Mehdixanlı T.
Dahi Ü.Hacıbəyovun təşəbbüsü
ilə yaranan Xalq Çalğı Alətləri Orkestrinin 75
yaşı tamam olur. Yaradıcı kollektiv bu müddət ərzində
çətin yol keçsə də, illərin
sınağından üzüağ çıxaraq
yaşayıb, həm respublikamızda, həm də onun
hüdudlarından uzaqlarda tanınıb. Kollektivin ilk bədii
rəhbəri və dirijoru Üzeyir bəyin təklifi ilə
unudulmaz bəstəkar Səid Rüstəmov olub. 1960-cı
ildə orkestr əməkdar kollektiv fəxri adına layiq
görülüb. 1974-cü ildən orkestrin bədii rəhbəri
və baş dirijoru xalq artisti, professor, bu günlərdə
70 yaşını qeyd edən Nəriman Əzimovdur. O
söhbət zamanı dedi:
- Gəncə şəhərində anadan olmuşam.
İkinci Dünya müharibəsinin qanlı-qadalı
vaxtlarında məktəbə getmişəm. Eyni zamanda orta
musiqi məktəbində oxumuşam. 1955-ci ildə Bakıya gəlmişəm,
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasının dirijorluq fakültəsində təhsil
almışam. Əmək fəaliyyətinə Dövlət
Televiziya və Radio Verilişləri Komitəsində
başlamışam. Bir müddət tar çalmışam,
sonra xor kollektivində xormeystr işləmişəm. Sənətdə
klassikləri görmüşəm. 1959-cu ildə Moskvada
keçirilən respublika "Ədəbiyyat və incəsənət
ongünlüyü"ndə Xan Şuşinski, Şövkət
Ələkbərova və Sara Qədimovanın ifa etdikləri
"Qarabağ şikəstəsi"nin səslənməsində
onları müşayiət edən musiqiçilərdən
biri də mən olmuşam.
N.Əzimov peşəsinə vurğundur. Onu daim axtaran,
düşünən, milli musiqimizin inkişafında
uğurlar qazananların nailiyyətlərinə sevinən
görmək mümkündür. O, Gülağa Məmmədov,
Nəzakət Məmmədova və bir çox başqa
tanınmış müğənnilərdən
qayğısını, köməyini əsirgəməyib.
Neçə-neçə bəstəkarın lirik, həzin
mahnılarının səslənməsində, lentə
alınmasında xidməti olub. Təbii ki, çəkdiyi zəhmət
də hədər getməmiş, vaxtaşırı qiymətləndirilmişdi.
1977-ci ildə əməkdar incəsənət xadimi, on
dörd il sonra isə respublikanın xalq artisti fəxri
adlarını alıb.
Tanınan ifaçı Yaşar Səfərov:
- Nəriman müəllim sadə, işinə qarşı
ciddi adamdır. Səsləndirəcəyimiz hər
mahnını dönə-dönə məşq edir,
iradlarını bildirir, əlavələrini deyir. O, kollektivin
üzvlərinə doğma münasibət bəsləyir.
N.Əzimov 1974-cü ildə Xalq Çalğı Alətləri
Orkestrinə yeni bədii rəhbər təyin olunanda Dövlət
Televiziya və Radio Verilişləri Komitəsinin sədri, mərhum
Qurban Yusifzadə demişdi:
- Dünya şöhrətli yaradıcı şəxsiyyət
Ü.Hacıbəyovdan qalmış bütün yadigarlar bizim
milli-mənəvi sərvətimizdir. Bu orkestr də dahi
Üzeyir bəyin qiymətli yadigarıdır. Kollektivə
yeni bədii rəhbər Nəriman Abbasqulu oğlu Əzimovu
təyin edirik. Ümidvarıq ki, o, şərəfli ənənəni
layiqincə davam etdirəcək.
N.Əzimov onlarla şən, şux, vətənpərvərlik
mövzusunda mahnılar bəstələyib. Onun "Ana
torpaq" (söz: T.Mütəllibovundur), "Millət
anası" (R.Muxtar), "Həyat bizimdir" (B.Vahabzadə),
"Ucal həmişə" (T.Mütəllibov), "Azərbaycanın
igid oğulları" (N.Nəbioğlu) və başqa
mahnıları tanınmış müğənnilər tərəfindən
ifa olunur, maraqla dinlənilir. O, uzun illərdir ki, pedaqoji fəaliyyətlə
məşğuldur. Ü.Hacıbəyov adına Azərbaycan
Dövlət Musiqi Akademiyasının Dirijorluq
kafedrasının professorudur. Tələbələrinə,
yetirmələrinə xalq və bəstəkar
mahnılarının incəliklərindən
danışır, vurğunu olduğu sənətin incəliyini
həvəslə tədris edir. Nəriman müəllimin
söhbətindən:
- Bir çoxları kimi, mənim də şöhrət tapmağım,
tanınmağım ötən əsrin 70-ci illərində
olub. Ulu öndərimiz başqa sahələr kimi, ədəbiyyata,
incəsənətə də qədərsiz qayğı
göstərirdi. Neçə-neçə görkəmli
söz-sənət sahibi məhz onun diqqəti sayəsində
keçmiş SSRİ-nin hüdudlarından uzaqlarda da
tanındı, sevildi. Ulu öndərin iştirakı ilə
keçirilən əksər tədbirlərdə rəngarəng
konsert proqramları ilə çıxış etmişik. Son dərəcə zərif duyumlu insan idi. Konsertin sonunda bizə yaxınlaşar, arzularımızı, istəklərimizi soruşardı. Kollektivimizin hər üzvünə qayğı
göstərərdi.
Ulu öndərin cənab İlham Əliyev kimi layiqli davamçısı var. Dövlət başçısı milli musiqimizin, mədəniyyət ocaqlarımızın, tarixi abidələrimizin inkişafına, bərpasına daim diqqət göstərir. Bədii rəhbər olduğum kollektivin neçə-neçə üzvü möhtərəm Prezidentin qayğısı sayəsində təltiflərə, mükafatlara layiq görülüb. Özüm Prezident təqaüdü alacağımı eşidəndə həddən artıq sevindim.
Azərbaycan.-2006.-28
sentyabr.- S. 6.