Rəhimqızi Z.
Kino kompleksi
yaradılacaq
Bu barədə
"Şərq-Qərb" kinofestivalında
çıxış edən Əbülfəs Qarayev
məlumat verib
Heydər
Əliyev adına sarayda VIII "Şərq-Qərb"
Beynəlxalq Bakı Kinofestivalının
açılış mərasimi oldu. Köhnə
Bakının maketi fonunda təşkil edilən
tədbirdə öncə Azərbaycan kinosunun yaranma tarixi
xatırlandı. 1898-ci ildə lentə alınan
"Qatarın gəlişi", "Bibiheybətdə
yanğın" və "Balaxanıda neft fontanı"
kinoxronikası nümayiş olundu. Mərasimdə xaricdən
gələn qonaqlar üçün Azərbaycan kinosunun səhifələri
vərəqləndi və qeyd edildi ki, sözügedən
sənədli kino lentlərindən düz 18 il sonra "Neft
və milyonlar" səltənəti filmi çəkilib. Bakı
kino fabrikində istehsal olunan ilk filmlərdən biri də
görkəmli aktyor və rejissor, represiya qurbanı Abbas
Mirzə Şərifzadənin 1925-ci ildə çəkdiyi
"Bismillah" filmi və Cəfər Cabbarlının
1928-ci ildə ssenari müəllifi kimi debüt işi olan
"Sevil" filmi çəkilib. 1945-ci ildə Muxtar
Dadaşovla Rza Təhmasibin çəkdiyi "Arşın
mal alan" bədii filmi isə Sovet kinosunu dünya miqyasında
tanıdan bir film olub.
Festivalda Azərbaycan kinosunun mövcud vəziyyətinə
də toxunularaq kinematoqrafçıların ildə cəmi
iki film çəkdikləri qeyd edildi. VIII
"Şərq-Qərb" Beynəlxalq Bakı
Kinofestivalının rəsmi hissəsini mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev açdı. Nazir
festivalın keçirilməsini təqdirəlayiq
saydığını bildirdi. Nazir eyni zamanda bu ildən
etibarən "Nizami" kinoteatrının təmir ediləcəyini
və burada kino kompleksi yaradılacağını dedi. O,
çıxışında milli kinomuzun vəziyyətinə
və Azərbaycan kinematoqrafçılarının
qarşılaşdıqları çətinliklərə
toxundu: "Bizim kino işçilərimiz artıq belə
çətinliklərə alışıb. Amma zaman keçdikcə problemləri geridə qoyuruq. Artıq yeni avadanlıqlar
alınır, yararsız
binalar təmir edilir".
Nazir çıxışının sonunda Azərbaycan kinosunun gələcəyinə
nikbin baxdığını
və gələcəkdə
çəkilən filmlərin
sayının artırılacağını
bildirdi.
"Şərq-Qərb" festivalının prezidenti
Rüstəm İbrahimbəyov
isə çıxışında
fetivala qatılan filmlərin adlarını,
müəlliflərini, eləcə
də bu filmlərdə rol alan aktyorları
iştirakçılara təqdim
etdi. Mərasimin sonunda isə
Oleq Səfərəliyevin
"Əlvida, cənub
şəhəri" filmi
təqdim edildi. Qeyd edək ki, filmin
ssenari müəllifi Rüstəm İbrahimbəyov,
quruluşçu operatoru
Murad Əliyev, bəstəkarı Siyavuş
Kərimidir. Baş
rollarda Timur Bədəlbəyli, Fəxrəddin
Manafov, Mehriban Zəki, Fuad Poladov, Elmira Şabanova, Tofiq Mirzəyev və Hacı İsmayılov çəkiliblər.
Xatırladaq ki, "Şərq-Qərb"
kinofestivalı sentyabrın
9-na kimi davm edəcək.
Ayna.- 2006.- 6 sentyabr.- S. 8.