Mükərrəmoğlu  M.

 

Şərq-Qərb kinofestivalı ilə bağlı mətbuat  Şərq-Qərb kinofestivalı ilə bağlı mətbuat

konfransı

 

VIII “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalının açılışına bir neçə gün qalıb. Festivalla bağlı hazırlıq işləri artıq tamamlanmaq üzrədir. Bu günlərdə Kinematoqrafçılar İttifaqında keçirilən mətbuat konfransında təşkilat komitəsi gördüyü işlər, hazırlıq prosesinin nəticələri haqqında media nümayəndələrinə məlumat verdi.
Konfransı giriş sözü ilə açan AKİ-nin birinci katibi Abbas Əliyev əvvəlcə “Şərq-Qərb” kinofestivalının yaranma tarixi və məqsədləri barədə danışdı, bu festivalın Azərbaycanın mədəni həyatında mühüm yeri olan tədbirlərdən biri kimi dəyərləndirdi: “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalı Kinematoqrafçılar İttifaqları Konfederasiyasının dəstəyi ilə 1996-cı ildə yapradılıb. Bu gün bütün dünyada olduğu kimi, kino ekranının ağ kətanında da bir-birinə zidd qüvvə və təmayüllər toqquşmaqdadır. Çağdaş dünya qlobal, iqtisadi, siyasi, mədəni inteqrasiyanın dramatik dövrünü yaşayır. Biz dünya ilə yaxınlaşaraq, bir-birimizdən öyrənərək, həm də fərqliliyimizi qorumalıyıq. Bəşəriyyətin mədəni müxtəlifliyi onun mənəvi varlığının çox vacib şərtidir. Bu fəaliyyət konsepsiyasına uyğun olaraq, Bakı Beynəlxalq Kinofestivalı 1999-cu ildən “Şərq-Qərb” adlandırılıb.
A.Əliyev çıxışında hər il olduğu kimi, bu il də festivalın Azərbaycan hökumətinin dəstəyi ilə keçirildiyini və ildən-ilə bu dəstəyin artdığını bildirdi: “Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondu təşkilati dəstəyi təmin edir. Bundan əlavə, Nazirlər Kabinetinin qərarı ilə bu il bütün dövlət təşkilatları festivalın işində iştirak edir. Maliyyə dəstəyini Beynəlxalq Bank öz üzərinə götürüb. ”Azevrotel” şirkəti, “Xalq qəzeti”, “525-ci qəzet”, “Zerkalo”, “Obozrevatel” qəzetləri, İctimai Televiziya və AzTV kanalları festivalı informasiya dəstəyi ilə təmin edəcəklər".
A.Əliyevin sözlərinə görə, bu il “Şərq-Qərb”in miqyası bir qədər də genişlənib. İştirakçı ölkələrin sırasına İran, Türkiyə və Macarıstanın da adları əlavə olunub. Həmçinin, bu il beynəlxalq standartlara uyğun şəkildə festivalın xüsusi kataloqu da hazırlanacaq. Kataloqda həm festivalın qonaqları, həm də nümayiş olunacaq filmlər, onların yaradıcıları haqqında ətraflı məlumat veriləcək.
Daha sonra A.Əliyev media nümayəndələrini maraqlandıran sualları cavablandırdı. Suallardan biri adıçəkilən festivalın beynəlxalq aləmdə nə dərəcədə tanındığı ilə bağlı oldu. Abbas müəllim festivalın dünyada yetərincə tanındığını, maraq kasadlığının olmadığını dedi: “Builki festivala Serbiyadan, Başqırdıstandan, Gürcüstandan və bir çox başqa ölkələrdən də filmlər göndərilmişdi. Lakin onların əksəriyyətinin heç bir beynəlxalq festival bioqrafiyası yox idi. ”Şərq-Qərb" festivallar festivalı statusu daşıdığı üçün reqlamentə uyğun olaraq biz həmin filmləri əsas proqrama daxil etmədik. Əvəzində proqramda iranlı rejissor Cəfər Pənahlının Kannda “Gümüş palma budağı”na layiq görülmüş “Offsayd”, türk rejissoru Nuri Bilgə Ceylanın Berlin festivalında “Gümüş ayı” qazanmış “İqlimlər” filmi var”.
“Əgər reqlamentə bu qədər əməl olunursa, onda niyə açılış mərasimində nəinki dünyada, ümumiyyətlə, Azərbaycanda heç kimin görmədiyi bir film – “Əlvida, cənub şəhəri” göstəriləcək?” sualına A.Əliyev “Doğrudur, Azərbaycan filmləri bizim nəzərdə tutduğumuz meyarlara uyğun gəlmir. “Əlvida, cənub şəhəri” yalnız Azərbaycanda “Qızıl çıraq” milli kino müsabiqəsinin mükafatını qazanıb. Lakin bu da nüfuzlu mükafatdır. Digər tərəfdən, bizim festivalda bir Azərbaycan filmi göstərmək hüququmuz var və biz “Əlvida, cənub şəhəri” filmini seçmişik” – deyə, cavab verdi.
Festivalın reklam işinin hansı səbəbdən zəif təşkil olunması da jurnalistləri maraqlandıran məsələlərdən biri idi. Abbas müəllim birinci səbəb kimi maliyyə imkanlarının məhdudluğunu göstərdi: “Hazırda vəsait buna imkan vermir. Amma İTV və AzTV-də bu gündən etibarən anonslar getməyə başlayıb. Bundan əlavə, Nazirlər Kabinetinin qərarına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti reklam yerləşdirmək üçün bizə şəhərdə yerlər ayırmalı idi. Amma bu məsələ bir qədər ləngiyib. Bu məsələləri həll etməyə çalışacağıq. Digər tərəfdən, bütün dünyada olduğu kimi, bizdə də 15–20 dəqiqəlik xüsusi reklam çarxı hazırlamaq üçün əlimizdə yetərli material yoxdur. Festival üç gündən sonra başlayır, bizə isə cəmi iki film gəlib. İştirakçı filmlərdən bəziləri, məhz, nümayiş günü Bakıya gələcək. Bəzilərini isə qonaqlar özləri gətirəcəklər, nümayişdən sonra da özləri ilə aparacaqlar. Bu videopiratçılıqdan qorunmaq üçün görülən məcburi tədbirlərdir”.
Mətbuat konfransının sonunda A.Əliyev VIII “Şərq-Qərb” festivalının sentyabrın 9-da, “Azərbaycan” kinoteatrında düzənlənəcək bağlanış mərasimində “Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı obraz”, “Kişilik rəmzini tərənnüm edən ən yaxşı obraz”, “Bəşəriyyətə ən humanist göndəriş” və “Dünya kinosunun inkişafındakı xidmətlərinə görə” nominasiyaları üzrə mükafatların təqdim olunacağını bildirdi.
Xatırladaq ki, festival çərçivəsində qonaqlara mərhum rejissor Rasim Ocaqovun filmlərinin retrospektivi və “Yeni sənədli Azərbaycan kinosu” silsiləsindən son illərdə çəkilmiş sənədli filmlər təqdim olunacaq.

Xalq qəzeti.-2006.-3 sentyabr.- S. 5.