Aytən
Üzeyir
Hacıbəyovun adı Musiqi Akademiyasına
qaytarılacaqmı?
Tələbələr bu məsələdə akademiyanın rəhbərliyinə arxalanırlar
Bakı Musiqi Akademiyasında (BMA) yaranan qalmaqal,
deyəsən, hələ çox davam edəcək.
Akademiyanın rektoru, tanınmış bəstəkar
Fərhad Bədəlbəylinin bir müddət öncə
mətbuata verdiyi açıqlamalar, daha sonra isə
tələbələrin sözügedən təhsil
ocağının qarşısında keçirdikləri
etiraz aksiyaları bundan xəbər verir.
Əslində əgər biz Azərbaycanda yox, başqa
bir ölkədə yaşasaydıq, Musiqi Akademiyasının
tələbələrinin belə bir addım atmalarına
təəccüblənməzdik. Əgər gənclər
Üzeyir Hacıbəyovun adının akademiyaya
qaytarılmasını tələb edirlərsə və
bununla bağlı orijinal formada etiraz aksiyası
keçirirlərsə (xatırladaq ki,
tələbələr ilk aksiya zamanı BMA-nın
qarşısında Ü.Hacıbəyovun
əsərlərini ifa ediblər, sonrakı
mərhələdə BMA-nın binasının damından
tələbləriylə bağlı şuarların
yazıldığı plakatları asıblar. Təxminən
4 saat davam edən aksiya polis tərəfindən
dağıdılıb) bunu normal qarşılamaq
lazımdır. İntəhası, bizə qaranlıq qalan
məqam başqadır. Aksiya baş tutan gün Fərhad
Bədəlbəyli ölkədə olmayıb. Nəyə
görə, tələbələr rektorun Vyanadan
qayıtmasını gözləməyiblər? Bəlkə,
F.Bədəlbəyli onların bu hərəkətini
dəstəkləyəcəkdi?
Qeyd edək ki, Fərhad Bədəlbəyli Üzeyir
Hacıbəyovun dahi bəstəkar olduğunu xatırladaraq,
onun adının Musiqi Akademiyasına qaytarmasının
vacibliyini vurğulamışdı. Bununla bağlı
dəfələrlə lazımi qurumlara müraciət
etdiklərini və müsbət cavab almadıqlarını
təəssüflə qeyd etmişdi. Bir neçə gün
öncə isə BMA-nın rəhbərliyi ali təhsil
ocağına Üzeyir Hacıbəyovun adının
qaytarılması ilə bağlı növbəti
dəfə Prezident Aparatına müraciət edib.
Dünən məsələnin nə yerdə
olduğunu öyrənmək üçün Musiqi
Akademiyasına yollandıq. Bir neçə tələbə
ilə söhbətimiz zamanı bəlli oldu ki, onlar
fikirlərində israrlıdırlar və Üzeyir
Hacıbəyovun adı musiqi ocağına bərpa olunan
günə kimi etiraz aksiyalarını davam
etdirəcəklər. Tələbələrlə
söhbətdən aydın oldu ki, onlar aksiyaları
özbaşına təşkil etmirlər, akademiyanın
rəhbərliyinə arxalanırlar. Onu da öyrəndik ki,
musiqi ocağının tələbələri növbəti
piketə hazırlaşırlar.
BMA-nın Tələbə Gənclər Təşkilatının sədri Mənzər Mirəliyeva bizimlə söhbətində rəhbərlik tərəfindən 3 dəfə hökumətə müraciət göndərdiklərini qeyd etdi: "İnanırıq ki, Üzeyir bəyin adı gec-tez akademiyaya qaytarılacaq. Məsələ yaxın günlərdə öz həllini tapacaq".
Xalq
cəbhəsi.-2006.- 27 sentyabr.- S. 15.