Bağırova Y.

Kaman ana laylasıdır

 

Fəxrəddin Dadaşov: "İnsan qəlbinin tellərini yerindən oynadan alət kamançadır"

"Danışmağı   bacaran      buna   görə cəzalandırılan  da kamançadır"

 

Qəbilənin bütün üzvləri yas içərisində idi. Hər kəsi bu üzücü olayı qəbilə başçısına kimin çatdıracağı sualı düşündürürdü. Çünki başçının gənc igid oğlu müharibədə həlak olmuşdu. Bilirdilər ki, kim bu xəbəri ona çatdırsa onun boğazına qurğuşun əridib tökdürəcək. Bir müddətdən sonra qəbilə üzvlərindən biri dəri və ağacdan istifadə edərək bir musiqi aləti düzəltdi. İlahi, həmin alətdən necə yanıqlı səs gəlirdi! Bütün dağ-daş lərzəyə lmişdi. Ata bu səsi eşidəndə igid oğlunun vəfat etdiyi ona agah oldu. Bu zaman həmin alətin boğaz hissəsinə qnrğuşun tökdürdü. Öz naləsi ilə insan kimi danışmağı bacaran və buna görə də cəzalandılan musiqi aləti isə kaman idi..." Göründüyü kimi, qeyri-adi səsə malik olan kamança ifa etmək və qəlblərə yol açmaq elə də asan məsələ deyil. Elə xalq artisti, kaman ustası Fəxrəddin Dadaşovla da söhbətimiz bu məcrada oldu.

"Ürəkdən gələn yanğı barmaqlar vasitəsilə alətə ötürülür"

- Kaman ustası olmaq üçün, ilk növbədə 5 il musiqi məktəbi, sonra texnikum, daha sonra isə Milli Konservatoriyanı qurtarmaq lazımdır. Amma bu illər ərzində oxuyan yüz nəfərdən yalnız bir nəfəri öz istedadı ilə seçilir. Xeyli sayda kaman ifaçısının içərisindən bir nəfəri öz sözünü deyə bilir. Məsələn biz oxuduğumuz dövr ərzində kamança çalanlar çox idi. Amma onların içərisindən Şəfiqə Eyvazova, Ədalət Vəzirov və mən çıxdıq. Biz üç nəfər xalq arasında tanındıq. O zaman Şəfiqə Eyvazova ilə mən 16-17 yaşımızdan kaman çalmağa başlamışdıq. Onu gənc yaşında Əhsən Dadaşovun kollektivinə, məni isə Əhməd Bakıxanovun ansamblına qəbul etdilər. Onu demək istəyirəm ki, insanda sənətə olan istedad uşaq yaşlarından özünü büruzə verir. Kaman ana laylasıdır, bütün dərdləri onunla bölüşmək olur. Bir də görürsən ki, ifa etdiyin yerdə hansısa kədərli səhnə beynində canlanır. Onun üçün də kamança çalanda ifa yanıqlı alınır. Kamanın öz iniltisi var. Bu ürəklə bağlıdır. Bu yanğı başdan gəlir ürəyə, ürəkdən isə barmaqlar vasitəsilə həmin alətə ötürülür. Əzbərçi musiqiçi başqa, ürəkdən çalmaq isə başqadır. Bəzən bizim aləti ürəkdən çalmağımız müşayiət etdiyimiz ifaçıdan da çox asılı olur. Bir də görürsən ifa edən ürəyin elə bir telinə toxunur ki, istər-istəməz onun cavabını vermək istəyirsən.

"Alim Qasımovun öz ifasi ilə ünvanladığı suala kamanla cavab verirəm"

Mən belə halı Alim Qasımovla yaşamışam. O, bədahətən elə tellərə toxunurdu ki, istər-istəməz adamın bədəni ürpəşirdi. Bu zaman ürəyim az qalırdı yerindən çıxsın. Bu əsnada mən kamanla mütləq onun cavabını verirəm. Bu ona bənzəyir ki, o sual verir, mən də onu cavablandırıram. Əgər o an məndə yaranan həmin enerjini ötürməsəm bəlkə də ürəyim partlaya bilər. Həmçinin də gözəl ifa kaman çalanın musiqiyə köklənməsindən də çox asılıdır. Əgər mən özümü "Çahargah"a kökləmişəmsə və kimsə "Şur" dinləmək istəyirsə bu zaman gözəl effekt alınmayacaq. Kamançaya çox bağlanmışam və onsuz özümü təsəvvür edə bilmirəm. Fikirləşirəm ki, kamançanı əlimdən alsalar, yaxud qadağa etsələr özüm-özümü öldürərəm. Çünki ömrümün 48 ilini kamana həsr etmişəm. İndi əlimdə olan və ifa etdiyim kamança aləti 1962-ci ildən bəri mənimlədir. Deyirlər ki, başqa bir kaman al amma mən razı olmuram. Elə bilirəm ki, o mənim istədiyimi başa düşür, dərdimə şərik olur. Axı illərdir ürəyimin sirlərini, istəyini, arzularını, yanğısını həmin kaman vasitəsilə çatdırmışam. Bu sadəcə alət deyil, məni dünyaya tanıdan sirdaşım, dostumdur. Mənə doğma olan muğam isə "Şur" "Bayatı şiraz"dır. Ümumiyyətlə mənim ruhum nisbətən qəmli muğamlara yaxın olduğu üçün bu muğamlarda özümü tapıram. Deməliyəm ki, insan səsinə ən yaxın alət kamançadır. Mənə dəfələrlə təklif olub ki, başqa alətlərdə çalım bu işdən xeyli pul qazanım. Amma mən buna getmədim. Çünki kamançasız öz həyatımı təsəvvür edə bilmirəm.

"İndi kamanı elə çalırlar ki, ondan skripka səsi çıxır"

Hazırda musiqini duyan kaman çalanlarımız var, amma mən çox təəssüf edirəm ki, hamı bu dəqiqə kamanı elə çalır ki, ondan skripka səsi çıxır. Kamançanın öz spesifik səsi, tembri var. İndi onu bəmdə çalırlar. Yəni burunda danışılan səslə. Biri var təmiz səslə danışasan, biri var zökəm xəstəliyindəki kimi, burunda danışasan. Əsl kamançalanda üç keyfiyyət olmalıdır. Yəni, kamança üçlükdə, solistdə not ifasında özünü göstərməlidir. Kamançada muğamlarımız təmiz çalınmalıdır. Çünki hazırda muğamlarımıza əcnəbi ifalar daxil edilib. İndiki musiqiçilərin çaldığı muğama İran, ərəb, türk musiqilərinin notlarını gətiriblər. Bizim klassik musiqini not əsərlərini təmiz çalmaq lazımdır.

Görünür bunu onun üçün etmirlər ki, muğamlarımızı çalmaq çox çətindir gənclərimiz daha yüngül ifalara can atır. Kamanı atıb skripka çalırlar. Çünki kamanda ifa tərzi musiqi texnikaları ağırdır. Həmçinin kaman çalmaq üçün fiziki güc mühüm rol oynayır. Kaman çalan zaman elə şöbələr var ki, orada "çeton"lar olmaz. Burada "Çahargah"ın öz, "Şur"un öz pərdəsi var ondan kənara çıxmaq yolverilməzdir. Amma indi "Çahargah"ı elə çalırlar ki, bilmirsən bu Azərbaycan musiqisidir, yaxud fars. Demirəm ki, əcnəbi muğamlar pisdir, amma bizim muğamlarımız dünyada ən yuxarı pillədə durur digərlərinin şahı hesab edilir.

"Musiqisi olmayan xalqın, özünə məxsus alətin olmasını iddia etməsi gülüncdür"

Buna görə hamımıza bəllidir ki, hiyləgər ermənilər həmişə bizim musiqiyə alətlərimizə iddialı olublar. Hazırda da bu istəklərindən əl çəkmirlər. O cümlədən kamanı öz xalq alətləri kimi təqdim etməyə onu özününküləşdirməyə çalışırlar. Amma bu saxtakarlığı üzə çıxarmaq üçün kifayət qədər dəlil sübutlarımız var. Təkcə onu demək yetərlidir ki, mən dünyada yeganə xalq tanıyıram ki, onların özlərinə məxsus musiqisi yoxdur. Təbii ki, öz musiqisi olmayan xalqın da öz alətinin olması qətiyyən mümkün olan bir şey deyil. Onlarda hamısı oğurluqdur burada bir deyim yerinə düşür ki, "itdən çox çarıq ogurlayan yoxdur, amma ayağı yalındır ki, yalın".

 

Üç nöqtə. -2006.- 23 sentyabr.- S. 14.