Səməndər N.

 

O, sənət fədaisi idi

Rasim Balayev: “Azərbaycan teatrında inqilab etmiş Ədil İsgəndərovun sənəti hamımız üçün məktəb olub”

 

Azərbaycan mədəniyyətinin əsas qollarından biri də kino və teatr sənətidir. Çox təəssüf ki, hazırda mədəniyyətimizin bu vacib sahələri müxtəlif səbəblərdən müəyyən qədər iflasa uğrayıb. Ancaq Azərbaycan teatr sənətində zaman-zaman adları incəsənət tariximizə qızıl hərflərlə yazılan, xalqın yaddaşında əbədi yaşayacaq görkəmli sənətkarlar yetişib. Onlardan biri də doğum günü yaxınlaşan Azərbaycan monumental rejissurasının görkəmli siması, xalq artisti, nıərhum sənətkar Ədil İsgəndərovdur.

Ə.İsgəndərov Azərbaycan mədəniyyəti tarixində rejissorluq sənətinin parlayan ulduzu olub. Ondan əvvəl fəaliyyət göstərən rejissorlarımız olsa da, Azərbaycanı onun, hüdudlarından kənarda tanıdan, Azərbaycan teatrının adını yüksəklərə qaldıran ilk milli rejissorumuz məhz Ə.İsgəndərovdur. Əsl sənət fədaisi kimi Azərbaycan teatr tarixinin zənginləşməsində və inkişafında çox böyük xidmətləri olan Ə.İsgəndərovun qoyduğu tamaşalar teatr salnaməsində şanlı səhifələr açıb. Böyük sənətkarın sənət ömrünə nəzər salaraq, bəzi məqamlara aydınlıq gətirmək məqsədilə bir neçə tanınmış sənətkarla söhbətləşdik.

Cəfər Cabbarlı ilə dost idi

Ə.İsgəndərov mədəniyyətimizin beşiyi sayılan qədim Gəncə şəhərində dünyaya göz açıb. Teatr sənətinə olan marağı hələ orta məktəbi bitirməmiş onu Gəncədəki "İşçi" klubunun dram dərnəyinin fəal üzvünə çevirib. 1928-31-ci illərdə Bakı Teatr Məktəbinin rejissor-aktyor şöbəsində təhsil alarkən Milli Teatrın səhnəsində qoyulan tamaşalarda kütləvi səhnələrə çıxıb, epizodik rollar oynayıb. Həmin illərdə o, görkəmli dramaturq Cəfər Cabbarlı ilə yaxından dostlaşıb və onun məsləhəti ilə teatr məktəbini bitirdikdən sonra Moskvaya ali təhsil dalınca yollanaraq, Moskva Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Tələbəlik illərində Moskva Bədaye Akademik Dram və Vaxtanqov teatrlarında zəngin sənət təcrübəsi toplayıb ki, bu da onun gələcək fəaliyyətində ciddi rol oynayıb. Yəni Stanislavski üsulunu, Moskva Bədaye Teatrının ənənəsini yaradıcı Şəkidə  Azərbaycan  səhnəsinə  gətirərək,  Azərbaycan  xalqının temperament və koloriti ilə birləşdirib, milli ruhda inkişaf etdirən məhz Ə.İsgəndərov olub. Böyük sənətkar Bakıda və Moskvada təhsil aldığı illərdə də "İşçi" klubundan ayrılmayıb. Tətillərdə Gəncəyə gəlib "İşçi" klubunda, C.Cabbarlının bir çox əsərlərində uğurlu rollar oynayıb. Moskvada institutun son kursunda oxuyarkən diplom tamaşası hazırlamaq üçün Bakıya göndərilib. O, 1935-ci ilin payızında Aleksandr Korneyçukun "Platon Kreçet" əsərinin Mustafa Mərdanov və Ülvi Rəcəb tərəfindən "Polad Qartal" adı ilə təbdil edilmiş variantını hazırlayıb. Sənətkarın ilk işi hesab olunan bu tamaşa Moskvada çox yüksək qiymətləndirilib.

"İsgəndərov Teatrı"

Təhsilini başa vurduqdan sonra Bakıya - Akademik Milli Dram Teatrına təyinat alıb. Sıravi rejissor kimi fəaliyyətə başlayan Ə.İsgəndərov Akademik Teatrda 1938-ci ildən baş rejissor, bir müddət sonra isə bədii rəhbər kimi çalışaraq, 1954-cü ildə teatrın direktoru vəzifəsinə yüksəlib. 23 ilə yaxın bu teatrda necə deyərlər, "can qoyan" sənətkarları elə bir səviyyəyə qaldırıb ki, onu Ədil İsgəndərovun adı ilə bağlayıb "İsgəndərov teatrı" adlandırıblar. Milli teatrın köklərinə dərindən bağlı olan, monumental romantik-realist teatr məktəbini formalaşdıran Ə.İsgəndərov Milli Dram Teatrının səhnəsində bir-birindən uğurlu tamaşalar - "Vaqif (1938), "Xanlar" (1954), "Fərhad və Şirin" (1941), "Otello" (1948), "Aydın", (1940), "Xoşbəxtlər" (1940), "1905-ci ildə" (1955), "Cavanşir" (1957), "Şeyx Sənan" (1956) və başqa tamaşalar səhnələşdirib. Onun qoyduğu tamaşalarda səhnədə Azərbaycan həyatının orijinal koloriti, torpağının zənginliyi bütün əzəməti ilə canlanırmış. Tükənməz enerjiyə, geniş fantaziyaya malik olan sənətkarın yaradıcılığından dramaturgiyanın inkişafını da təcrid etmək olmaz. Xüsusilə 1938-ci ildə səhnəyə qoyduğu "Vaqif çox böyük əks-səda doğurub. "Vaqif" böyük bir hadisə olduğu kimi, həm də incəsənətdə xalq ruhunun əks etdirilməsində yeni bir qələbə idi. 1959-cu ildə Akademik Teatr Moskvaya Azərbaycan incəsənəti dekadasına gedəndə Ə.İsgəndərov "Otello" və "Fərhad və Şirin" tamaşalarına ciddi "əl gəzdirərək" hər iki tamaşanı premyera kimi təqdim edib. Tamaşalar Moskvada çox böyük uğur qazanıb.

Mənəvi sarsıntılar

Səməd Vurğunun, Mirzə İbrahimovun, Ənvər Məmmədxanlının, Sabit Rəhmanın, İlyas Əfəndiyevin dramaturgiyadakı inkişafında Ə.İsgəndərovun çox böyük rolu olub. Gənc aktyor nəslinin yetişməsində danılmaz xidmətləri olan professor Ə.İsgəndərov əvvəl Bakı Teatr Məktəbində, sonralar isə Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib. Bütün bunlarla yanaşı sənətkarın həyatı heç də hamar və ağrısız olmayıb. Dəfələrlə özünə qarşı böyük haqsızlıqlarla üzləşərək, xüsusən ömrünün son illərində güclü mənəvi sarsıntılar keçirib. Bəlkə də, dünyadan bir qədər vaxtsız köçməsinə də həmin mənəvi sıxıntılar "kömək edib". 1960-cı ildə riyakar intriqanın güdazına gedən sənətkarın yalnız tutduğu vəzifədən deyil, teatrdan uzaqlaşdırılması Akademik Milli Teatra ciddi zərbə vurub.

Teatrdan gedəndən sonra "Azərbaycanfilm" kinostudiyasında əvvəlcə sıravi rejissor, 1966-74-cü illərdə isə kinostudiyanın direktoru vəzifəsində işləyib. Rejissor kimi ancaq bir film -"Əhməd haradadır" kinokomediyasını çəksə də, bir çox filmlərdə - "Məşədi İbad", "Romeo mənim qonşumdur", "26-lar", "Arxadan zərbə", "Uzaq sahillərdə", "Ulduzlar sönmür", "Qanun naminə", "Mən rəqs edəcəyəm"- də yaddaqalan obrazlar yaradıb. "Axırıncı aşırım" filmindəki Kərbəlayi İsmayıl roluna görə xüsusi mükafata layiq görülüb. Onun oyununda aktyor oyun üslubunun estetik gözəlliyi, orijinallığı seçilib, yaratdığı obrazlar koloriti və şirinliyi ilə fərqlənib. Rejissor və aktyor sənətindəki böyük nailiyyətlərinə görə Ə.İsgəndərov bir çox dövlət mükafatlarından əlavə ən yüksək fəxri adlara - əməkdar incəsənət xadimi (1938), SSRİ xalq artisti (1959) adına layiq görülüb. 1974-cü ildə "İzvestiya" qəzetində tamamilə əsassız olaraq, xüsusi qərəzçiliklə yazılmış bir məqalənin "qurbanı olub" və yenidən tutduğu vəzifədən - "Azərbaycanfilm"in direktorluğundan azad olunub. Bu hadisələr çox təmiz və həssas qəlbli sənətkara ağır mənəvi zərbə olub və o, ömrünün son illərini çox incik yaşayaraq, 1978-ci ildə dünyasını dəyişib.

"Azərbaycanfilm"dən erməniləri uzaqlaşdırdı

Sevimli aktyorumuz, xalq artisti Rasim Balayev Ə.İsgəndərovu xüsusi hörmət yə məhəbbətlə xatırladı: "Ədil İsgəndərov birbaşa mənim müəllim olmasa da, onun sənəti hamımız üçün məktəb olub. O, həm də bizim ilk milli rejissorumuzdur. O vaxtlar bizim teatrda Tuqanov familiyalı tanınmış rejissor var idi. Öz rejissorlarımız olsa da, tanınmırdılar. Birdən-birə gənc rejissor Ədil İsgəndərov Azərbaycan teatrında demək olar ki, inqilab etdi. "Vaqif", "Otello" və digər bu kimi bir-birindən gözəl tamaşalar qoyaraq teatrı yüksəklərə qaldırdı. Mənə danışmışdılar ki, Moskvada "Otello" oynanıldıqdan sonra Bondarçuk deyib ki, əgər bilsəydim, Azərbaycanda belə "Otello" var, o rola çəkilməzdim və deyilənə görə, Moskvada həmin tamaşaya 10 dəqiqə fasiləsiz ayaqüstə əl çalıblar. Ədil müəllimdə həm rəhbər, həm aktyor, həm də rejissorluq istedadı birləşmişdi. O vaxt Səməd Vurğun deyib ki, "Vaqifi Vaqif edən Ədil İsgəndərov olub. Əbəs yerə Azərbaycan teatrına "İsqenderovskiy teatr" demirdilər ki! Həm də teatrı məşhur adamlar, görkəmli teatr xadimləri bu cür adlandırırdılar. Milli kadrlar yetişdirən Ədil müəllim o vaxt erməniləri "Azərbaycanfilm"dən uzaqlaşdırdı. Deyirdi ki, gedin "Ermənifilmdə işləyin. Həmin dövrdə ermənilərin şikayəti üstün tutulurdu, buna görə Mərkəzi Komitədən ona çox sözlər gəldi, ancaq Ədil müəllim bütün bunlara mətinliklə dözdü. Çox baməzə, qayğıkeş insan idi. Mənə də çox yaxşılığı keçib. O vaxt "İzvestiya" qəzetində Elmira Əliyeva adlı bir nəfərin sifarişlə yazdığı səbatsız-sübutsuz bir məqaləni şişirdib onu işdən çıxardılar. Teatrın 100 illiyi qeyd olunanda da bu cür böyük sənətkarı yada salmadılar. Bu hadisələr onu çox sarsıdıb incidərək, mənəvi əzablar çəkməsinə səbəb oldu".

Aktyor axtarışı "ağrısı" çəkmirdi

Teatrşünas İlham Rəhimlinin dediklərindən: "Ədil İsgəndərov Azərbaycan kino sənətinin milli kadrlarla təminatında böyük işlər görüb. Onun rejissor poetikasının ən başlıca prinsiplərindən biri o idi ki, götürdüyü pyesdəki mürəkkəb xarakterlərə aktyor axtarışı "ağrısı" çəkmirdi. O, həm yaradıcılığına, həm də insani xüsusiyyətlərinə dərindən bələd olduğu aktyorlara, onların potensialına bab gələ bilən repertuar qururdu, truppanın gücünə uyğun pyesə müraciət edirdi. Ədil İsgəndərova qədər heç bir rejissor truppadakı öncül aktyorlar üçün üç, beş, hətta yeddi illik yaradıcılıq plan-prospektinin işlək və estetik mexanizmini yaratmamışdı. İstər Rza Əfqanlı, istərsə də Hökumə Qurbanova üçün zirvəyə aparan sənət qələbələri pilləsinin möhtəşəm, fundamental özülünü məhz Ədil İsgəndərov qoyub. O, həm də milli teatr tarixində yeganə rejissordur ki, onun quruluş verdiyi “Vaqif” tamaşası səhnədə 1000, "Fərhad və Şirin" 450, "Xoşbəxtlər" tamaşası isə 350 dəfədən artıq göstərilib".

Ədil müəllimin ruhu daim bizimlə - onun tələbələrilədir

Ə.İsgəndərovun tələbəsi, əməkdar artist Səidə Quliyeva müəlliminin yoxluğunu Azərbaycan incəsənəti üçün böyük itki hesab edir: "Ədil müəllim böyük sənətkar, çox gözəl insan olub. Mən onun yoxluğunu teatr və incəsənət üçün çox böyük itki sayıram. Baxmayaraq ki, 28 ildir o bizimlə deyil, onun ruhu daim bizimlə - onun tələbələrilədir. Nə qədər ki, onun tələbələri yaşayır, nə qədər ki, Azərbaycan teatrı yaşayır, Ədil müəllim də yaşayacaq. Ədil müəllimin sənəti həm bizim, həm də gələcək aktyor, rejissor nəsli üçün bir məktəb və örnək olaraq qalacaq".

 

Olaylar.- 2006.- 13 sentyabr.- S. 14.