Rəhimqızı Z.

"Oskar" uğrunda yarışmayacağıq

 

Çünki mükafat uğrunda mübarizə aparacaq filmimiz yoxdur

Artıq ABŞ-ın Kino İncəsənəti Akademiyasının 83 ölkəni "Oskar" mükafatının "Xarici dildə ən yaxşı film" nominasiyasında mübarizə aparmağa dəvəti barədə məlumat verilib.
Xatırladaq ki, akademiya ilk dəfə olaraq Azərbaycana Qırğızıstana da dəvət məktubu göndərib. Müsabiqəyə 2005-ci il oktyabrın 1-dən 2006-cı il, sentyabrın 30-na qədər çəkilmiş filmlər buraxılır. Bundan başqa, nominasiya üzrə irəli sürüləcək film ən azı bir həftə kinoteatrlarda göstərilməlidir.
Akademiyanın iyulda etdiyi müraciət ölkənin kino ictimaiyyətində sözün əsl mənasında ajiotaja səbəb oldu. Kinoşünaslar dərhal müsabiqəyə göndəriləcək filmlə bağlı müzakirələrə başladılar. Bir çoxları isə hesab etdi ki, indiki məqamda Azərbaycanın sözügedən müsabiqəyə təqdim ediləcək digər ölkələrin filmləri ilə mübarizəyə davam gətirə biləcək ekran əsəri yoxdur.
Deyəsən, kinoşünasların müzakirələri müsbət nəticə verməyib. Çünki kino qurumlarının akademiyaya göndərməli olduğu ərizə belə, ünvana çatdırılmayıb. Mövzu ilə bağlı Mədəniyyət Turizm Nazirliyindən mövqe öyrənə bilmədik.
Kinematoqrafçılar İttifaqının katibi Abbas Əliyevin isə məlumatı ürəkaçan olmadı. Çünki o, "Oskar" uğrunda mübarizə aparacaq filmimizin olmadığını bildirdi.
"Bildiyiniz kimi, Azərbaycana "Xarici dildə ən yaxşı film" nominasiyası uğrunda yarışmaq şansı verilib.
Bu nominasiyada mübarizəni isə sonda seçilmiş 5 film aparacaq. Müsabiqədən öncə ekran işi ilə 10 nəfərdən ibarət komissiya üzvü
tanış olur. Əgər biz həmin quruma film göndərsək, gülünc hala düşərik. Çünki bizim ekran əsərimiz ən zəif sıralarda yer alacaq" deyən A.Əliyev bunun səbəbini belə izah etdi: "Söhbət kadr peşəkarlığından deyil, texniki problemdən gedir. Yəni bizim avdanlıqlar müqayisəyə gəlməz dərəcədə köhnədir. Həmin texnikanın istehsalı olan filmin keyfiyyətindən isə söz açmağa ehtiyac yoxdur. Bu səbəbdən əksər dövlət filmlərinin səslənmə, montaj işlərini bəzən ölkədən kənarda aparırıq. Amma bu, keyfiyyət göstəricisində rekord vurmur. Ümid edirik ki, Əbülfəs Qarayevin texniki avadanlıqların yeniləşəcəyi barədə verdiyi vədlər qısa zamanda özünü doğruldacaq. Belə olan halda Azərbaycan növbəti il "Oskar" uğrunda yarışa bilər".
Kinoşünas Ayaz Salayev Azərbaycanda "Oskar" mükafatı uğrunda mübarizəyə təqdim ediləcək filmin olmadığını deyir: "Azərbaycan kinosunda həm bədii, həm texniki cəhətdən müasir standartlara cavab verən film yoxdur. indi, ümumiyyətlə, Azərbaycan kinosu tarixində mən belə bir film görmürəm".
Azərbaycan filminin inkişafı barəsində pessimist düşüncələrdə olan kinoşünas hesab edir ki, ölkədə "Oskar"a təqdim ediləcək filmi yaratmaq uzaq gələcəyin gerçəkliyidir. O hesab edir ki, bunun üçün ilk növbədə ölkədə kino sənətinə yanaşma dəyişməlidir. "Bu, yeni zaman, yeni siyasət tələb edir" deyən A.Salayev kinonun inkişafı üçün xüsusi proqramın hazırlanmasını vacib hesab edir: "Əlbəttə ki, ilk növbədə filmlərə maliyyə vəsaiti ayıran sahibkarlara xüsusi güzəştlər edilməlidir. Əks halda yüksək keyfiyyətdən söhbət gedə bilməz. Bilirik ki, dövlət film çəkilişləri üçün vəsait ayırır, lakin bu, yetərli deyil".
Rejissor Oqtay Mirqasımov isə hesab edir ki, Azərbaycanda "Oskar" mükafatına təqdim ediləcək filmin olmaması texniki problemlərlə bağlıdır. "Bizim bir problemimiz var, o da texniki səviyyənin olmamasıdır. Hesab edirəm ki, texniki problemləri həll etdikdən sonra biz dünya miqyasına çıxarılacaq film hazırlaya bilərik", - deyə o əlavə edib.
Rejissorlar Gildiyasının direktoru Hüseyn Mehdiyev hesab edir ki, Azərbaycan filmləri intellektual potensial imkanları baxımından "Oskar"a layiq görülə bilər. Lakin o da milli kinoda bir sıra problemlərin olduğunu inkar etmir: "Milli kinomuzda yaşanan problemləri tezliklə aradan qaldırmaq lazımdır. Ümumiyyətlə, tarixə nəzər salsaq, kinematoqraflarımızın kifayət qədər uğurlarının şahidi ola bilərik. Əfsuslar ki, bunlar da şəxsi planda qısa müddətə yaşanıb. Necə deyərlər, əldə edilən uğurlar ardıcıl ənənəvi olmayıb. Düşünürəm ki, ilk növbədə bu ənənəni bərpa etmək lazımdır".
Qeyd edək ki, Qazaxıstan yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş "Köçərilər" filmini bu nominasiyaya təqdim etmək niyyətindədir. Xatırladaq ki, R.İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş "Günəşdən usananlar" filmi bir müddət öncə "ən yaxşı xarici film" nominasiyasında mükafata layiq görülüb.

 

Ayna.- 2006.- 14 sentyabr.- S. 8.