Məhərrəmova T.

 

"Sənətin astanasından keçmişəm"

 

İlkin Əhmədov, xanəndə: "Mən hissiyyatsız oxuya bilmərəm"

 

"Srace" teleşirkətinin "Muğam-star" müsabiqəsini izləyənlər: "Görəsən, belə gözəl səs bu cavan oğlanda hardandır?" - deyə fikirləşirdilər. Musiqidən az-çox başı çıxanlar isə gözəl, hissiyyatlı səsin irsən keçdiyini yaxşı bilirlər. "Muğam-star" müsabiqəsinin qaliblərindən biri İlkin Əhmədov da bu fikri təsdiqləyib: "Səs bizdə irsən keçmədir" - deyir.

 

- Ata-anamın, nənəmin və dayılarımın gözəl səsi olub. Xüsusən İlyas dayımın çox şaqraq səsi vardı. Onun oxumasını eşidənlər mənim səsimi də ona oxşadırlar. Böyük qardaşım Cəbrayıl rayon musiqi məktəbini bitirdikdən sonra bir neçə müsabiqənin laureatı oldu. Ancaq o, bu sənətin dalınca getmədi, gəmiçi oldu. O biri qardaşımın da gözəl səsi vardı. O da biznesi seçdi. Kiçik qardaşım Rüfət Əhmədov isə kiçik yaşlarından dəfələrlə laureat adı qazanıb. Ancaq İncəsənət Gimnaziyasında oxuduğu illərdə keçid dövrü ilə əlaqədar onun səsi korlandı.

- Belə demək olarmı, bu gün nəsliniz təkcə sənin səsinlə təcəssüm olunur?

- 9-10-cu sinifdə oxuduğum illər səsimin dəyişməsi dövrünə düşdü. Demək olar ki, bu sənəti tamamilə unutmuşdum. Əvvəllər isə toy məclislərində, məktəbdə keçirilən tədbirlərdə çox ürəklə oxuyurdum. Keçid dövründə artıq başqa sahəyə getməyi qərara aldım. İqtisad Universitetinə daxil olmaq istəyirdim. Qardaşım onda İncəsənət Gimnaziyasında təhsil alırdı. 10-cu sinifdə ona bir həyan kimi həmin məktəbə gəlmişdim. Tale elə gətirdi ki, 11-ci sinifdə oxuyanda səsim düzəldi. Elə bil Allah qardaşımdan səsi alıb mənə verdi. Ustadlar yenidən bu sahəni seçməyimi məsləhət gördülər. Sənədlərimi İncəsənət İnstitutuna versəm , müəyyən səbəblərdən daxil ola bilmədim. Milli Konservatoriyanın yarandığı il sənədlərimi verdim həmin institutun ilk tələbələrindən oldum. Gözəl xanəndəmiz Arif Babayevin sinifində təhsil almaq mənə qismət oldu. Demək olar ki, ürəyim istəyən qədər muğam sənətindən bəhrələndim. Elə düşünürəm ki, Arif müəllimdən aldıqlarımı heç kimdən ala bilməzdim. Arif müəllimdə mənə qarşı doğma hisslər vardı. 4 il müddətində Arif müəllim mənə təkcə 7 muğam xalq mahnılarını yox, bütün muğam dəryasını anlatdı. Artıq Konservatoriyanı bitirmişəm Arif müəllimin məsləhətlərini gözləyirəm.

- Görkəmli ustadlardan biri: "Muğam bir dəryadır, hər gələn bu dəryadan yalnız bir damla götürə bilir" - deyib. Ancaq indiki gənclər çox iddialıdır: "Biz zirvəyə çatdıq, fəth elədik s" - deyirlər. Səndə belə güvənc yoxdur ki?

- Ustad çox gözəl deyib: "Muğam dəryasına baş vuran hər kəs yalnız bir ovuc götürə bilər". Bu, mənim sənət dostlarımın da fikridir. Bəlkə insanın 300-400 il ömrü olsa, o dəryadan çox şey götürə, başqa ifaçıdan fərqlənə bilər. Təəssüf ki, ömrümüz azdır. Muğam dəryasından tam bəhrələnən hələ olmayıb. Biz Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Zülfü Adıgözəlov, Hacıbaba Hüseynovu ustad sayırıq. Eşitdiklərimə oxuduqlarıma görə, onlar da etiraf ediblər ki, biz muğam dəryasından tam bəhrələnməmişik, bu, mümkün deyil.

- "Muğam-star" müsabiqəsi sizi çox tanıtdı. Sizə erkən populyarlıq qazandırdı. İndi özünü məşhur hesab edirsən?

- Başqalarını deyə bilmərəm, ancaq mənim fikrim budur ki, elə bil sənətin astanasından keçmişəm. Hələ sənətin 30 faizinə daxil olmuşam. Buna görə "Srace" teleşirkətinə, xüsusən Nadir Axundova təşəkkür edirəm. Muğamın, xalq mahnılarının gənclər tərəfindən sevilməsində "Srace"-in bu layihəsinin böyük təsiri oldu. Şirkət bizim tez populyarlaşmağımız, sevilməyimiz üçün şərait yaratdı. Ancaq tez ya gec sevilməyin fərqi yoxdur, vaxtsa sənət gəlib öz yerini tutur. "Mən bu gün populyaram, sevilirəm tanınıram" - deyə qətiyyən arxayınlaşmaq olmaz. Bu, insanı geri çəkən bir amildir.

- İndicə sənətin astanasında olduğunu dedin. Buraya qədər yol çətin idi, yoxsa bundan sonrakı yol?

- Astanaya qədər olan yollar həddindən çox çətin idi. Artıq astananı keçdik. İnsan bir anlığa üzdə olduğunu fikirləşir. Ancaq sonrakı işləri fikirləşəndə, daha çox çətinliklər meydana çıxır. Buna isə səbr, dəyanət, dözüm lazımdır. Ancaq sənət haqqında fikirləşməlisən. Sənəti pula satmaq, ucuzlaşdırmaq haqqında fikirləşmək lazım deyil. Sənəti tam dəqiqliyi gözəlliyi ilə tamaşaçıya çatdırmaq lazımdır.

- Tanınmış xanəndələrdən biri: "Mən öz oxuduğumu hiss eləmirəm" - deyib. Səncə hiss etmədən oxuduğunu dinləyiciyə çatdırmaq mümkündürmü?

- Mən öz oxuduğumu mütləq hiss edirəm. Mən hissiyyatsız oxuya bilmərəm, çünki oxuyanda insan bir anlıq özünə qapılır: "Necə edim ki, burada ürəyimin yanğısını çıxarım?" -deyə düşünür. Çox hissiyyata qapılan insanlarda gözlər yumulur. Hiss eləyib oxumaq tamam başqa şeydir.

- Çox xanəndələr "Çahargah" oxuyanda üzlərində muğama uyğun cəngavərlik, "Segah" oxuyanda qəm-kədər hiss olunur. Bəlkə yanlış bənzətmədir: belə anlarda xanəndələri aktyora da bənzətmək olur.

- Əlbəttə, bu, obraza girməklə müqayisə olunur. "Bayatı-Şiraz" ladı üzərində ifa edirsənsə, bu, açıq çöhrə tələb edir. "Segah" ladı üzərində oxuyursansa, bu, tamamilə sızıltı, iniltidir. Gözlər, üzün siması, mimikası hansı lad üzərində ifa etdiyini göstərir. "Şur" bir balaca qəmginliklə şadlığın sintezi, "Humayun" təmiz qəmginlikdir. Ancaq ağlamırsan, çalışıb kimisə düşündürürsən. "Segah"da isə ağladırsan. Bu lad üzərində oxumaq ağlatmağı tələb edir. "Çahargah" ladı istər-istəməz sifətin mimikasının bəzən coşqun, bəzən qəddar, bəzən yazıqlaşmış forma almasını tələb edir. Əgər muğamları ürəklə oxuyursansa, həmin hissiyyatla bağlı sifətin mimikası dəyişir.

- Bəs hissiyyatla oxuduğunun dinləyiciyə təsirini necə hiss etmək olur?

- Bu, ifaçının məharətindən asılıdır ki, tamaşaçının zövqünü tutsun. İfaçının oxuduğu özünə xoş gələ bilər. Eyni zamanda, sənəti, musiqini yaxşı bilən hər hansı sənətçiyə yaxşı təsir edə bilər. Ancaq sənəti kütləyə çatdırmaq üçün gərək bir balaca qısa oxuyasan, tamaşaçını yormayasan. Yəni "mənə ləzət eləməsə olar, amma tamaşaçıya ləzzət eləməlidir". Özündən kəsib tamaşaçıya verməlisən.

- Yəqin ki, hər bir xanəndənin öz dünyasına yaxın mahnısı olur.

- Arif müəllimi - öz ustadımı tam dərk eləməyənə qədər "Mahur" muğamı üstündə oxuyur, şaqraq zəngulələr vururdum. Ancaq Arif müəllimin yatımlı səsini hiss edəndən sonra üstünlüyü "Orta segah"a verdim. Bu muğamı ifa edən zaman beynimin hissləri ürəyimə daha çox yaxın olur, qəlbim daha da sakitləşir.

- Bir var o hissləri qavramaq, bir var təqlid eləmək. Heç olubmu, Arif müəllim sizə: "Məni təqlid eləməyin" - desin?

- Çox olub... O, bizə məsləhətini verib. Deyib ki, təbiidir, hiss edirəm ki, özünüzü mənə oxşatmaq istəyirsiniz. Mən özümü Arif müəllimə çox oxşatmaq istəmişəm bundan fəxr duymuşam. Hər bir ifaçı-xanəndə öz getdiyi cığırı tapana kimi mütləq özünü oxşatmalıdır. Bu, qədimdən qalan bir ənənədir.

- Konsertlərin birində Arif müəllim: "İlkin, zəhmətimi sənə halal edirəm" - dedi. Bu sözü onun dilindən ilk dəfə eşidirdin?

- Arif müəllim məni həmişə mükafatlandırıb. Ancaq bu sözlər mənim yol tapmaq məsələmlə bağlı idi. Düzdür, mən o konsertdə Arif müəllimin nəfəslərindən istifadə eləmişdim. Ancaq o mənə dedi ki, artıq arxayın oldum, öz cığırına doğru gedirsən. Bu, mənim sənətimə verilən böyük qiymətdir.

- Bu gün populyarlıq qazanmaq çoxmu asandır?

- Qətiyyən asan deyil. Bunun üçün çox böyük zəhmət, səs, təmiz sənət tələb olunur. Səs olandan sonra gərək yolunu azmayasan.

- Əminsənmi, heç bir şey - nə şöhrət, nə pul səni tutduğun bu yoldan azdırmayacaq?

- Məni bu yoldan yalnız səsimin batmağı azdıra bilər. Mən sənətimi səsimlə göstərirəm. Allah səsimi almasa, yolumdan azmaram. Bu sənətdə azdınsa, uçuruma gedirsən. Əgər sənətində məhv olursansa, bu, sənin həyatına da təsir edir. Muğam sənətini, xalq mahnılarımızı yaşatmaq, bu sənətin ağırlığını çiyinlərimdə daşımaq mənim qəti fikrimdir.

- Ürəyində səslənən mahnını hamı üçün oxuyub pərəstişkarlarına demək istəyirsən?

- Sevinirəm ki, həm yaşlı, həm cavan nəslin arasında pərəstişkarlarım çoxdur. Elə ifamla bildirmək istəyirəm ki, sənətim budur, mən belə ifaçıyam. Əgər sevilirsə, mənim üçün müsbət, əgər sevilmirsə, mənfi haldır.

 

 

Kaspi.-2006.-14 sentyabr.- S. 7.