Xəlilzadə F.

Daim sevilən sənətkar

 

Xalq mahnılarının, muğam ifaçılığının təşəkkülündə özünəməxsus dəstt-xətti, xidmətləri olan ustad xanəndələrimizdən biri də xalq artisti Əlibaba Məmmədovdur. Bu sənətkarın adı çəkiləndə "Humayun" yada düşür. Çünki bu təsnifin ən qabil ifaçısı məhz Əlibaba Məmmədov olub. Ötən əsrin ortalarından oxuduğu bu təsniflə geniş şöhrət tapan Əlibaba Məmmədov dövrünün çox novator sənətçilərindən sayılıb. O, muğamla müasir mahnılar arasında bir əlaqə yaradan xanəndə kimi seçilib.
1968-ci ildə maestro Niyazinin təşəbbüsü ilə filarmoniyada Xalq Çalğı Alətləri Ansamblı yaradılmışdır.
Baxış-müsabiqədə ansambla "Humayun" adı verildi. Əlibaba Məmmədov bu ansamblın bədii rəhbəri ilk solisti oldu. Görkəmli sənətkar Hacı Məmmədova məxsus fikirdi: "Seyiddən sonra Əlibaba kimi "Humayun"u oxuyan yoxdur". Sonralar bu ansamblda Novruz Feyzullayev, Məmmədbağır Bağırzadə, Səxavət Məmmədov, Zümrüd Məmmədova başqaları da oxudular. Onlar Əlibaba Məmmədovdan həm öyrənirdilər, həm dəyərli məsləhətlər alırdılar. İndi bu ansambl öz fəaliyyətini dayandırmayıb. Sorağı müxtəlif bölgələrdən, hərbi hissələrdən hospitallardan gəlir.
Əlibaba Məmmədov bir qərinədən çoxdur ki, Asəf Zeynallı Bülbül adına orta ixtisas musiqi məktəblərində gənc nəslə muğam xalq mahnılarımızın incəliklərini məhəbbətlə öyrədir. Bu müqtədir sənətkarın ifasında lentə alınmış "Bayatı-Şiraz", "Çahargah", "Dəşti", "Rahab", "Şur" kimi muğamlar onlarca başqa xalq mahnıları, təsniflər radionun "Qızıl fondu"nda saxlanmaqdadır.
Əlibaba Məmmədov təsnif janrında ustad oxuyan sənətkar sayılıb. "Ağarma saçım, ağarma", "Ağrıma ürəyim, ağrıma" kimi mahnıları elə həzin, ürəkdən oxuyub ki, bu gün həmin musiqi parçalarını biz bu ifaçıda eşitməyi daha çox sevirik.
Əlibaba Məmmədov gənclik illərindən mahnılar bəstələyib. Mikayıl Müşfiqin, Əliağa Vahidin sözlərinə yazdığı mahnıları dövrümüzün şöhrətli müğənniləri - Zeynəb Xanlarova, Rübabə Muradova digər tanınmış sənətçilər sevərək ifa ediblər. Sovet dövründə müğənninin, xüsusilə xanəndənin bəstəkarlıq etməsi bir qədər yasaq idi. Ona görə Əlibaba Məmmədovun musiqi həyatı verdiyi sözlər artıq "Xalq mahnısı" libasına bürünərək oxunurdu. Amma el arasında, xüsusilə sənətkarların özləri bilirdilər ki, bu, bəstəkar mahnısıdır, onun yaradıcısı da Əlibaba Məmmədovdur. Xalq tərəfindən həm öz ifası, həm mahnıları rəğbətlə qarşılanan müğənni bəstəkar kimi tanınmasına maraqlı deyildi. Çünki o, ürəyinin diktəsi ilə hərəkət edirdi. Şeir xoşuna gəlirdisə, ona musiqi qoşmaq iradəsindən asılı olmurdu.
1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı incəsənəti on günlüyündə iştirak edən Bülbül, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Hacı Məmmədov kimi sənətkarlar arasında Əlibaba Məmmədov da var idi. Onun oxuduğu "Bayatı Kürd" muğamı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdı. İlk dəfə sovet hökumətinin fəxri fərmanına da həmin il layiq görülmüşdü. Sonra isə Azərbaycanın əməkdar artisti, xalq artisti fəxri adlarını da aldı.
Bir müddət xalq mahnılarına, muğamlara, xüsusilə bu ruhda olan musiqi parçalarına münasibətdə laqeydlik var idi. Əlibaba Məmmədov da bu biganələr mühitində öz dəst-xəttindən, avazından bir an da olsun çəkinmədi: "Muğam millətin ruhudur. Ruhu heç vaxt öldürmək mümkün deyil. Onu adi insan yaratmayıb ki... Allah vergisidir. Mövlam edərsə, gözəl edər. Yəqin ki, milli musiqimizi bürümüş bu qaranlıq aləmə bir işıq düşəcək". Uzaqgörənliklə düşünülmüş fikirlər gerçəkləşdi. YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın sənət sənətkarlara, xüsusilə Azərbaycan muğamlarına, xalq mahnılarına göstərdyi diqqət yaşlı sənətkarlarımızın hədsiz sevincinə səbəb oldu. Birdən-birə suyu qurumuş, cadarlaşmış torpağa sanki bahar yağışı yağdı. Əlibaba Məmmədov söyləyir: "Bakıda muğam evinin tikiləcəyi xəbərini eşidəndə qulaqlarıma inanmadım. Ara-sıra toplaşdığımız guşələr, filoarmoniyanın yanı, Sahil bağı yadıma düşdü. Şükür, nəhayət, bizim bir yerdə əyləşib söhbətləşmək, sənət düşüncələrini bölüşdürmək üçün imkanımız yerimiz olacaq".
Ömrünün ahıl çağını yaşayan xalq artisti, Prezident təqaüdçüsü, muğam ustadı, təsniflərimizin mahir ifaçısı Əlibaba Məmmədov Azərbaycanın, bütün türk dünyasının çox sevilən sənətçisidir. Onun hələ gənclik illərində oxuduğu "Simayi-Şəms" ritmik muğamı, "Şur" dəstgahı, "Çahargah" muğamı başqa boğazlardan fərqli şəkildə dinləyici qəlbini fəth etmişdir. Ustad Seyid Şuşinskidən aldığı dərs ömrü boyu yaddaşından yaradıcılıq fəaliyyətindən silinməmişdir. Oxuduğu hər bir muğama, xalq mahnısına öz möhrünü vuran Əlibaba Məmmədov milli musiqimizin təbliğində, inkişafında, öyrədilməsində böyük rol oynamışdır.

 

Azərbaycan.- 2006.- 5 sentyabr.- S. 5.