İbrahimova S.

"Azyaşlıların musiqiyə olan tələbatı ödənilmir"

 

Oqtay Zülfüqarovun fikrincə, gənc kadrlar bu işdə maraqlı deyillər

 

Uşaq mahnılarının yazılmaması Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovu narahat edir. Konservatoriyanın bəstəkarlıq fakültəsinə tələbatın bir o qədər də zəif olmadığını deyən bəstəkar təəssüflə bildirir ki, onlar arasında uşaq mahnıları yazanlar yetişmir. Onun fikrincə, dövrün tələbatı ilə ayaqlaşan gənc kadrlar azyaşlıların musiqiyə olan tələbatını ödəmirlər: "Bu gün elə bir bəstəkar tanımıram ki, sırf uşaqlar üçün işləsin. Bu, heç də yaxşı göstərici deyil. Əvvəllər uşaqlar üçün bir sıra mahnı müsabiqələri təşkil olunardı. Onlar sənətə həvəsləndirilərdi. İndi uşaqlar səviyyəli müsabiqələrə həsrət qalıblar".

Uşaq Dövlət Filarmoniyasının "Aysel" Uşaq Mahnı Teatrının bədii rəhbəri olan O.Zülfüqarov hesab edir ki, uşaqların istəməyərək türk və ara musiqilərinə aludə olması onların maariflənməsinə güclü təsir göstərir. "Bu gün üç evdən birində ya şair, ya bəstəkar, ya da ki, müğənni yetişməkdədir. Bunların nə məktəbi, nə yolu var. "Həvəskarlar" ordusuna qoşulub ayda ən azı 10 mahnı bəstələyirlər. Belə mahnılar həmin evdə böyüyən uşağın zövqü və tərbiyəsində müəyyən dərəcədə rol oynayır. Çox təəssüf ki, mövcud prosesin qarşısını almaq qeyri-mümkündür. Problem ancaq illərlə həll olunacaq məsələdir. Məncə, zaman-zaman sənətdə peşəkar olmayanlar bu sənətə pul mənbəyi kimi baxanlar ələnib göyə sovrulacaqlar".

O.Zülfüqarov qeyd edir ki, mədəniyyətimizin vəziyyətinin qeyri-qənaətbəxş olmasında öncə özəl kanallar günahkardır: "Mən hansı özəl kanala deyə bilərəm ki, bu mahnını efirə verməsin. Hər kanal öz bildiyini edir, insanların zövqlərini korlayır, azyaşlı uşaqların beyninə zövqsüz mahnılar salır. Hər kanal özü üçün müsabiqə keçirir. Müsabiqənin səviyyəsindən danışmağa belə dəyməz".

Peşəkar bəstəkar olmaq üçün diplomun vacibliyini qeyd edən bəstəkar ali məktəblərdəki boşluqların da onu narahat etdiyini deyir. Onun fikrincə, 8 milyonluq əhalisi olan ölkədə ildə 1-2 bəstəkarın yetişməsi az göstəricidir: "Dolanışığa görə bir çox məzunlar sənətini biznesə dəyişib, yaxud xaricə üz tutublar. Onların yazdığı səviyyəli musiqilər qiymətləndirilmir. Amma əcnəbi ölkələrdə həmin əsərlər dərsliyə salınıb gənclərə aşılanır. Orada çalışan gənc həmkarlarımızın sənətinə yüksək qiymət verilir".

Bəstəkarın fikrincə, hər bir bəstəkar yazdığını duymağı bacarmalı və Azərbaycan musiqisinin incəliklərinə bələd olmalıdır: "İndiki bəstəkarları bəstəkar edən səsli-küylü texnikalardır. Başa düşmürlər ki, professional bəstəkar olmaq üçün savada yiyələnmək lazımdır. İndikilər hətta Azərbaycan intonasiyasının nə olduğunu bilmirlər. Düzdür, Ələkbər Tağıyevin də diplomu olmayıb. Ancaq o, fərdi yaradıcılıqla deyil, kollektiv yaradılıcılıqla məşğul olub və Azərbaycan musiqisinin incəliklərini bilib".

Ömrünü uşaq mahnılarının yaranmasına vəonların inkişafına həsr edən O.Zülfüqarov onu bu yaşda royalın qarşısından ayırmağın mümkünsüz olduğunu deyir. Arabir səhhəti pisləşsə də, barmaqlarının təsirindən səslənən royalın dillərindəki musiqilər onu ruhən cavanlaşdırır və sağlam edir. Uşaq Mahnı Teatrının yetirmələrini ətrafında görəndə isə əhvalı tamam başqa olur. Deyir ki, musiqidəki özbaşınalıq aradan götürülsə, hələ uzun illər yaşayacaq və yaradacaq: "Hazırda uşaqlar üçün mahnılar bəstələyirəm. Bundan başqa, fleyta və simfonik orkestr üçün əsər yazıram. Yeni əsərim nəvəm ƏminəZülfüqarova və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında bu yaxınlarda səsləndiriləcək".

 

Kaspi.-2006.- 30 sentyabr.- S. 20.