Aytən
Əcnəbi
rejissorlar Kiş kəndində film
çəkəcəklər
Gənc Kino
İstehsalçıları Assosiasiyası (AGFİA)
"Edem-2006" adlı yeni layihə hazırlayıb. Layihənin məqsədi
əsasən Azərbaycan, İran, Qırğızıstan
və Gürcüstandan olan gənc kino rejissorlarıyla iş
birliyi qurmaqdır. Assosiasiyanın prodüsseri Aynur
Mustafayevanın verdiyi məlumata görə, dünya
ölkələrinin gənc kino işçiləri
Şəkinin Kiş kəndinə toplaşacaqlar. Onlar
sentyabrın 15-dən oktyabrın 1-dək ssenari yazacaq və
qısametrajlı film çəkəcəklər.
Çəkiliş qrupuna Hollandiyadan olan ssenariçi və
rejissor Sander Blom rəhbərlik edəcək. Beynəlxalq
Rotterdam kinofestivalının nümayəndəsi Lyudmila
Svikova isə gənc rejissorların qonağı olacaq.
Artıq bir neçə ildir ki, bu festivalda qısametrajlı
filmlər də nümayiş olunur. L.Svikova seminarda
ötən il Rotterdam festivalında göstərilən
qısametrajlı filmlərin kolleksiyasını təqdim
edəcək. Eyni zamanda, sözügedən festivala
qatılmaq istəyən gənclərə bəzi
məsləhətlər verəcək.
Qeyd edək ki, layihə Gənclər və İdman
Nazirliyi və SOROS Fondunun "Əməkdaşlıq
nəticəsində reallaşan proqram"ı
çərçivəsində
gerçəkləşəcək. Gürcüstan,
Qırğızıstan və İrandan olan gənc
rejissorların seçimi artıq başa çatıb.
Onların Azərbaycandan olan həmkarlarının seçimi
isə sentyabrın 7-dək davam edəcək. Görəsən,
nəyə görə gənc kinorejissorların
görüşü Kiş kəndində təşkil
ediləcək? A.Mustafayeva məkanın təsadüfən
seçilmədiyini dedi: "Bir zamanlar alban kilsəsi olan
və indi tarixi muzeyə çevrilən alban abidələri
məhz burada yerləşir. Məsələ
burasındadır ki, layihə iştirakçıları
"dini səbirlilik" mövzusunda müzakirələr
aparacaq və bu mövzuda da film çəkəcəklər.
Onların ekranlaşdıracaqları 30 dəqiqəlik
bədii videofilm və yaxud bir film halına
gətiriləcək, sonradan üç 10 dəqiqəlik
rəvayətlər burada lentə alınacaq".
Assosiasiya prodüsserinin fikrincə, kütlənin
psixologiyasının formalaşmasında kinematoqrafiyanın
rolu böyükdür: "Bəzən hansısa filmin
premyerasından sonra dini "fırtına"ların
yaranmasının şahidi olmuşuq. Müsəlman
fanatiklərinin holland rejissoru Van Qoqu qətlə
yetirmələri, həm xristianların, həm də
yəhudilərin qəzəbinə tuş gələn
"İsa Peyğəmbərə üçüncü
qəsd", "İsanın ehtirası" filmləri buna
subutdur. Deməli, məqsədindən asılı olaraq, kino
müxtəlif dini təfəkkürlü insanların
psixologiyasına fərqli təsir göstərə bilər.
Yüzillər ərzində müxtəlif dini konfessiyalar
Azərbaycanda sülh şəraitində yaşamış,
onların liderləri isə siyasi korrektlik və dözümlülük
nümayiş etdirmişlər. Layihənin əsas
məqsədi kinonun müxtəlif dini konfessiyaların bir
araya gəlməsinə kömək edə biləcəyini
göstərməkdir".