Əlioğlu Paşa
Mədəniyyət xəzinəmizin üç incisi
Musiqi nəzəriyyəsinə dair üç əsər
çap olunub
Azərbaycan xalqının bütün
dünyada tanınan qədim musiqi sənətinin tarixinə
dair bir sıra yazılı abidələr hələ də
əlyazma şəklində dünyanın müxtəlif
muzey və kitabxanalarında ətraflı tədqiqatdan
kənarda qalmışdır. Müstəqilliyini
bərpa etmiş xalqımız üçün bu gün bu
əsərlərin toplanıb nəşr edilməsi,
araşdırılması və təbliği
məsələləri çox aktualdır.
Azərbaycan muğamı bu gün
özünün yeni canlanma, dirçəliş
dövrünü yaşayır, Azərbaycan
muğamının UNESCO-nun qərarı ilə dünya
mədəniyyətinin misilsiz dəyərə malik şifahi
mədəni sərvətləri sırasına daxil edilməsi
sevindirici hadisədir. UNESCO-nun şifahi və qeyri-maddi
irsin qorunması üzrə konvensiyası
ənənələri qoruyub-saxlamaq və
yaşadıb-inkişaf etdirmək kimi ali
məqsədlərə xidmət edir. Azərbaycanda
bu işi həyata keçirmək üçün UNESCO-nun
xoşməramlı səfiri, Heydər Əliyev Fondunun
prezidenti, millət vəkili Mehriban xanım Əliyeva
dəyərli işlər görmüşdür. Hal-hazırda muğam haqqında böyük
layihələr həyata keçirilir. Bunlar
"Muğam-irs", "Muğam-dəstgah",
"Muğam-ensiklopediya", "Muğam-internet",
"Muğam-antologiya" və s. layihələrdən
ibarətdir. Musiqi tariximizə dair üç misilsiz
əsərin AMEA Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun əməkdaşları
tərəfindən tərcümə edilərək, çap
edilməsi də bu möhtəşəm layihənin
mühüm bir hissəsidir.
Bu yaxınlarda "Şərq-Qərb"
nəşriyyatında nəfis şəkildə çap
edilən bu üç əsərdən ikisi XIII əsrin
böyük Azərbaycan alimi, musiqiçisi, Şərqdə
"sistemçilik" adı ilə məşhur olan
məktəbin banisi, bəstəkar, şair, mahir
ifaçı, yeni alətlərin ixtiraçısı,
gözəl xəttat Səfiyəddin Əbdülmömin ibn Yusif
ibn Faxir əl-Urməviyə (1217-1294) məxsusdur.
Səfiyəddin Urməvi 1217-ci ildə
Azərbaycanın qədim elm və mədəniyyət
mərkəzlərindən olan Urmiya şəhərində
anadan olmuş, ilk təhsilini doğma şəhərində,
Böyük məscid yanındakı mədrəsədə
almışdır. O, təhsilini davam etdirmək
üçün o vaxt İslam dünyasının elm və
mədəniyyət mərkəzi olan Bağdada getmiş
və Müstənsəriyyə mədrəsəsinin fiqh
(İslam hüququ) fakültəsinə daxil olaraq, oranı
bitirmişdir. Urməvinin müasiri, tarixçi
Həsən əl-Ərbilimin dediyinə görə,
Səfiyəddin ərəb dilini, tarixi, fəlsəfəni,
ədəbiyyatı və başqa fənləri gözəl
bilirdi və kamil xəttat kimi yetişmişdi. Ud çalmağa da çox meyl göstərirdi.
O vaxt Şərqin mədəniyyət və elm mərkəzi
olmuş Bağdadda Azərbaycanın müxtəlif
şəhərlərindən çoxlu azərbaycanlılar
gəlirdilər. Təkcə elə Urmiyadan Bağdada
Əbu-Bəkr Urməvi, Əbulqənaim Urməvi,
Məhəmməd Urməvi, Əbülfəzl Urməvi,
Əbu Qeyb Urməvi, Tacəddin Urməvi kimi görkəmli
alimlər gəlmiş, yaşayıb-yaratmışlar. Bunların arasında Səfiyəddin Urməvinin
xüsusi yeri var idi.
Abbasilər sülaləsinin sonuncu, 37-ci xəlifəsi
(xəlifəliyi: 1242-1258) Səfiyəddini sarayına
dəvət etmiş, kitabxananın açarını ona
tapşırmış, ona istədiyi kitablardan istifadə
etmək imkanı vermişdir. Urməvi ən
əvvəl mahir xəttat kimi məşhur olmuşdur. Səfiyəddinin xəttatlıq və
nəqqaşlıq bacarığı bütün
Şərqdə yayılmış, o dövrün ən
gözəl xəttatı adını almışdı.
"Məcmui-məxtut" adlı kitabda Səfiyəddinin
musiqi məharətinə dair oxuyuruq: "Sözsüz ki,
Səfiyəddin musiqi sənətində kamala yetmişdir. O,
nəğmə qoşub mahnı bəstələməkdə,
muğam çalmaqda, yeni nəzəri mülahizələr
söyləməkdə fövqəladə qüdrətə
malik şəxsiyyətdir. O, musiqi işarələrini (notu)
ortaya çıxaran ilk alimdir".
Alimin məktəbini bitirən
tələbələr sonradan bütün Şərqdə
tanınmış musiqiçilər olmuşlar. Ud alətində mahir ifaçı olan
Səfiyəddin bu aləti təkmilləşdirmiş,
həm də iki gözəl musiqi alətinin
ixtiraçısı olmuşdur. Onlardan biri
qaponabənzər nüzhə, ikincisi isə qövsi ud olan
musiqi alətidir.
1258-ci ildə monqol xanı Hülaku Abbasi
xəlifəsi əl-Müstəsimi və onun
övladlarını öldürərək Abbasilər
xilafətinə son qoydu. Bu vaxt
Səfiyəddinin həyata keçirdiyi ağıllı
tədbir nəticəsində Bağdadın onun
yaşadığı məhəlləsinin əhalisi
qırğından xilas olmuşdur. Hülakü
xanın hüzuruna çağırılan Səfiyəddin
özünü ağıllı və mərdanə
aparır. Səfiyəddinin udda
çalmağı, geniş biliyi Hülakü xanın
xoşuna gəlir və o Səfiyyədinə
şəhərin və qalalardan birinin idarəsini təklif
edir. Lakin Səfiyəddin bundan imtina edir
və yalnız özünün yaşadığı
kəndlə kifayətlənir. Sonralar ona
bağışlanan bu kənd də əlindən
alınmışdır.
Elxanilər dövründə Baş nazir
Şəmsəddin Məhəmməd Cüveyni
Səfiyəddini Bağdad divanxanasının rəisi
təyin edir. Sarayda Səfiyəddin böyük maaş alır. Bu vəzifədə bir
neçə il işlədikdən sonra
70-ci illərdə Təbrizə göndərilir. Burada Cüveyninin xahişi ilə onun
oğullarının təlim-tərbiyəsi ilə
məşğul olur. Lakin 1284-cü
ildə Cüveyni ailəsi faciə ilə üzləşir.
Cüveyni qardaşlarının
ölümündən sonra alimin vəziyyəti tamamilə
dəyişir. Hər bir himayədən
məhrum olan Səfiyəddin Urməvi qoca yaşlarında
yenidən vətəni tərk etməyə məcbur olur
və Təbrizdən Bağdada qayıdır. Gəncliyində şöhrət və
sərvət içində yaşayan Urməvi
həyatını yoxsulluq içində bitirir. Şikayət əsasında, guya 300 dinar borca
görə böyük alim
Səfiyəddin Urməvinin ayrıca kitab
halında çap edilmiş "Kitabül-ədvar"
əsərini filologiya elmləri namizədi Müqəddəs
Payızov ərəbcədən tərcümə
etmişdir. Ön sözün müəllifi, professor Zemfira Səfərova əsər
haqqında yazır: "Kitabül-ədvar"da bütün
araşdırılan problemlərin mərkəzində
Şərq müsiqisinin lad sistemi durur. Urməvi
bu əsərində ilk dəfə "ədvar", yəni
dövrlər, dairələr terminini
musiqişünaslığa daxil edərək, onu lad
mənasında işlədir. "Məqam-muğam"
terminləri isə sonralar yaranıb işlənmişdir.
Səfiyəddin Urməvi risalədə on iki
ənənəvi laddan, onların intonasiya əsaslarından,
tetraxord və pentaxord kimi özəklərindən bəhs
edir, intervalları nəzəri cəhətdən
müəyyən edir, onların keyfiyyətini göstərir
və qrafik şəkillərini çəkir,
həmçinin 84 dairənin cədvəlini verir".
"Kitabül-ədvar" risaləsinin
fəsilləri içində estetikaya aid problemlərə
də rast gəlirik. On dördüncü
fəsildə ladların, muğamların emosional
təsirindən danışılır. Hər ladın insanın qəlbinə müxtəlif
cür təsiretmə gücündən danışdıqdan
sonra müəllif həmin fəsildə çox mühüm
məsələyə - hər ladın ona uyğun olan
şeirlə əlaqələndirilməsi
məsələsinə də toxunur.
S.Urməvinin ayrıca kitab halında çap
edilmiş "Şərəfiyyə risaləsi" adlı
ikinci əsərini ərəbcədən Əlyazmalar
İnstitutunun əməkdaşı Hacı Müzafəddin
Əzizov tərcümə etmişdir. Bu
əsər "Kitabul-ədvar"la bərabər
Azərbaycan musiqişünaslığının
təməlini qoymuşdur.
Alim bu əsərini Təbriz
şəhərində yazmış və istedadlı
şagirdi Şərəfəddin Haruna ithaf etmişdir.
S.Urməvi özü "Şərəfiyyə
risaləsi"nin yaranma
səbəbləri barədə belə yazır: "Bu
risalə Yunanıstanın qədim müdriklərinin irs qoyub
getdikləri üsullardan istifadə edilərək və onlara
faydalı artımlar əlavə olunaraq tərtib edilmiş
kompozisiya nisbətləri haqqındadır."
Qərb alimləri S.Urməvinin
risalələrini nadir əsərlər hesab edərək,
Avropa dillərinə çevirmiş, onlar haqqında
araşdırmalar aparmışlar. Görkəmli
fransız alimi B.R. d Erlanje özünün altıcildlik
"Ərəb musiqisi" adlı tədqiqatının
üçüncü cildində Səfiyəddinin ilk
əsəri "Kitabül-Ədvar"la bərabər,
"Şərəfiyyə risaləsi"nin də fransız
dilinə tərcüməsini vermişdir. İngilis alimi Corc
Farmer həmin cildə yazdığı ön sözdə
deyir: "Səfiyəddin Urməvinin adı ərəb musiqi
tarixinin səhifələrini işıqlandıran, ona nur saçan
adlardandır. "Kitabül-ədvar" və
"Şərəfiyyə"nin müəllifi, doğrudan
da, "sistemçilik" məktəbinin
yaradıcısıdır. Ondan sonra
gələn bütün ərəb, fars və türkdilli
müəlliflərin hamısı alimin
nəzəriyyəsinin davamçılarıdır".
S.Urməvinin "Şərəfiyyə risaləsi"nin əlyazmasının nəşri həm
risalənin bəşəri dəyərinə, məzmununa,
qaldırılan nəzəri problemlərə görə,
həm də gözəl xəttat Səfiyəddinin
özünün əlyazması olduğuna görə
xüsusi önəm daşıyır. Qeyd
edək ki, kitaba əsərin fotofaksimilesi də əlavə
edilmişdir və oxucu indi ustad S.Urməvinin gözəl
xəttini seyr etmək imkanına malikdir.
Musiqi nəzəriyyəsinə dair çap
edilmiş "Musiqi məcəlləsi" adlı
üçüncü əsərin müəllifi XV əsr
Azərbaycan alimi Fətullah Şirvanidir. Əsəri
ərəb dilindən Əmirşah Əmirəhmədov
tərcümə etmişdir.
Fətullah Şirvani istedadlı müsiqişünas alim
olmaqla bərabər, həm də riyaziyyat, həndəsə,
astronomiya, coğrafiya, biologiya, ədəbiyyat və s.
sahələrdə böyük uğur qazanmışdır. Onun musiqi, kəlam, təfsir, astronomiya və
riyaziyyata dair risalələri və şərhləri
məşhurdur. Fətullah Şirvani
1417-ci ildə Şamaxıda anadan olmuş, ilk təhsilini
doğma şəhərdə almışdır. Şamaxıdan sonra o, Şirazda və Tusda
təhsilini davam etdirmiş, 1435-ci ildə
Səmərqəndə getmiş, məşhur atsronom-alim
Uluqbəyin açdığı mədrəsədə
dərs demişdir. O Uluqbəyin "Əl-Ənvar li
ə mali-əbrar" əsərinə fars
dilində şərh yazmış və müəllifə
bağışlamışdır.
Fətullah Şirvani 1453-cü ildə
İstanbulda özünün məşhur
"Məcəllə fil-musiqa" əsərini Fateh Sultan
Məhəmmədə təqdim etmişdir. Alim II Murad dövründə (1421-1451) Anadoluya
getmiş və Kasitamonuda Candaroğlu İsmayıl bəyin
qonağı olmuş, bir müddət orada qalmış
və dərs demişdir.
1465-ci ildə Fətullah Şirvani həcc
ziyarətinə getmiş, 1467-ci ildə bir müddət
Məkkədə qalmış və orada dərs demişdir.
Məkkədən sonra o, Qahirəyə, sonra
İstanbula getmiş, burada dərs demiş,
yaradıcılıqla məşğul olmuşdur.
Həyatının sonunda Fətullah Şirvani
vətəninə qayıtmış və 1486-cı ildə
Şamaxıda vəfat etmişdir.
F.Şirvaninin "Məcəllə
fil-musiqa" ("Musiqi məcəlləsi", yəni,
"Musiqi məcmuəsi, toplusu") əsəri onun musiqi
sahəsində məlum olan yeganə əsəridir. Alim bu əsərini Sultan Muradın oğlu II Sultan
Məhəmmədə ithaf etmişdir. Alim
"Məcəllə"də qaynaq kimi böyük
alimlərdən İbn Sinanın, S.Urməvinin
yaradıcılığına, Nəsirəddin Tusinin
əsərlərinə və başqa görkəmli
alimlərin irsinə müraciət edərək, onlardan sitat
gətirir. Bu da onu göstərir ki,
Fətullah Şirvani görkəmli sələflərinin
yaradıcılığına yaxşı bələd idi
və onları yüksək qiymətləndirirdi.
Musiqi tariximizdə mühüm rol oynayan bu
üç əsərin tərcümə edilərək
müasir oxuculara, mütəxəssislərə
çatdırılmasında orta əsrlər ərəb
dilinin gözəl biliciləri olan
tərcüməçilərin -M.Payızovun, M.Əzizovun,
Ə.Əmirəhmədovun xidmətlərini xüsusi qeyd
etmək lazımdır. Hər üç kitabın
ixtisas redaktoru, əməkdar elm xadimi, professor
Zemfira Səfərova əsərlərə dəyərli
ön söz və şərhlər yazmış, bununla ciddi
tədqiqat işini yerinə yetirmişdir. Kitabların
ümumi redaktoru filologiya elmləri doktoru Məmməd
Adilovdur.
Adıçəkilən əsərlərin
nəşri mütəxəssislər və
muğamşünaslar üçün qiymətli
töhfədir.
Xəzər.-2006.- 23 sentyabr.- S. 16.