Məhərrəmova
T.
"Biz özümüz
də tələb olunmamış nəsilik"
Elnarə Dadaşova, bəstəkar:
"Düşünülməmiş sözlərə qanad
verilmiş
bir əsərlə
kiminsə şüurunu korlamağa heç kəsin
ixtiyarı yoxdur"
Elnarə Dadaşova görkəmli bəstəkar Qara Qarayevin
sinfini bitirib. İnstitutu bitirdiyi vaxtdan - 1975-ci ildən Musiqi
Akademiyasında həm nəzəri, həm də
yaradıcılıqla bağlı fənlərdən dərs
deyir. Eyni zamanda, disertasiya
üzərində işləyir. Bəstəkar kimi
yaradıcılığında çox şeyə nail olsa
da, bugünkü həyatını yaradıcılıqdan
qoparılmış vaxtlar hesab edir. "Kaspi"nin müxbiri
ilə söhbətində bunun səbəbini maliyyə
problemi, musiqi aləmində yaranan xaosla
əlaqələndirib:
- Hal-hazırda bütün plenumlar,
qurultaylar və konsertlərdə ifa olunuram. Xaricilər
əsərlərimlə daha çox maraqlanır.
Əlbəttə, dünya üzrə səni
seçirlərsə, bu, sınaqdan üzüağ
çıxmaq deməkdir. Hazırda mən Rusiya, Almaniya,
Amerika, Türkiyə, İtaliya və s.
ölkələrdə ifa olunuram. Bu o demək deyil ki,
özüm bu əsərləri harasa təqdim
eləmişəm. Sadəcə, bu, yəqin ki, bir taledir. Gəlib arayıb-axtaranda
mənim əsərlərimi
seçiblər. Demək olmaz
ki, əsərlərimi
məxsusi kiminçünsə
bəstələmişəm. Adi yaradıcılıq peşəmlə
bağlı olaraq müraciət etdiyim janrlar, əsərlərdir.
Hətta,
Fransanın "Salamander" nəşriyyatı əsərlərimi
çap üçün
götürüb. Mən
Qara Qarayevin bəstəkarlıq sinfini
bitirib susan
insan deyiləm, yazıb-yaradan insanam. Ancaq eyni zamanda, acınacaqlı
nöqtələr də
var. İrihəcmli bir
sıra əsərlərim
ifasını illərlə
gözləyir. Bu axına düşmək bir qədər çətin olur. Fakturasına
görə müəyyən
məşq tələb
edən əsərlər
haradasa ifaçıları
qorxudur. Amma yenə
ümidimi qırmıram,
bilirəm ki, ifa olunacağam. Eyni zamanda, baletimin musiqisi yazılsa da, səhnə təcəssümünü tapmayıb.
Mənə dedilər ki,
sponsor tapmaq lazımdır.
Ancaq bir azəri qadını olaraq heç bir qapını açmadım.
Çünki bu, müəyyən
mənada mentalitetimizə
sığan şey deyil.
- Bu gün
bəstəkarların çoxu
sizin kimi çap olunmaqdan, ifaçı tapmadığından
şikayətlənir. Maneələr yalnız maliyyə ilə bağlıdır?
- Yalnız
maliyyə ilə... Bəstəkarlar İttifaqında
müəyyən şöbələr
var: hər hansı janrda əsər yazmısansa, gəlib özünü göstərə, sınaqdan
çıxara, hətta
rəy də ala bilərsən. Amma bunun arxasında maliyyə problemi duracaq. Onların
ifası, çapı üçün müəyyən pul
ödəməlisən. Bu isə bu gün problemdir. Gəlin, açıq
danışaq, bizim axı məvacibimiz də çox aşağıdır. Hətta əmək
haqları qaldırılandan
sonra da çox aşağıdır.
Bir bəstəkar, müəllim
olaraq xarici görkəminə də fikir verməli, oxumalı, konsertlərə
getməlisən. Susursansa, bu
o demək deyil ki, həyatından razısan. Əgər kimsə susursa,
"yəqin bu, onu birtəhər qane edir"- deyə düşünürlər.
Susuruqsa,
bu o demək deyil ki, biz qaneyik.
Biz reqresə doğru gedirik. Bu barədə düşünmək
lazımdır.
- Sizcə
nə üçün
klassik musiqi, ciddi mahnılar yazan bəstəkarlar kölgədə qalıb,
ancaq hansısa bayağı mahnılar yazanlar bu gün
daha çox populyardır?
- Yenə
də səbəb maliyyədir. Əgər siz öz bayağı mahnınızı
bayağı ifaçı
ilə də təmin edir, hardasa bir studiyanın
pulunu ödəyə
bilir, o mahnını ortaya çıxarmaq üçün kompyuter vasitəsilə abra salır və sonra efiri də
müəyyən yollarla
əldə edə bilirsinizsə, onda dinləyici də sizin olur. Dinləyici bununla da qane
olur və elə bilir ki, olan budur.
Hələ qədim yunanlar tərbiyəni musiqi ilə başlayırdılar. Elə məqamlar
var idi ki,
onları yaxına buraxmırdılar. Çünki bu, körpəni formalaşmaqda kasad eləyə, hardasa onun ruhuna pis
təsir edə bilərdi. Amma biz körpədən böyüyə qədər
hamını başlı-başına
buraxmışıq. Onlar nəyə
qulaq asır, nəyə baxırlar?
Biz romansa, mahnıya
söz seçmək
üçün nə
qədər kitabı
ortaya tökürdük.
O söz səni hər mənada qane etməli idi. İndi SÖZ heç bir
şey olub. Ağızlarına gələni yazıb-oxuyurlar.
Nə məntiq, nə bir tərbiyə,
nə də estetik münasibət var.
Bu mənada müasir gənclərimizə yazığım
gəlir. Bacardığımız sahədə nəsə edirik, ancaq bu,
çox məhdud bir çərçivədir.
Tələbə də getdikcə
azalır, ümumi səviyyə aşağıdır.
Musiqi və digər incəsənət növləri
əsasən daxildə
olan qabiliyyətdir.
Qabaqlar Filarmoniyada həftənin
10 günü də olsaydı konsertə baxardıq. Buna imkanımız da çatırdı. Ancaq bu gün bu, mümkündürmü?
Düzdür, bu gün rektorumuz Filarmoniya ilə əlaqə yaradır, tərtib olunan siyahılar əsasında oradakı konsertlərə düşürük.
Ancaq bu, məsələnin tam həlli deyil. Nə qədər cavanlarımız kənarda
qalır. Bilirsinizmi, bizdə
düşüncə formalaşmayıb.
Bizə elə gəlir ki, bir anın
içində hər
şey düzəlir,
ancaq elə deyil. Hər şeyin bir
anın içində
düzəlməsi üçün
bizim üzərimizdə
illərlə əziyyət
çəkilib. Uşaqlıqda film-operalara qulaq asmışıq. Elə
dahiyanə insanlarla oturub-durmuşuq ki... Bizim müəllimlər əsl
fədailər idi.
Musiqi aləminə özbaşına
gəlməmişik, nə
qədər insanın
üstümüzdə əziyyəti
var. Məhz onun nəticəsidir ki, musiqimizdə də sözümüzü deyə
bilirik. Yeniyetmələrimiz, gənclərimiz, istedadlı uşaqlarımız
çoxdur. Amma onlar
hansı əllərdədir?
Nə üçün istedadlı gənclərimiz
bu gün tələb olunmamış
kimi qalsın? Biz özümüz də tələb olunmamış nəsilik.
Məgər bizdən lazımınca
istifadə etmək olmazdımı? Ona görə
də bu boşluğu imkanlılar
doldurur. O da düşünmür ki, axı mən kiminsə mənəviyyatını
korlayıram. Düşünmür
ki, onun qəlbində, şüurunda
elə bir iz buraxır, bəlkə də onu kimsə dərhal öldürsəydi,
az günaha
batardı, nəinki saatlarla, dəqiqələrlə,
günlərlə onun
şüuruna bu cür təsir edilir. Bəzən fikirləşirlər ki, mahnıdır da, uçub getdi... Ancaq elə deyil.
Təsəvvür edin, bir məclisdə oturmusunuz, bir
mahnı çalınır və bu sizin ruhunuzu
oxşamır. Ancaq birdən elə musiqi çalınır
ki, qol götürüb oynamaq istəyirsiniz. İnsanlar Pifaqor
dövründən bu təsirdən düzgün istifadə
edərək çox gözəl nəticələr
əldə ediblər. Bu barədə çox ciddi
düşünmək lazımdır.
- Sizcə çıxış yolu
nədədir?
-
Mənə elə gəlir ki, ən yaxşı
ənənələr bərpa olunmalıdır.
Mədəniyyət evlərimiz var, məktəblərdə
dərnəklər ola bilər. Məvaciblər
artırılmalıdır. Dolanmaq üçün bir
neçə yerdə işləməli oluruq. Bəzən
elə yerdə işləyirik ki, o, heç bizim yerimiz deyil.
Bizdə dəyərli insanın qiymətini
ölümündən sonra versələr, böyük
şeydir. Biz Üzeyir bəy, Qara Qarayev kimi dühanı
lazımınca dünyaya çatdıra bilmirik. Heç
öz içərimizdə onları bilən yoxdur. Bəzən
tələbələrimiz içərisində onları
qarışdıranlar olur. Bu, faciədir.
Yadınızdadırsa, Böyük Vətən
müharibəsi illərində yubileylər keçirilir,
əsərlər ifa olunur, səhnəyə
çıxarılırdı. Onda insanları böyük
ideya birləşdirirdi. Alver nə qədər olar? Millətin əsl şairi,
müğənnisi, akademiki
olmalıdır. Belə
gedişlə biz heç
nəyə nail olmayacağıq.
Olanı
da itirəcəyik.
Bəlkə heç
o vaxt da ayılmayacağıq ki, bütün folklorumuz da başqasının adına yazılacaq.
Necə ki, torpaqlarımız başqasının əlindədir.
- Heç
şübhəsiz, itib
gedən mənəviyyatı
sonradan bərpa eləmək çox çətindir. Ancaq bu mənəviyyatdan
xırdaca bir işartı da qalıbsa, bəlkə də onun uğrunda
mübarizə aparmağa
dəyər. Sizcə
burda yaxşı musiqinin rolu nə ola
bilər?
- Çox
böyük... Heç olmasa
muğamlarımız efirə
çox verilməlidir.
O muğamlardakı dəyərli
sözlər, qəzəllər
uşaqdan böyüyə
qədər hər kəsə təsir edir. Düşünülməmiş sözlərə qanad verilmiş bir əsərlə kiminsə şüurunu korlamağa heç kəsin ixtiyarı yoxdur. Mənəviyyat elə musiqidən,
sözdən başlamalıdır.
Bu vəziyyətə çox acıyıram və düşünürəm
ki, danışmaqla heç nə düzəlməyəcək. Ancaq qlobal işlər görülməlidir. Nə
qədər geciksək,
bir o qədər bütöv bir nəsli itirmiş olarıq. Biz öz mentalitetimizə arxalanmalıyıq. İnsan öz
dilində, öz ana südü ilə bəhrələnərək
yaşa dolmalı və onu gələcək
nəsillərə ötürməlidir.
Ancaq biz nəsillərdən-nəsillərə ötürülən zənciri
itiririk. Üzeyir
bəy çox gözəl deyib: "Hələ də yatmışıq fil qulağında".
Kaspi.- 2006.-28 sentyabr.-
S. 7.