənin verdiyi adı daşımaram"
- "Fəryad" filmi Məlikin taleyində böyük rol oynadı. Həmin filmdə erməni roluna çəkilməyə razılıq vermirdi. Sonra güclə razılaşdı. Dedim ki, roldu
da, bu obrazı
oynamaqla erməni olmayacaqsan ki. Rolu doğrudan da çox gözəl oynadı və tipik bir erməni obrazı yaratdı.
Bir dəfə biz "Malakan" bağından
keçəndə bir hərbçi yaxınlaşıb ondan
sənədlərini istədi. Məlik çox təəccübləndi:
"Məgər siz məni tanımırsınız?" Hərbçinin
israrla: "Mənə burda dedilər ki, siz ermənisiniz"
- sözləri isə onu lap heyrətləndirdi.
Üzünü mənə tutaraq: "Ə, bu gicdir
ki..." - dedi. Elə bu zaman kənarda dayanan bir yaşlı
qadının: "Hə, özüm görmüşəm,
televiziyada göstəriblər" - sözlərini eşidəndə,
Məlik hərbçiyə: "Mənim sifətim sənədimdir
cavabını verdi. Başımıza yığışan
adamlar isə "Heç utanmırsınız, o boyda aktyoru
tanımırsınız?!" - deyə hərbçiyə
təpindilər. Bir də baxıb gördük ki, hərbçi
səssiz-səmirsiz aradan çıxıb. Ancaq həmin əhvalat
Məlikin halına o qədər də təsir etmədi:
"Deyəsən, mən yaxşı oynamışam. Bir halda ki, erməni olduğuma inanıblar".
Məlik
xəstə yatanda Hollivuddan bizə zəng çalmışdılar. Sən demə, ermənilər "Fəryad"ı Amerikada nümayiş etdirmiş və Məlik də obraza görə Hollivud rejissorunun diqqətini cəlb etmişdi. Onlar Məlikin bank hesabının nömrəsini öyrənib pul köçürmək istəyirdilər ki, onu Amerikaya dəvət etsinlər. Sınaq
çəkilişi olmadan müqavilə bağlayıb onu filmə çəkmək istəyirdilər. Mən onlara Məlikin xəstə olduğunu söylədim. Qardaşı isə bu barədə
Məlikə heç
nə deməməyi məsləhət verdi.
Ermənilər həmin obraza görə Məlikə "Ermənistanın Milli Qəhrəmanı" adını vermək istəyiblər. Məlik: "Mən düşmənin verdiyi adı daşımaram" - deyə etiraz etdi.
Onun yaxşı işinə
mane olurdular
- Məlikin həyatında Rus Dram Teatrında işlədiyi
dövr mühüm yer tuturdu - deyə Dilarə xanım
danışır: 90-cı ildə teatrın 70 illiyi idi. Ona
görə Məlik teatrda təmir işlərinə
başladı. Ancaq onun yaxşı işinə mane olanlar
çox idi. O, teatrda hər cür şərait yaratdı. Hətta
teatrın qarşısından keçən tramvay yolunu
bağlatdırdı ki, səs səhnəyə mane
olmasın. Səhnədə gözəl bir meydan düzəltmişdi.
Bəzən ona "Məlik Dadaşov meydanı" da
deyirdilər. Ancaq ona haqsızlıq da çox oldu. Onu teatrdan
uzaqlaşdırmaq məqsədi ilə təqaüdə
yolladılar. Bütün bunlar
ona çox pis təsir etdi. Çünki o, teatrla nəfəs alırdı. Məlik
altı ay xəstə yatdı. Sonra dram teatrına qayıtdı. O vaxt Heydər
Əliyev özü onu qəbul etmişdi. O, Məlikə
çox hörmət
edirdi. O zaman teatr təmirdə idi. Heydər Əliyev Məliki dram teatra bədii rəhbər təyin etmək istəyirdi. O, Məlikə dedi ki, "Mən bilirəm, sən sənəti sevən adamsan, sənət üçün
yanan adamsan. Sən teatrı qaydaya sala bilərsən. Sənin 70 illik yubileyin də keçirilməyib. Teatr mövsümünü də sənin benefisinlə açarıq". Mən də Məlikə dedim ki, boynuna
götürmə, çünki
Mədəniyyət Nazirliyi
onsuz da səninlə yola getməyəcək. Onu sevməyənlər yaxşı bilirdilər ki, Məlik teatrsız yaşaya bilməz. Ona görə də yolunda əngəl olmuşdular.
"Mən ölsəm, toyu saxlama"
- Noyabrın 11-də Şəkidən toy məclisindən qayıdırdıq. Onda qızımız Gülnarə nişanlı idi. Qəfildən maşında dedi ki, "Mən ölsəm, toyu saxlama. Xeyirlə-şər qardaşdır" - deyə Dilarə xanım xatırlayır. Onun bu sözlərindən ürəyim sıxıldı. Dedim ki, "Ay Məlik bu nədir, nə üçün belə ümidiz ümidsiz danışırsan?" İndi fikirləşəndə onun duyumuna məətəl qalıram. Sən demə, ürəyinə daman başına gələcəkmiş. Bəzən deyirlər ki, insan ölümünü qabaqcadan duya bilir. Əvvəllər mən bu sözə inanmazdım...
Neçə dəfə olmuşdu ki, düşmənləri
ona "quyu" qazmış, ölümünü tezləşdirmək
istəmişdilər. Amma
hamısından qurtulmuşdu. Alın
yazısından isə qaçmaq
olmazmış...
Noyabrın 26-da Tədris
Teatrının səhnəsində dördüncü kursun diplom tamaşasının məşqləri
gedirdi. Səhnəyə
qalxanda birdən Məlik yıxılır və
alnı zərbə ilə
pilləkanlara dəyir.
Onu ağır vəziyyətdə xəstəxanaya gətirirlər.
Üz-gözü tamam
şiş içərisində idi. Danışa bilmədiyi
üçün ürək
sözlərini kağıza
yazırdı. Ürəyi davamlı olduğu üçün
altı gün ağrılara tab gətirə bildi...
Onu son mənzilə
yola saldığımız gün Mahnı Teatrının
qarşısında yüzlərlə adam toplaşmışdı (özü
vəsiyyət etmişdi
ki, onu buradan
götürsünlər). Onlar
öz sevimli
aktyorları ilə - böyük
sənətkarla vidalaşmağa
gəlmişdilər. O gün
yox yerdən
işıqlı bir təbəssüm,
xoş bir ovqat yaradan, xəfif bir zarafat və ya məzəli bir söz tapan
səmimi bir insanla, şuxluq və nəcibliyi ilə gözəl vəhdət yaradan bir ağsaqqalla
vidalaşırdılar. Həmin gün xalqımız, incəsənətimiz
görkəmli bir sənətkarını
itirirdi...