Məhərrəmova T.

Şərqdən Qərbə...

Ənənəvi festival təmtəraqla açıldı

 

Dünən Heydər Əliyev adına Sarayda VIII "Şərq-Qərb" Bakı Beynəlxalq kinofestivalı xeyli təmtəraqla açıq elan edildi. Ənənəvi olaraq yenə Şərqlə Qərb Bakının qədim divarları arasında görüşdü. Bayramın əlvan rəngləri, parlaq çalarları heç şübhəsiz, festivalın davam etdiyi həftə ərzində KİV-in dilindən düşməyəcək. Bizim yazdığımız xırdalıqları isə yəqin ki, artıq festivalın açılışını çoxdan xəbər verən telekanallar göstərməyəcək.

Dəvətnamələrdə mərasimin saat 17.00-də başlayacağı göstərilmişdi. Dəvətlilər sarayın qapısı ağzına vaxtında yığışsalar da, onları içəri buraxmağa tələsmirdilər. Elə adamlar özləri buna can atmırdı. Onsuz da mərasimin həmişə olduğu kimi vaxtından gec başlayacağına əmin olduqlarından təmiz havada gəzişməyi üstün tuturdular.

Elə oldu - bütün mərasimlər kimi festivalın açılışına həsr olunan tədbir yaman ləngidi. Dəvətlilər yarım saatdan da çox sarayın bürküdən boğulan foyesində canlarını dişlərinə tutub birtəhər dözdülər. Mərasimin yubadılması ilə bağlı narazılıqlar da öz yerində. Zala daxil olmaq üçün foyedə daha yarım saat gözləmək lazım gəldi. Qapılar taybatay açılanda isə dəvətlilərin dilindən "Allah bizim dualarımızı eşitdi" sözləri eşidilməyə başlandı.

Gecəyə yığışanlar arasında xeyli tanış gözə dəyirdi. Tanış deyəndə, milli kinematoqrafiyamıza birbaşa dolayısıyla aid olanlar, Bakının köhnə intilligent təbəqəsi. Həmçinin kinematoqrafın virtual dalğasıyla gəlib zamanla uyğunlaşan cavan nəslin nümayəndələri - fotomodellər, potensial kino ya serial qəhrəmanları. Milli kinomuzun böhranlı bir dövründə belə bir təsəlliverici mərasimin keçirilməsinin hamının ürəyindən olduğu hiss olunurdu.

Rauf Sultanovun rəhbərlik etdiyi caz orkestri ifasını bitirəndən sonra aparıcılar zaldakı qonaqları digər tamaşaçıları salamladılar. Sonra səhnədəki ekranda kino tariximiz vərəqləndi. Milli kinomuzun ilk dəfə ekranlara yol tapdığı vaxtdan başlayaraq, çağdaş filmlərimizə qədər görüntülər ekrana gəldi. Zala yığışan qonaqlara bir daha Bakının Şərqlə Qərb arasında sivilizasiya körpüsü olduğu aydın oldu.

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev festival iştirakçılarını salamlayıb, qonaqlara prezident İlham Əliyevin təbrikini çatdırandan sonra ənənəyə çevrilən festivalın əhəmiyyətini vurğuladı: "Çox sevindirici haldır ki, bu festival artıq 8-ci dəfədir ölkəmizdə keçirilir. Belə bir mərasim ancaq müstəqillik dövründə, ulu öndərimiz Heydər Əliyevin bu festivalı yüksək dəyərləndirdiyi vaxtda baş tuta bilərdi. Bu gün festivala 13 ölkəni təmsil edən 60-dan çox kinomütəxəssisin gəlməsi bizi çox sevindirir". Ə.Qarayev həmçinin kinomuzun bugünkü durumuna da toxunaraq kinoya vəsaitin artırılacağını bildirdi. Eyni zamanda, bu sahədə görüləcək işlərdən danışdı.

Axşamın çələngi əlbəttə ki, festivalın prezidenti Rüstəm İbrahimbəyovun səhnəyə çıxışı oldu. Azərbaycan kinosunun metri festivalın məram məqsədini doğma dilimizdə qısaca açıqladı. Bakının köhnə bomondunun qonaqların rusdilli olduğunu nəzərə alaraq çıxışını rus dilində davam etdirdi. Məlum oldu ki, Dünya Kinosunun 100 illiyi Fondu, Azərbaycan Kinematoqrafçılar İttifaqı, MDB Baltikyanı ölkələri Kinematoqrafçılar İttifaqları Konfederasiyasının dəstəyi ilə keçirilməyə başlanan bu festival ilk dəfə ölkəmizdə 1996-cı ildə start götürüb. Əvvəlcə Festivallar Festivalı - "Filmfest" adı ilə keçirilən festival 1999-cu ildən başlayaraq "Şərq-Qərb" adı altında keçirilir. İldən-ilə öz coğrafiyasını genişləndirən festivalın birinci ilində 5-6 ölkə iştirak etmişdisə, sonrakı illərdə tədricən bu rəqəm 20-yə qədər yüksəlib. Azərbaycan, Rusiya, Fransa, Almaniya, ABŞ, Türkiyə, Gürcüstan, Qazaxıstan, Litva, İsrail, İran başqa ölkələr bu qisimdən hesab edilə bilər. Hal-hazırda bu festivalın həyata keçirilməsinə Azərbaycan Mədəniyyətinin Dostları Fondu, Mədəniyyət Turizm Nazirliyi, Gənclər İdman Nazirliyi dəstək verib.

R.İbrahimbəyov festivalın gündəliyinə daxil edilən filmləri sadaladı. Məlum oldu ki, "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalında ötən illərdə olduğu kimi bu il də uğurlu ekran taleyinə malik filmlər göstəriləcək. Belə ki, festival günlərində "Vətən" (Özbəkistan), "Cənnət quşları" (Qırğızıstan), "Qetto" (Litva), "Offsayd" (İran), "İqlimlər" (Macarıstan), "Trassa"(Qazaxıstan), "Alatoran" (Rusiya), "Gözləmə təqvimi" (Tacikistan), "Qurban kimi görünmək", "Nankin peyzajı", "Mənə əzab deyil" (Rusiya) filmləri nümayiş etdiriləcək. Festival Türkiyənin "İqlimlər" filmi ilə öz işini yekunlaşdıracaq. Sentyabrın 9-u - festivalın bağlanış günü "Azərbaycan" kinoteatrında düzənlənəcək mərasimdə isə festivalın "Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı obraz", "Kişilik rəmzini tərənnüm edən ən yaxşı obraz", "Bəşəriyyətə ən humanist göndəriş" və "Dünya kinosunun inkişafındakı xidmətlərinə görə" nominasiyaları üzrə mükafatlar təqdim olunacaq. Onu da qeyd edək ki, filmlər "Azərbaycan" kinoteatrında və "İbrus" teatrının kinozalında nümayiş etdiriləcək.

Rəsmi hissədən sonra Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Oleq Səfərəliyevin çəkdiyi "Əlvida, cənub şəhəri" filmi nümayiş olundu.

Festivalın açılışı haqqında yazımız bu qədər. Sonda onu da bildirək ki, festival hələ təzə başlanıb. Müsabiqə proqramı deməli, gərgin bir olmadığından şəhərimizə gələn bu qonaqlara bir rast gəlib-gəlməyəcəyimiz barədə bir söz deyə bilmərik. Amma filmlərə baxmaq istəyirsinizsə, "Azərbaycan" kinoteatrı "İbrus"teatrına tələsin. Müasir kinematoqrafdakı meyillərdən son ildə bizdən Qərbdə Şərqdə çəkilən ekran əsərlərinə baxmaqla xəbər tuta biləcəksiniz.

Bir xəbəri nəzərinizə çatdıraq ki, festival çərçivəsində "MDB Baltikyanı ölkələrdə müştərək kinoistehsalın hüquqi təşkilati problemləri" "Azərbaycanın yeni sənədli kinosu" mövzusunda Dəyirmi masalar, Rasim Ocaqovun filmlərinin retrospektivi adlı-sanlı kinematoqraflarla tamaşaçıların görüşlərinin keçirilməsi nəzərdə tutulub.

 

Kaspi.-2006.-5 sentyabr.-S. 7.