Türk dünyasının birliyinin möhkəmlənməsi və onun beynəlxalq aləmdə güclü siyasi mövqeyə malik olması üçün bütün imkanlar var

 

Xəbər verdiyimiz kimi, sentyabrın 18-də Türkiyədə, Antalya Kültür Mərkəzində II Beynəlxalq Avrasiya kinofestivalının təntənəli açılış mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Mərasimə toplaşanlar dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.
Kinofestivalı Türkiyənin tanınmış kinoaktyoru Korkan Abay açaraq bu kinofestivalın 43-cü Avrasiya Qızıl Portağal kinofestivalının tərkib hissəsi kimi iki il bundan əvvəl təşkil edildiyini bildirdi. Sentyabrın 23-dək davam edəcək festivalda 100-dən artıq ölkənin filmləri nümayiş etdiriləcəkdir. Festival iştirakçıları arasında tanınmış kinoşünaslar, aktyorlar, mədəniyyət və incəsənət xadimləri vardır. Azərbaycanı bu festivalda kinorejissor Şamil Nəcəfzadə, aktyorlar Sənubər İsgəndərli və Çimnaz Atakişiyeva təmsil edirlər.
Sonra Antalya Böyük Şəhər Bələdiyyəsinin başçısı Menderes Türel çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevi, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı, Antalyada keçirilən Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının digər iştirakçılarını, sənət adamlarını salamladı. O, belə tədbirlərin mədəniyyət, incəsənət sahəsində əlaqələrin daha da genişlənməsi baxımından səmərəli olduğunu söylədi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevə xatirə olaraq festivalın xüsusi hədiyyəsi təqdim olundu.
Dövlətimizin başçısı hədiyyəyə görə təşəkkür etdi.
Daha sonra Şimali Kiprin Prezidenti Mehmet Əli Tələtə, habelə Orta Asiya dövlətlərinin prezidentlərinə təqdim edilmək üçün həmin ölkələrdən gəlmiş nümayəndə heyətlərinin başçılarına, eləcə də sənət adamlarına, festivalın təşkilində əməyi olanlara xatirə hədiyyələri təqdim olundu.
Baş nazir Rəcəb Tayyib Ərdoğan və digər çıxış edənlər festivalın əhəmiyyətindən, kino sənətinin inkişafından, ölkələrarası münasibətlərdə mədəniyyətin rolundan danışdılar və festivalın işinə uğurlar arzuladılar.
Sonra incəsənət ustalarının çıxışı oldu. Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın ifası tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılandı.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, nümayəndə heyətlərinin üzvləri, Antalya Dövlət Opera və Balet Teatrı orkestrinin ifasında "İpək yolu" əsərini dinlədilər.

 

Azərbaycan.-2006.-20 sentyabr.- S. 1.