Mükərrəmoğlu M.
Bu
gün “Şərq-Qərb”
kinofestivalı başa
çatır
Sentyabrın 8-də Zuqulbadakı Otel Hilside mehmanxanasında “Şərq-Qərb” kinofestivalı
öz işini davam etdirdi. Burada “MDB və Baltikyanı
ölkələrin kinoistehsalının hüquqi və
təşkilatı problemləri” mövzusunda
keçirilən “dəyirmi masa” iştirakçıları
bu ölkələrin kinematoqrafının vəziyyətini,
birgə çəkilişlərin layihələrini
müzakirə etdilər. Qeyd olundu ki, bu ölkələrin
kinosu vaxtilə vahid mərkəzdən idarə olunurdu, indi
isə onlar müstəqil dövlətdirlər və öz
yeni kinolarını yaradırlar.
Sonra “Kinorejissor Rasim Ocaqovun filmlərinin retrospektivi”
silsiləsindən “Təhminə” filminə baxış
keçirildi.
“Yeni sənədli Azərbaycan kinosu”na baxış da davam
etdirildi. Rejissorlardan Tatyana Əliyevanın “Neft”, Yusif Quliyevin
“Keçid” və Əlisa Nicatın “Yaxşı insan
haqqında” sənədli filmlərinə baxış oldu. “Azərbaycanın
yeni sənədli kinosu” mövzusunda keçirilən
“dəyirmi masa”da da kinomuzun bu sahəsinin ciddi problemləri
müzakirə edildi.
Dünən axşam isə “Azərbaycan” kinoteatrında
festival filmlərindən ikisi nümayiş etdirildi. Macar kino ustalarının “Qohumlar” filminə
tamaşaçılar böyük həvəslə
baxdılar.
... Əsrlər boyu sınaqdan çıxmış qədim
macar ənənələrindən biri belədir: lehinə
yox, əleyhinə səs vermək... məhz beləcə.
Filmin qəhrəmanı İştivan Kopyas Saratnok
şəhərinin prokuroru seçilir və vəzifədə
satqın Makrots ona mane olur. Kopyasın vicdanı təmizdir. O,
kasıbdır, lakin qəlbi dünyanın xilası ilə
bağlı ümidlərlə doludur. Buna
baxmayaraq, baş prokuror səlahiyyətlərinə
ədalətlə qulluq etməklə yanaşı, həm
də şəhərin “Svinoferma” adlı nəhəng
cinayətkar dəstəsinə qarşı müqavimət
göstərmək, qohumlarının çoxsaylı
iddialarına qarşı dayanmaqla, özünü
çətin vəziyyətə salır. Kopyas
hakimiyyətə can atır və nəticədə
həyatı fəlakətlə nəticələnir.
Filmin rejissoru məşhur macar kino xadimi İştivan Sabodur. Onu da qeyd edək ki, festivalda
macar kino
tənqidçisi İvan Forqaç
da iştirak edir.
Rusiya kino
ustalarının “Mənə əzab deyil” filmi də
tamaşaçılarda böyük maraq doğurdu. Aleksandr Balabanovun çəkdiyi
bu kinolent müasir
mövzudadır.
... Üç dost böyük şəhərin
mərkəzindəki yaraşıqlı evin kandarında dayanmışlar. Onlar gəncdirlər, güclü və qüvvətlidirlər, hər
birində istedad və həyat eşqi var... Bu gənclərin
puldan başqa hər şeyləri var. Pul qazanmaq üçün
evin sahibinə dizayner xidmətləri təklif edirlər. Evin sahibəsi Natella Antonovna da gəncdir, lakin, görünür, həyat onu bezdirmişdir. Hər halda Mişa ilə görüşə qədər
belə idi. Mişa Natellaya yenidən
həyatı sevməyi öyrədir.
Natella isə ona və dostlarına
maraqlı iş tapır. Ancaq
Natella Mişadan nəyi isə gizlədir ki, bu da hər iki gəncin
sonrakı taleyinə güclü
təsir göstərir.
Filmdə baş rolları Renata
Litvinova, Aleksandr Yatsenko, Dmitri Düjev ifa edirlər.
Festivalın bağlanışı bu gün “Azərbaycan”
kinoteatrında olacaq.
İştirakçılar Türkiyə kino ustalarının “İqlimlər” filminə baxacaqlar.
Xalq qəzeti.-2006.-9 sentyabr.-
S. 6.