Rejissorlarımız beynəlxalq festivala
qatılıblar
Ermənilər azərbaycanlı nümayəndə heyətiylə münasibət qurmağa cəhd göstərib
Dünən Kinematoqrafçılar İttifaqında
mətbuat konfransı keçirildi. Məlum oldu ki,
sentyabrın 14-dən 18-dək Gürcüstanın Batumi
şəhərində "Kavkaz naş obşiy dom"
("Qafqaz bizim ümumi evimizdir") adlı
incəsənət festivalı keçirilib. Və həmin
festivalda Azərbaycanı bir neçə gənc rejissorumuz
və tanınmış gənc rəssam Orxan Aslanov təmsil
edib.
Bizimlə səfər təəssüratlarını
ilk olaraq, Şamil Nəcəfzadə paylaşdı:
"Həmin festivalda 3 ölkə - Gürcüstan,
Azərbaycan və Ermənistan iştirak edirdi.
Gürcüstandan mənə telefon açdılar və
təklif etdilər ki, gənclərimiz kino, teatr, foto və
musiqiylə bağlı əsərlərini həmin festivala
təqdim etsinlər. Mən bir kino işçisi olaraq,
məhz üzərimə kino sahəsini
götürdüm".
Yaxşı, bəs, festivalda hansı filmlərimiz
nümayiş olunub? Şamil bəy bildirdi ki, bir
təşkilatçı kimi bütün yük onun
üzərinə düşüb. Festivalda nümayiş
olunacaq filmlərin proqramını seçərkən, daha
çox sənədli filmlərə üstülnük verib:
"Azərbaycan həmin festivalda 6 filmlə təmsil olundu.
Həmin filmlərin 4-ü sənədli, 2-si isə bədii
idi".
Qeyd edək ki, "Keçid" (Yusif Quliyev),
"Altıyalıq" (Mirsadıq Ağazadə),
"Pillələr" (Günel Nəcəfzadə),
"Sükutun səsi" (İqbal Məmmədyarov)
sənədli və "Sarı gəlin" (Yavər Rzayev)
bədii filmi açılış günündə
nümayiş olunub və festival iştirakçıları tərəfindən
maraqla qarşılanıb.
Gənc rejissor Yusif Quliyev isə səfər
təəssüratlarından ağızdolusu
danışdı. O, bildirdi ki, hətta mənfur düşmənlərimiz
belə, filmlərimizi ayaq üstə alqışlayıblar:
"Mənə elə gəlir ki, bu, bizim son uğurumuz
olmayacaq. Onu da deyim, festivalın rəsmi açılışı
zamanı və bağlanış günündə də
yalnız bizim filmlərimiz nümayiş olundu. Hətta
gürcü kinematoqrafçıları etiraf etdilər ki,
bizim çəkdiyimiz filmlər onlarınkından qat-qat
üstündür. Onlar həm də bizə qarşı
yüksək mədəniyyət və qonaqpərvərlik
nümayiş etdirdilər. Filmlərimizin
nümayişindən sonra festivalın
təşkilatçısı Nino Çeyidze ağlayaraq,
məni qucaqladı. Nino Çeyidze söhbətində
hətta dedi ki, siz kosmik millətsiniz, sizdə böyük
mədəniyyət var".
Batumidən bolluca təkliflərlə qayıdan
rejissorlarımız bizə daha bir müjdə verdilər.
Heç demə, oktyabr ayından başlayaraq
Gürcüstanın üç şəhərində -
Tiflis, Batumi və Kutaisidə Azərbaycan Kino Günləri
keçiriləcək. Açıq kino günlərində
gürcülər teatrlarda kinolarımızı
izləmək şansı əldə edəcəklər.
Yeri gəlmişkən, bu işdə
rejissorlarımıza Mədəniyyət və Turizm
Nazirliyindən heç bir dəstək
göstərilməyəcək. Çünki bu işi
gürcü tərəfi öz üzərinə
götürüb. Şamil Nəcəfzadə onu da
vurğuladı ki, festivalın bütün maliyyə
xərclərini də qonşu ölkə öz
üzərinə götürübmüş: "Bizə
yalnız festivalda öz incəsənətimizi nümayiş
etdirmək qalmışdı".
Rejissor İqbal Məmədyarov isə daha aqressiv
mövqedən çıxış etdi. Heç demə,
ermənilərlə bir festivalda iştirak etmək gənc
rejissorumuzu əməlli-başlı
əsəbiləşdirib: "Ermənilər festivalın
musiqi üzrə bölməsində də iştirak
edirdilər. Onlar hətta Konsevatoriyanın professorunu da özləriylə
festivala gətirmişdilər. Amma nə fayda, onların
musiqisi bəyənilmədi. Düzdür,
incəsənətin heç bir sərhəddi yoxdur. Amma
onların bizim qatı düşmənimiz olduqlarını
bir dəqiqədə olsun unutmurduq".
Görəsən, festivalda Qarabağ müharibəsi
ilə bağlı kino göstərilib? Sualımızı
Rasim Həsənov cavablandırdı. O, söylədi ki,
"Sarı gəlin" filmi nümayiş olunan zaman zalda
əyləşən ermənilərdən biri - "bu,
mənim anadan olduğum kənddir" - deyə öz
etirazını bildirib. Amma biz ona başa saldıq ki,
oğurluq edən millətin heç nəyi ola
bilməz".
Ş.Nəcəfzadə festivalla bağlı maraqlı bir hadisəni bizimlə paylaşdı: "Festivalda Ermənistandan olan rejissorlar yaxınlaşıb, öz vizit-kartlarını mənə təqdim edirdilər. Onlardan biri laqeyid münasibətimi görüb soruşdu: "Siz vizit-kartını sonra cırıb, atacaqsınız?" Mən ona cavab verdim ki, yox, mən onu yandıracağam".
Gənc rəssam Orxan Aslanova gəlincə, məlum oldu ki, o, festivala nə az, nə çox, düz - 26 əsərini göndərib. Həmin fotoşəkillər də festivalda böyük ajiotajla qarşılanıb. İstər ermənilər, istərsə də gürcülər Orxanın istedadına heyran qalıblar. Mətbuat konfransının sonunda festivaldan çəkilmiş yarım saatlıq kadrlar jurnalistlər üçün nümayiş olundu.