Mehdixanlı T.
Ötən əsrin ilk iliydi.
Şuşalılar bəxtəvər
çağlarını yaşayırdılar. Təbiət
sanki dil açıb danışmaq istəyirdi. Dağ
şəraitinə uyğun olmayan hərarət də
səngimək bilmirdi. Lakin günəş qürub edən
vaxtı qəfil şimşək çaxdı. Göydə
elə nərilti-gurultu başladı, sanki dünyanın sonu
yetişmişdi. Çox keçmədi iri damcılı
yağış yağdı. Bu ərəfədə
xəbər yayıldı ki, Aslan kişinin ailəsində
dünyaya oğlan uşağı gəlib. Müdriklər, təbiətin
sirrini anlayanlar tezcə həmin o körpənin
gələcək qismətini, bəxtini yozmağa
başladılar. Biri dedi: göy gurultusundan sonra bulud
çəkilər, səma aydın olar. Digəri də dedi
ki, ildırım çaxanda anadan olan uşağın
bəxt payını Yaradanımız verər. Dünya görmüş,
nurani-pirani bir ağsaqqal da fikrini belə bildirdi: su
aydınlıqdır, gurultu səsdir, şimşək
işıqdır. O uşaq Tanrının
övladıdır...
Yaranış tapdığı gündən Şuşa ox
olub namərdlərin, naxələflərin
gözlərinə batıb. Zaman-zaman o füsunkar diyarı
yerlə-yeksan etmək üçün cəhdlər
göstəriblər. Günahsız qanlar töküblər.
Lakin haqqın əzəli qanunu pozulmayıb. Şuşa ilin
dörd fəslində də qədir-qiymət bilən
sakinlərinin üzünə gülüb. Amma... 1905-1907-ci
illərdə Şuşa ilk dəfə ermənilər
tərəfindən zərbə aldı. Onda İsfəndiyarın
cəmi 6 yaşı vardı. O, hələ bilmirdi ki, milli
qarşıdurma nə deməkdir. Güləndə
qəhqəhəsi xalq mahnılarımızın
təranəsi kimi könül oxşayardı.
Nədənsə, kimdənsə küsüb-inciyəndə
gileyli həniri adama təsniflərimizin,
muğamlarımızın isti, həzin
çırpıntılarını xatırladardı.
Günlər-aylar ötüb keçirdi. İsfəndiyar
yaşa dolurdu. Tədricən İlahi payı olan avazı da
şirinləşir, sevilirdi. 15-16 yaşı olanda
qohum-qonşu, dost-tanış onun istedadından, səsinin
məlahətindən danışardı, adını
hörmətlə çəkərdi. Çünki üzündə
nur, baxışlarında cəlbedici qüvvə vardı.
Xoş, məlahətli səsini eşidənlər sanki
tilsimə düşərdilər.
Gənc ifaçının şöhrəti tezliklə
külli Qarabağa yayıldı. Günlərin birində
onun məlahətli səsindən, xoş avazından milli
musiqi mədəniyyətimizin karifeylərindən olan,
bənzərsiz muğam ustası mərhum İslam Abdullayev
də soraq tutdu. Onların ilk görüşü 1918-ci ilin
payızında, Ağdamın Novruzlu kəndindəki toy
məclisində oldu. Gənc İsfəndiyar
"Məndən gen gəzmə" mahnısını
oxuyurdu. Onun səsindəki doğmalıq çoxları kimi,
ustad xanəndəni də məftun etdi. O, gənc
həmkarını yanına çağırdı.
Görüşüb alnından öpdü. Əlini
saçlarına çəkdi. Şux qamətinə,
yaraşıqlı boy-buxununa diqqətlə, qayğıyla
baxdı. Handan-hana dedi:
- Oğul, sənin barəndə çox eşitmişəm.
İnanıram ki, sən xalqımızın iftixarı
olacaqsan.
Həmin görüşdən sonra İsfəndiyar
Cavanşirov Xan Şuşinski kimi tanınıb sevildi. O,
müxtəlif el şənliklərində, toylarda
oxuyardı.
1938-ci ildə İsfəndiyarı Bakıya - Azərbaycan
Dövlət Opera və Balet Teatrına dəvət
etdilər. Getmədi. "Şuşanın
dağları" mahnısının sözlərini
yazdı, musiqisini bəstələdi. Amma
"Şuşanın dağları başı
dumanlı..." misrasına görə onu xeyli incitdilər.
Hətta məcbur etdilər ki, "Şuşanın
dağları deyil dumanlı" oxusun. Yox, daş qayaya rast
gəlmişdi. Xan əmi ən amansız, rəhmsiz
dövrdə bəyan etdi: "Ölərəm, o cür
oxumaram" . Oxumadı da. Bütöv xarakter sahibi kimi
tanındı. Bu gün də Şuşanın
dağlarının başı dumanlıdır. Ruhun şad
olsun, Xan əmi, bir misra ilə dünyanın hər
yerindən görünən nisgilli tablo yaratmısan...
Otuz il əvvəli, fəslin bu vədəsini
xatırlayırıq. Xan əminin 75 illik yubileyinin
təntənəli, yüksək səviyyədə qeyd
olunması üçün söz, sənət,
sənətkar qədri bilən ulu öndər Heydər
Əliyev tapşırıq vermişdi. Azərbaycan
televiziyası da ustad ifaçının həyat və
yaradıcılığına həsr ediləcək
"Havalansın Xanın səsi!.." bədii-publisistik
veriliş hazırlamağı
planlaşdırmışdı. Onunla Şuşada, Natəvan
bağında görüşdük. Gəlişimizin
məqsədini dedik. O: "A bala, istidə niyə
əziyyət çəkib, bu qədər yol gəlmisiniz?..
Mənə deyirlər ki, sənin səsini Tanrı verib.
Şübhəm yoxdur. Amma belə bir məsəl də var:
"Allah-Təala buyurub: səndən hərəkət,
məndən bərəkət. Mənim səsim
Şuşanın simvoludur.
Elə ki, doğma diyarın havasını udmuşam,
ağrı-acılarım, gileylərim canımdan
çıxıb. Bəxtəvər günümdə,
ahıl vaxtımda uşaqlığım keçdiyi
yerlər məni çəkib bura gətirdi. Torpağın da canı, səsi
var. Gərək onun qədrini, dilini biləsən. Yoxsa
adamı bağışlamaz" - dedi.
Xan Şuşinski uzun müddət Dövlət
Filarmoniyasının solisti olmuşdu. Oxuduğu
mahnı-muğamlarda gəzişmələrdən,
zəngulələrdən məharətlə istifadə
etmişdi. Həmin illərdə "Şuşanın
dağları", "Məndən gen gəzmə", "Ay
gözəl" mahnılarını, "Mirzə Hüseyn
segahı", "Şahnaz", "Rast",
"Bayatı-Şiraz", "Qatar",
"Çahargah", "Mahur", "Heyratı",
"Şur" muğamlarını lentin yaddaşına
yazdırıb, bizlərə yadigar qoymuşdu. O, xeyirxah,
mərhəmətli insan kimi tanınmışdı.
Bəyəndiyi, səs diapazonuna inandığı gənc
həmkarlarına qayğı göstərərdi.
Azərbaycanı oba-oba gəzərdi. Dəfələrlə
Moskva şəhərində, böyük səhnədə
çıxış etmişdi. Bir neçə orden-medal,
mükafatlar almış, 1940-cı ildə isə "Xalq
artisti" fəxri adına layiq görülmüşdü.
İslam RZAYEV, Xalq artisti: - Xan əmini Yaradanımız
bizlərə bəxş etsmişdi ki, baxaq, görək
əsl insan, sənətkar necə olar. O, ömrünün
son anına kimi şərəflə yaşadı.
Əlibaba MƏMMƏDOV, Xalq artisti: - Dahi sənətkar Xan
Şuşinskini Bakının kəndlərində çox
sevərdilər. Nardaranlılar toy məclislərinə onu
dəvət edərdilər. Böyük ürəyi,
geniş qəlbi vardı.
Arif BABAYEV, Xalq artisti: - 38 yaşından Bakıda yaşasa da,
yarı canı Qarabağda, Şuşada qaldı. Nə
qədər ki, xalq mahnılarımız,
muğamlarımız səslənəcək, Xan əmi
də yaşayacaq...
Dünyada Xan əmi, Xan Şuşinski - İsfəndiyar Aslan
oğlu Cavanşirov da vardı. O göz
açdığı, mənalı ömür
yaşadığı, Tanrı qismətiylə
tanındığı aləmə, sevildiyi dünyaya
həmişəlik əlvida deyib. Ən acısı odur ki,
varlığı qədər sevdiyi, boya-başa
çatdığı müqəddəs torpaq da 13 ildir
düşmən tapdağı altında inildəyir.
Şuşanın işğaldan azad olma sorağından,
yəqin ki, ilk sevinən Xan əminin həmişəyaşar
ruhu olacaq.
Azərbaycan.-2006.-7 sentyabr.- S.
6.